Mayın 1-dən BMT Təhlükəsizlik Şurasında (TŞ) bir ay müddətinə sədrlik Azərbaycana keçəcək. İlkin məlumatlara görə, Azərbaycan tərəfinin prioritetləri təhlükəsizlik məsələləri olacaq. Bundan əlavə, Kosovo və Bosniya problemləri üzrə debatlar keçiriləcək. Mayın 4-də TŞ-nin iclasına dövlət başçısı İlham Əliyev rəhbərlik edəcək. Həmin gün terrorizmə qarşı mübarizə məsələləri üzrə debat olacaq. Ehtimal ki, erməni terroru nəticəsində ölkənin zərər çəkməsi məsələsinə də toxunulacaq.
TŞ-yə sədrlik Azərbaycan üçün böyük önəm daşıyır
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev BMT radiosuna müsahibəsində bildirib ki, ölkənin tarixində ilk dəfə olaraq, Təhlükəsizlik Şurasına üzvlük və indiki sədrlik Azərbaycan üçün çox böyük önəm daşıyır. A. Mehdiyev ümidvar olduğunu bildirib ki, şura Kofi Annanın altı bənddən ibarət dəstək planının əsasında Suriya üzrə birliyi saxlaya biləcək. O, Sudan və Cənubi Sudanın üsyançı qruplaşmanı dəstəkləməyə son qoymasına tərəfdar olduğunu bildirib. Nüvə silahının yayılmamasına gəlincə, daimi nümayəndə bildirib ki, şura KXDR mövzusuna qayıdacaq. Çünki apreldə Şimali Koreya peykinin buraxılmasını pisləyən qətnamə ilə əlaqədar qəbul olunmuş hesabat mayda təşkilata daxil olacaq. İran məsələsinə gəlincə, bu məsələ şuranın may ayı üçün nəzərdə tutulan iş proqramına daxil deyil.
Ölkəmiz bu gün elə bir statusdadır ki...
Politoloq Elman Nəsirovun sözlərinə görə, Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik etdiyi müddətdə müzakirə olunacaq məsələlərin gündəliyini formalaşdırmaq hüququ var: "Müzakirə olunacaq məsələlərin siyahısı genişdir. Əsas diqqət Yaxın Şərq və nüvə silahının yayılmaması, terrorizmə qarşı mübarizə, Balkanlarda vəziyyət və Suriya böhranının nizamlanmasına yönələcək. Bu bir ay müddətində Azərbaycan dünyanı narahat edən, haqqında bəhs etdiyimiz və digər məsələlərlə bağlı çox ciddi müzakirələrin keçirilməsi üçün sədrlik funksiyasını həyata keçirir. Bu, çox mühüm hadisədir. Bilirsiniz ki, Azərbaycan kiçik dövlətdir. Amma bu gün elə bir statusdadır ki, qlobal problemlərin, dünyanın müxtəlif regionlarındakı qaynaq nöqtələrlə bağlı məsələlərin müzakirə olunduğu BMT-də ən azı bir ay ərzində əsas söz sahibidir və sonrakı iki il ərzində qeyri-daimi üzv kimi fəaliyyət göstərəcək.
Azərbaycan diplomatiyası unikal bir şans əldə edib
Politoloq may ayını Azərbaycan üçün kifayət qədər uğurlu ay hesab edir: "May ayı ərzində Azərbaycan həm BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edəcək, həm də Avropanın ən nüfuzlu mahnı yarışmasında ev sahibi olacaq. Bunlar çox mühüm hadisələrdir və ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan diplomatiyası may ayı ərzində BMT çərçivəsində də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində yaxşı fürsət qazanıb. Xüsusilə, terrorizmlə bağlı məsələlərin müzakirəsi zamanı Ermənistanın dövlət terrorizmi siyasətinin ifşa olunması baxımından və onların terror siyasətinin hədəfində, əslində, bütün sivil bəşəriyyətin, xüsusilə də, onun tərkib hissəsi olan Türkiyənin və Azərbaycanın olduğunu faktlarla, arqumentlərlə dünya ictimaiyyətinə çatdırmaq üçün çox unikal bir şans əldə edib".
Elman Nəsirov hesab edir ki, bu şansdan Azərbaycan diplomatiyası çox geniş, səmərəli şəkildə istifadə edəcək: "Ölkə Prezidenti İlham Əliyevin həmin məsələlərlə bağlı müzakirələrdə iştirakı, təbii ki, Azərbaycan haqqında həqiqətlərin və eyni zamanda, Ermənistanın aqressiv siyasətinin dünyaya çatdırılmasında mühüm rol oynayacaq".
Dünyanın üzləşdiyi ən aktual problemlər müzakirə ediləcək
Rəsmi Bakı isə bəyan edir ki, Azərbaycan 1 ay ərzində Şuraya sədrlik edəcəyi müddətdə dünya ictimaiyyətinin üzləşdiyi ən aktual problemlərin müzakirəyə çıxarılmasının tərəfdarı olacaq. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Elman Abdullayev deyir ki, təhlükəsizlik məsələləri hər zaman Azərbaycanın diqqətində olacaq: "Bizim yerləşdiyimiz regionun təhlükəsizliyi hazırda təhdid altındadır. Terrorizmlə beynəlxalq mübarizə də diqqət mərkəzində olacaq. Çünki Azərbaycan da terrordan əziyyət çəkən bir ölkədir". Qeyd edək ki, Azərbaycan bir aydan sonra sədrliyi Çinə təhvil verəcək.
Cabir