PDF Oxu

Sosial

  • 15

Şuşanın işğalının 20-ci ildönümü

Şuşanın işğalının 20-ci ildönümü

Məlum olduğu kimi, Azərbaycanın dilbər guşəsi olan Şuşanın Ermənistan tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. "Sizcə, bu Sərəncam Azərbaycan həqiqətlərinin və Şuşa yarasının bir daha dünya birliyinə çatdırılmasında və beynəlxalq aləmin bu ağrılı münaqişənin həllinə yönəldilməsində əhəmiyyəti hansı formada dəyərləndirilə bilər" sualı ilə politoloq Elman Nəsirliyə müraciət etdikdə, o bildirdi ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı atdığı bütün addımların hamısı son nəticədə ona ünvanlanıb ki, bu münaqişənin həllinə kömək olsun. Eyni zamanda, bu cür addımlarla beynəlxalq ictimaiyyətə Azərbaycan həqiqətləri çatdırılsın.

Yəni, Ermənistanın işğalçılıq siyasətinin mahiyyətini açan nəticələri göstərsin. Hər zaman işğalçı ölkə olan Ermənistan çalışır ki, beynəlxalq ictimai fikrə özünü sülhpərvər ölkə kimi tanıtsın. Bu baxımdan da, Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlardan imtina etmir. Amma nəticə etibarı ilə işğalçı ölkənin bütün fəaliyyəti ona ünvanlanıb ki, status-kvo vəziyyətini qoruyub saxlasın. Hesab edirəm ki, Prezident İlham Əliyevin Şuşanın işğalının 20 illiyi ilə bağlı imzaladığı Sərəncam bilavasitə Ermənistanın işğalçılıq siyasətinin acı nəticələrini dünyaya çatdırmaq baxımından əhəmiyyətlidir. Eyni zamanda, bildiyiniz kimi, bu Sərəncamdan irəli gələrək, Azərbaycanın diasporası müxtəlif ölkələrdə Şuşanın işğalı ilə bağlı tədbirlər keçirəcəklər.

Politoloqun sözlərinə görə, bütün bunlar hamısı nəticə etibarı ilə ona gətirib çıxaracaq ki, ermənilərlə yanaşı, ermənipərəst qüvvələrin də iç üzü açılaraq ifşa olunacaqlar: " Bildiyiniz kimi, hər zaman Ermənistan tərəfi çalışıb ki, əsil həqiqəti gizlətsin. Prezidentin imzası ilə həyata keçirilən bu cür tədbirlər nəticəsində beynəlxalq ictimai fikri öz xeyrimizə dəyişə bilərik. Yəni, beynəlxalq hüquq prinsiplərindən irəli gələn bir mövqeyə dəyişə bilərik. Artıq 20 ildən çoxdur ki, Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal altındadır. Amma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə işlək vəziyyətdə deyil. Hesab edirəm ki, Şuşanın işğalı ilə bağlı beynəlxalq miqyasda keçirilən bu cür tədbirlər ona gətirib çıxarır ki, Azərbaycan həqiqətləri dünyada daha çox eşidilməyə başlayır. Məhz belə addımların nəticəsidir ki, bir sıra dünya ölkələri Xocalı soyqırımını tanımağa başlayıb. Bir sözlə, bu cür məsələlər nəticə etibarı ilə Azərbaycanın işğala məruz qaldığını və Ermənistanın qəsbkar siyasət apardığını bütün dünyaya tanıdır. Hesab edirəm ki, Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam çox vacib addım idi. Beynəlxalq aləmdə Azərbaycan mövqelərinin güclənməsi baxımından vacib bir qərardır".


GÜLYANƏ

Digər xəbərlər