PDF Oxu

Sosial

  • 15

Müxalifət sosial bazasının tükəndiyini qəbul etməlidir

Müxalifət sosial bazasının tükəndiyini qəbul etməlidir

Dağdıcı müxalifətin bir çox siyasi sferalarda ardıcıl məğlubiyyətə uğraması bütövlükdə düşərgənin yararsızlığını göstərən başlıca amil kimi dəyərləndirilməkdədir. Və bütün bunların müqabilində ayrı-ayrılıqda partiyalarda gedən parçalanmalar da düşərgənin iflasa uğramasına geniş şərait yaradır. Belə ki, bu və ya digər formalarda şəxsi mənfəətlərini xalq və dövlətçilik mənafelərindən üstün tutan partiya "liderlərinin" öz aralarında apardıqları daxili savaşlar da düşərgəni uçuruma doğru aparan amillərdən biri kimi qeyd olunur. Bu baxımdan, partiyaların maliyyələşməsi kimi mühüm məqamlar çərçivəsində müxtəlif "pretenziyalarla" çıxışlar edən bəzi müxalifət partiya sədrləri bu kimi iddiaları və əsassız tələbləri ilə, əslində, maliyyələrinin haradan, necə qaynaqlandığını daim gizlində saxlayırlar.

Mətbuata verdiyi açıqlamasında müxalifətin qarşılaşdığı məsələlərə dair münasibətini bildirən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov ilk öncə xatırladıb ki, bu günə qədər Yeni Azərbaycan Partiyası tədbirlərini təşkil etmək, partiya Aparatının saxlanılması, beynəlxalq tədbirlərin keçirilməsi və digər bu kimi texniki təchizat məsələlərini öz vəsaiti hesabına həll edir. Eyni zamanda, YAP-ın 560 min üzvü var və təşkilat üzvlük haqqının hesabına maliyyələşir: "Bu proses şəffaf şəkildə aparılır. Hər bir işləyən partiya üzvü bir manatdan az olmamaq şərti ilə ayda üzvlük haqqı ödəyir. Təqaüdçülərdən, tələbələrdən və işsizlərdən partiyamız üzvlük haqqı almır. Bəzi təşkilatlarımızda bu əmək haqqının bir faizidir, bəzi təşkilatlarda isə bir manatdan az olmayaraq üzvlük haqqı ödənilir. Yəni bir manat ödəyən var, iki, üç manat ödəyən var və bu şəkildə üzvlük haqqı toplanılır. Bu da kifayət edir ki, Yeni Azərbaycan Partiyasının həm rayon-şəhər təşkilatlarında, həm də Mərkəzi Aparatında ştatda işçilər fəaliyyət göstərə bilsin. O cümlədən, müəyyən layihələr reallaşsın, tədbirlər keçirilsin, xaricdən gələn qonaqlar qarşılansın və buradan xaricə ezam edilənlər maliyyələşdirilə bilsin".


"Sual olunur ki, bəs onda

İsa Qəmbər hava ilə dolanır?!"


YAP rəsmisi təmsil olunduğu təşkilatdan fərqli olaraq, müxalifət partiyalarının maliyyələşmə məsələsində qapalı olduqlarını, necə və hansı şəraitdə maliyyə əldə etdiklərini xalqdan gizlətmələrinə də münasibətini açıqlayıb. Belə ki, bu günə kimi YAP-ın dövlət tərəfindən maliyyə alması ilə bağlı fikirlər səsləndirən partiyalar neçə illərdir fəaliyyət göstərməsinə baxmayaraq, nə seçkilərdə, nə seçkilərdən sonra, nə də bütün dövr ərzində öz maliyyə mənbələri haqqında məlumat verməyiblər: "Baxmayaraq ki, ştatlı aparatları var, o aparatda çalışanlar başqa heç bir yerdə işləmirlər. Orada işlədikləri üçün əmək haqqı alırlar, amma bu əmək haqqının mənbəyi haradır, o məlum deyil. Bildiyiniz kimi, İsa Qəmbər prezident seçkilərində prezidentliyə namizəd kimi maliyyə hesabatı verməli idi, öz gəlirləri haqqında deklarasiya təqdim etməli idi. 20 ildir onun gəlirlərinin qarşısında sıfır rəqəmi yazılır, yəni onun heç bir gəliri yoxdur. Sual olunur ki, bəs onda İsa Qəmbər hava ilə dolanır?! O, digər tərəfdən ailə başçısıdır, ailəsini saxlamalıdır. Onun gəlir mənbələri barədə mənim informasiyam var. Çünki mən Prezidentin səlahiyyətli nümayəndəsiyəm, mən istənilən prezidentliyə namizəd olan şəxsin sənədlərini qaldırıb baxmaq hüququna malikəm və mən sənədlərə baxmışam. Sənədlərdə il ərzində onların heç bir gəliri olmadığı göstərilir. Bu 20 ildə göydən dollar, avro yağmayıb ki, bunlar haradan maliyyələşir? Əslində, onlar siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinin üzdə deməsələr də, gizlində əleyhinədirlər".


"Amerikanın keçmiş səfiri dedi ki, axı orada 800 insan vardı, biz hər şeyi

müşahidə etmişik, niyə bizə

yalan deyirsiniz"


Dağıdıcı müxalifətin növbəti mitinq keçirmək iddiaları haqqında fikir bildirən YAP İcra katibinin müavini Siyavuş Novruzov düşərgə "liderlərinin" irəli sürdükləri əsassız ittihamları ilə razılaşmadığını qeyd edib: " Qətiyyən bu fikirlərlə razı deyiləm. Biz, hətta istərdik ki, onlar hər həftə mitinq keçirsinlər. Sadəcə olaraq, hakimiyyət mitinq üçün hər bir rayonda qanunun tələbinə uyğun olaraq müəyyən yerlər ayırıb. Səbaildə də, Xətaidə də, Sabunçuda da və digər rayonlarda da mitinq keçirmək üçün yerlər ayrılıb. Onlar Səbaildə olan müvafiq yeri seçiblər və o yer tam abadlaşdırılıb, yolları isə qaydasındadır. Orada mitinq keçirmək üçün heç bir əngəl törədilməyib. Ümumiyyətlə, müxalifət əgər öz fikrini, ideyasını əhaliyə çatdırmaq istəyirsə, deməli, mitinq yaşayış massivilərinə yaxın yerlərdə keçirilməlidir. Orada yetərincə sakin yaşayır, kifayət qədər marşrut işləyir. Sadəcə, mitinqə adam yığılmır və onlar deyə bilməzlər axı heç kim gəlmir, onları dəstəkləmir. Arada bir elan edirlər ki, filan yerdə avtobus saxlanılıb. Bu, tamamilə yalan informasiyadır. Mitinq müddətində biz dəfələrlə o yoldan keçmişik və heç bir əngəllə qarşılaşmamışıq, əhali də marşrutlarla istənilən yerə gedib-gəlirdi. Sadəcə olaraq, onların mitinqinə insanlar gəlmir. Sadəcə, müxalifət gördü ki, onların sosial bazaları mövcud deyil, Azərbaycan ictimayyəti tərəfindən dəstəklənmirlər. Mitinqə yığışan jurnalistlər, mühafizəçilər mitinq iştirakçilarından qat-qat çox olur. 40-a yaxın təşkilatın mitinqdə iştirak etdiyini deyirlər. Elə həmin təşkilatlardan olan insanların qohumları, tanışları mitində iştirak edirlər. Mən qeyd etmişdim ki, bir hörmətli adamın cümə axşamına müxalifətin mitinqindən daha çox adam gedir. Bu gün elmi-texnologiyanın ən yüksək nəticələri var. Elə çəkiliş kameraları var ki, onların vasitəsi ilə mitinqdəki insanların sayını müəyyənləşdirmək mümkündür. Mən dəfələrlə görmüşəm ki, xarici təşkilatların nümayəndələri o aparatlar vasitəsilə elə avtomobillərindən mitinqdə iştirak edən əhalinin sayını müəyyənləşdirirlər. Necə ki, vaxtilə Müsavat başqanı deyəndə mitində minlərlə adam çıxarmışıq, Amerikanın keçmiş səfiri dedi ki, axı orada 800 insan vardı, biz hər şeyi müşahidə etmişik, niyə bizə yalan deyirsiniz. Yenə deyirəm biz onların hər həftə, hər gün mitinq keçirməsinin tərəfdarıyıq. Onların təhlükəsizliyinə Azərbaycan dövləti tam qarantiya verir. Sadəcə olaraq, onlar mitinq keçirmək iqtidarında deyillər".


