PDF Oxu

Sosial

  • 8

Mənəviyyat və kamillik nümunəsi olan görkəmli alim

Mənəviyyat və kamillik nümunəsi olan görkəmli alim

Dünən YAP Şamaxı rayon təşkilatının rayon mərkəzi xəstəxanasının kolektivi ilə birgə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 89-cu ildönümü ilə bağlı keçirilən tədbirdə partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdi. Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə rayon mərkəzi xəstəxanasının baş həkimi Elxan Məmmədov açaraq bildirdi ki, fitri istedada malik alim Zərifə xanım Əliyeva, həm də dünya təbabətində özünəməxsus yeri olan, hər bir Azərbaycan vətəndaşı üçün mənəviyyat və kamillik nümunəsi ola biləcək nadir şəxsiyyətlərdən idi: "1985-ci ilin bahar günündə dünyasını dəyişən, parlaq amalların, nəcib duyğuların, tükənməz həyat eşqinin təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hər il ehtiramla anılır".

E.Məmmədov Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişfındakı xidmətlərindən söz açdı. Natiq insan varlığının tibb elminin uğurlarından kənarda təsəvvür etməyin qeyri-mümkün olduğunu qeyd edərək, hər bir insanın taleyini öz taleyi kimi yaşamağı bacaran alimlərin gərgin əməyinin böyük əhəmiyyət kəsb etdiyini bildirdi: "Belə gözəl insanlardan biri də dünya oftalmologiya elminin görkəmli tədqiqatçısı, Azərbaycan oftalmologiya məktəbinin banilərindən biri, göz zədələnmələrinin müasir müalicə üsullarının yaradıcısı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevadır. Müqəddəs xatirəsi, ülvi insani keyfiyyətləri ilə mənəvi ucalığın zirvəsinə çataraq əbədiyyətə qovuşmuş, 89 illik yubileyinin işığına yığışdığımız Zərifə xanım Əliyeva Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda, ölkəmizin elm və mədəniyyətinə görkəmli ziyalılar bəxş edən, yaddaşımızda sadə, təvazökar, eyni zamanda, prinsipial bir insan kimi silinməz bir iz qoymuş Əziz Əliyevin ailəsində anadan olmuşdur. Bu saf mühit sonradan elmin gərgin zəhmət tələb edən pillələrində Zərifə xanımın xarakterində, insanlarla münasibətində öz əksini tapırdı. Bəlkə də, məhz bu mühitin təsirinin nəticəsidir ki, O, insan orqanizminin ən zərif və daha çox diqqət, məsuliyyət tələb edən üzvünü - insanın nur çeşməsini özünə tədqiqat obyekti seçdi."

Tədbirdə YAP Şamaxı rayon təşkilatı qadınlar şurasının sədri Nəzakət Abdulrazaqova çıxış edərək, bildirdi ki, 1985-ci ilin bu bahar günündə dünyasını dəyişən, işıqlı amalların, nəcib duyğuların təcəssüm tapdığı bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi hər il anılır. O, qədirbilən xalqımızın qəlbində əbədi yaşayır: "Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alıb. 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi əmək fəaliyyətinə başlayıb və bütün ömrünü oftalmologiyaya həsr edib. 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib".

"Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub" fikrini söyləyən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov bildirdi ki, O, Ulu Öndərimizə mənəvi dayaq, arxa olub: "Zərifə xanım yeganə akademik olub ki, göz xəstəliklərinin müalicəsi ilə əlaqədar zavodlarda, fabriklərdə, müəssisələrdə xüsusi laboratoriyaları var idi. Fəhlələri müalicə edib, çox insanlara şəfa veribdir".

B.Abbasov onu da vurğuladı ki, bütün həyatı boyu Ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə Əliyevanın alim kimi xidmətlərində bir məqam diqqəti xüsusilə çəkir: "O, malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan atası Əziz Əliyevin yolunu uğurla davam etdirib, oftalmologiya elminə çox böyük töhfələr verib. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal kəşflərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülüb. O, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim idi".

Tədbirdə rayon ağsaqqallar şurasının sədri Aydın Alcanov, həkim-oftalmoloq Gülnarə Xanlarova, həkim-cərrah Səməd Fətəliyev və başqaları çıxış edərək, bildirdilər ki, akademik Zərifə xanım Əliyevanın fitri istedada malik novator alim, pak və nəcib bir insan kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Çıxış edənlər onu da vurğuladılar ki, sönməz Zərifə xanım ziyası, əbədi yaşayan Zərifə xanımın xatirəsi həmişə qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər