Azərbaycanın Şuşa şəhərinin işğalından 20 il ötür. Dağlıq Qarabağın mühüm hərbi-strateji məntəqəsi olan Şuşa 1992-ci il mayın 8-də işğal edilib. Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə 195 nəfər soydaşımız həlak olub, 165 nəfər yaralanıb, 58 adam əsir düşüb. Şəhərin işğalı zamanı erməni qəsbkarları yüzlərlə tarixi-mədəni abidəni dağıdıblar, məbədgah və məscidləri təhqir ediblər, çox sayda nadir əlyazma nümunələrini məhv ediblər, təhsil və səhiyyə ocaqlarını xarabazara çeviriblər. Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı ölkə Prezidenti İlham Əliyevin "Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 20-ci ildönümü haqqında" imzaladığı Sərəncamına əsasən Azərbaycan ərazisində və ölkənin hüdudlarından kənarda Şuşanın işğalı ilə bağlı anım tədbirlərinin keçirilməsi qərara alınıb. Eyni zamanda, Prezident Administrasiyasına tapşırılıb ki, faciəvi tarixlə bağlı tədbirlər planını hazırlasın.
Xəyanət haradan başladı?
8 may 1992-ci ildə Şuşa Ermənistan hərbi birləşmələri tərəfindən işğal olunub. Şuşanın işğalında bu gün hakimiyyətə gəlmək istəyən dağıdıcı müxalifətin də müstəsna "xidmətləri" olub. Belə ki, o zamanda da hakimiyyətə gəlmək istəyən dağıdıcı müxalifət xəyanətlər yolu ilə işğal olunmuş torpaqların adından sui-istifadə edərək, hərbi çevriliş nəticəsində iqtidarı ələ keçirdi. Dədə-baba torpaqlarımız düşmən tapdağı altında olarkən qaragüruhçu qüvvələrin silah-sursatla paytaxta cəmləşmələri yalnız hakimiyyət hərisliyi ilə alışıb-yanmaları sonradan daha bir neçə qəsəbə və şəhərlərimizin erməni qəsbkarlarının əlinə keçməsi nəticəsində işğal edildi. Bu baxımdan Şuşanın işğal olunmasında naşı hakimiyyətlə yanaşı, bugünkü müxalifətin rolunun olması bir çox faktlarla təsdiq edilir.
Necə oldu ki, Şuşa
işğal olundu?
Üstündən 20 il keçəndən sonra da çoxlarını bu sual düşündürür: necə oldu ki, Şuşa işğal olundu?
İmperiyanı qoruyub saxlamaq üçün milli zəmində açıq müharibə aparılırdı. Ölkəmiz, sözün əsil mənasında, böyük imperiya tərəfindən təkləndi və mütəmadi olaraq terrorçuluq Azərbaycanda geniş miqyas aldı. Guya Dağlıq Qarabağda ermənilərin hüquqları tapdalanır, azsaylı xalq kimi onlar sıxışdırılır. Ona görə də təpədən-dırnağa kimi silahlanmış ermənilər Qarabağın bütün ərazisində silahlı toqquşmalar yaratdılar. Onların məqsədləri Qarabağı Ermənistana birləşdirmək idi. Sözsüz ki, SSRİ rəhbərliyində olan bəzi simalar da erməni millitarizminə böyük dəstək verirdi. O dövrdə Azərbaycanın səriştəsiz rəhbərləri çıxılmaz vəziyyətdə qalmış, bu taleyüklü problemin həllinin tapılmasının fərqinə varmadılar. Ona görə də respublikanın daxili və xarici siyasətində zəifliyi görən ermənilər daha da azğınlaşdılar. Düşmən öncə Kəlbəcərin, Şuşa, Laçın və Ağdamın alınmasına xüsusi maraq göstərirdi. 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri Şuşa şəhərinin işğalı ilə bağlı əməliyyat keçirdi. Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam etdi. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum etdi. Hücum Rusiyanın öncədən ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyilə həyata keçirildi.
HAKİMİYYƏTSİZLİK
Parlamentin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü, millət vəkili Elman Məmmədov məsələ ilə bağlı bildirdi ki, həmin vaxt müdafiə naziri Rəhim Qazıyev idi. Şuşanın işğalının əsas səbəbi həmin dövrdə ölkədə hakimiyyətsizliyin olması və Azərbaycan Silahlı Qüvvələrinin yeni yaranması idi. Hakimiyyətə gəlmək istəyən müxtəlif qüvvələrin yaratdığı könüllü batalyonlar cəbhələrdə vuruşurdular. Onların da bir çoxu bu vaxt Bakıya çağırılmışdı. Bu Şuşa-Laçının işğalı üzrə cinayət işinin materiallarında da var. Həmin dövrdə Azərbaycanda hakimiyyət yox idi. Azərbaycan Müdafiə Nazirliyi 1991-ci ilin oktyabrında yaradılsa da, faktiki ordu da yox idi. Heç bir hazırlığı, səriştəsi, döyüş təcrübəsi olmayan silahlı dəstələr vardı. İkinci bir tərəfdən həmin ərəfədə Azərbaycanda hakimiyyət böhranı idi. Siyasi hakimiyyət həddindən artıq zəif idi. Səfərbərliyi, idarəetməni bacarmırdı. Başqa bir tərəfdən, imperiya siyasəti yeridilirdi. Məhz bu siyasətin nəticəsində ŞUŞA XƏYANƏTİN QURBANI OLDU!
Elə bütün torpaqlarımızın xəyanəti kimi. Bu xəyanət lap ağrıdıcı idi. Özümüzdən olan xəyanət bıçağı kürəyimizə saplandı və bu xəyanət məğlubiyyətə, torpaqların işğalına gətirib çıxartdı. Lakin məğlubiyyət heç də müharibəni uduzmaq deyil. Azərbaycanın İlham Əliyev kimi Ali Baş Komandanı var. Qələbə yaxındadır, tezlikə bütün Azərbaycan xalqı bunu görəcək.
R.HÜSEYNOVA