"İsa Qəmbər Azərbaycanda 0,1 % səs ala bilməyəcək, heç lazım olan

imzaları toplaya bilməyəcək"


Mitinq keçirməyin əsas səbəbkarı və bu məsələni ortaya atanın məhz Müsavat partiyası olduğunu deyən Siyavuş Novruzov əlavə edib ki, Müsavatda qurultayın olacağı, yeni başqanın seçilməsi məsələsi gündəmə gəldikdən sonra insanları yayındırmaq üçün mitinq mövzusu ortaya atılıb: "Çünki seçkilərlə bağlı çox böyük problemlər var. Müsavatçıların böyük əksəriyyəti İsa Qəmbərin partiya sədri olmağını istəmirlər. İllərdi o, təşkilatı geriyə aparıb, parçalanıb, partiyanın yaradıcıları, ilkin üzvləri istefa verib oradan gediblər. Orada qalan bir neçə nəfər var ki, onların da Müsavata aidiyyatı yoxdur, başqa təşkilatlardan gələn şəxslərdir. Onlar isə seçkiləri cəmiyyətin yaddaşından çıxarmaq üçün əsas fokusu mitinqlərə yönəldiblər. Bu yolla vaxtı uzatmaq və İsa Qəmbəri 2013-cü ildəki prezident seçkilərinə çıxartmaq istəyirlər. Buna heç bir lüzum yoxdur, o, Azərbaycanda 0,1 % səs ala bilməyəcək, heç lazım olan imzaları toplaya bilməyəcək. Bu mitinqlər nəticəsində, aydın oldu ki, onların heç bir sosial bazası yoxdur. Onların iki əsas məqsədi var, qarşıdurma yaratmaq məqsədi ilə mayın 6-da keçiriləcək mitinq üçün müxtəlif yerlər təklif edəcəklər. Çünki tapşırıq bundan ibarətdir. Və digər məqsəd Müsavatda keçiriləcək qurultaydan diqqətləri yayındırmaqdır".


"Almaniya qəzetlərində Əli Kərimlinin mütəmadi müsahibələrini dərc edirlər... Burada artıq xoruzun quyruğu görünür"


YAP İcra katibinin müavini "Eurovision" öncəsi bəzi xarici mətbuatlarda, xüsusilə də, alman mətbuatında Azərbaycan haqqında xoşagəlməz məqalələrin dərc olunması barədə danışarkən, vurğulayıb ki, burada erməni lobbisinin rolu mövcuddur. Lakin Azərbaycan beynəlxalq tədbirləri hər zaman ən yüksək səviyyədə keçirib: " Cənab Prezident də hökumətin hesabatında qeyd etdi ki, müəyyən qüvvələrin bu məsələdə maraqları var. Burada erməni lobbisinin və bizi sevməyən ölkələrin rolu var. Azərbaycan beynəlxalq tədbirləri yüksək səviyyədə keçirir, həm siyasi tədbirləri, mədəniyyət tədbirlərini, həm də idman yarışlarını ən yaxşı şəkildə reallaşdırır. Bundan öncə Qəbələdə neçə dəfə musiqi festivalı keçirilib və dünyanın ən aparıcı, ən məşhur bəstəkarları, musiqiçiləri orada iştirak ediblər. Azərbaycan "Eurovision"u da ən yüksək səviyyədə keçirəcək. Həm təhlükəsizlik baxımından, həm təminat, həm texnika baxımından, bütün təşkilati baxımdan hər şey təkrarolunmaz olacaq. Bundan sonra "Eurovision" hansı ölkədə keçiriləcəksə, o ölkə çox çətinlik çəkəcək. Müəyyən dövlətlərin Azərbaycanda maraqları var. Azərbaycana təzyiq göstərməklə, hansısa güzəştli şərtlərlə sərvətlərimizdən istifadə etmək, Azərbaycandakı müəyyən layihələrdə iştirak etmək istəyirlər. Bu qüvvələr də öz mətbuat orqanlarında böhtanla, şantajla məşğul olurlar. Dünənə kimi Azərbaycanla Almaniya arasında çox yaxşı münasibətlər vardı. Artıq Almaniyanın maraqları ortaya çıxdığı tərzdə burada onlara işləyən müəyyən qüvvələrdən istifadə edirlər. Almaniya qəzetlərində Əli Kərimlinin mütəmadi müsahibələrini dərc edirlər. Beş il bundan öncə niyə dərc olunmurdu?! O, müsahibələr də Azərbaycanın heç bir problemi ilə bağlı, Qarabağla, qaçqınlarla, Ermənistanın işğal etdikləri Azərbaycan torpaqlarında narkotik dövriyyəsi, qanunsuz silahların toplanması ilə bağlı bir kəlmə də yazılmır. Ancaq Azərbaycanın daxili məsələləri ilə bağlı materiallar dərc olunur. Burada artıq xoruzun quyruğu görünür".


RÖVŞƏN RƏSULOV

Digər xəbərlər