Biz dəfələrlə mövqeyimizi bəyan etmişik ki, Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların getdiyi bir zamanda erməni qoşunları Azərbaycan ərazisində qalmamalıdır. Bunu SİA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, atəşkəs rejimi olmasına baxmayaraq qurbanlarımızın sayı durmadan artır. Bu da məhs ermənilərin atəşkəsə əməl etməmələri nəticəsində həm dinc insanların, həm də əsgər və zabitlərin həlak olması ilə nəticələnir: "Təbii ki, qoşunlar çıxarılmalıdır, ondan sonra Qarabağın statusu haqqında söhbətlər, iki ölkə arasında münasibətlər, icmaların gələcək münasibətləri konkret həllini tapa bilər. Bu bir daha onu göstərir ki, Ermənistan təcavüzkar niyyətindən əl çəkmir, atəşkəs müqaviləsinin şərtlərinə əməl etmir və konstruktiv əməkdaşlıqdan qaçaraq hər zaman hadisəni gərginləşdirməyə və Azərbaycanı provakasiyaya çəkməyə cəhd göstərir".