PDF Oxu

Sosial

  • 11

Aztəminatlı vətəndaşlara ünvanlı aktiv sosial dəstək mexanizmi genişlənəcək

Aztəminatlı vətəndaşlara ünvanlı aktiv sosial dəstək mexanizmi genişlənəcək

-Elnur müəllim, bu gün Azərbaycanda həyata keçirilən sosial siyasəti necə xarakterizə edərdiniz?

-Müstəqil Azərbaycan dövlətinin sosial siyasəti cəmiyyətin sürətli inkişafı üçün vacib amil olan sosial rifah səviyyəsinin yüksəldilməsini, respublikada mövcud əmək potensialının səmərəli şəkildə reallaşmasını, iqtisadi tərəqqinin nəticələrinin hər bir vətəndaşın layiqli həyat tərzinin təmin edilməsinə yönəldilməsini nəzərdə tutur. Bu siyasətin əsasında məhz insan amili, onun firavan sabahının təminatı dayanır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin I rübünün yekunlarına dair iclasında " Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" deyə vurğulamışdır. İlbəil dinamik xarakter alan, əhalinin həyati mənafeyinin təmin olunmasına xidmət edən bu siyasətin əsası xalqımızın Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur.

XX əsrin son onilliyində mürəkkəb bir şəraitdə öz dövlət müstəqilliyini bərpa edən Azərbaycanda görkəmli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın iradəsi ilə yenidən hakimiyyətə qayıtması nəticəsində milli dövlətçilik konsepsiyasının əsası qoyulmuş və inkişaf etdirilmiş, dövlətçilik tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan makroiqtisadi sabitlik, dinamik inkişaf yoluna səfərbər olmuşdur. Ölkədə aparılan iqtisadi islahatların sosialyönümlülük prinsipinə istinad etməsi və yüksək səmərəliliyi iqtisadiyyatda artım tempi ilə paralel olaraq sosial problemlərin uğurlu həllinə, rifah səviyyəsində sabitlik və yüksəliş dinamikasına münbit şəraitin yaradılması, dövlətin sosial siyasətinin ilbəil güclənməsi ilə nəticələnmişdir.

Əhalinin maddi-rifah halının daim yüksəlməsinə, etibarlı sosial təminat mexanizminin qurulmasına xüsusi önəm verilməsinin nəticəsi kimi, dövlət büdcəsinin xərclərinin sosial xarakerli olması ənənəvi hal almış, təkcə 1997-2005-ci illərdə büdcədən xərclənən vəsaitin orta hesabla 50 faizdən çoxu əmək haqqı, pensiya və müavinətlərin verilməsinə istiqamətləndirilmişdir. Ümumiyyətlə, ulu öndər tərəfindən inzalanan 60-dan artıq sənəd müstəqil ölkədə sosial sahədə inkişafın təmin olunmasına xidmət etmişdir.

Respublikamızın iqtisadi inkişaf konsepsiyasının mühüm tərkib hissəsi olan sosial siyasət ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə daha da zənginləşdirilərək yeni keyfiyyət mərhələsinə daxil olmuşdur. ÜDM-nin artım tempinə görə dünya dövlətlərinin reytinq cədvəlinə başçılıq edən Azərbaycanda yoxsulluğun azaldılması, regional və konkret sahəvi inkişafın təmin edilməsi məqsədilə aparılan məqsədyönlü siyasət nəticəsində əhalinin maddi rifah halının, yaşayış, o cümlədən məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi prosesi davamlı xarakter almışdır.

Yüksək rifahlı cəmiyyətin qurulması, sosial dövlət statusunun gücləndirilməsi məqsədilə atılan mühüm addımların nəticəsi olaraq, son 8 ildə yeni yaradılan iş yerlərinin sayı bir milyonu ötmüş, işsizlik səviyyəsi daha da azalaraq 5,4 faizə enmişdir. Əhalinin gəlirlərində davamlı artım dinamikası, ardıcıl və səmərəli sosial müdafiə tədbirləri yoxsulluq səviyyəsinin kəskin şəkildə azalaraq 2012-ci ilin əvvəlində 7,6 faizə düşməsinə səbəb olmuşdur. Əminliklə qeyd etmək olar ki, bu gün Azərbaycan sosial ədalət prinsiplərinin tam təmin olunduğu və sosial dövlət statusunu daim gücləndirən bir ölkədir.

-Aztəminatlı vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi sahəsində hansı yeni addımların atılması nazirlik üçün prioritet əhəmiyyət kəsb edir?

-Bildiyiniz kimi, artıq 2006-cı ilin ortalarından nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı proqramı icra olunur. Qeyd edim ki, ötən dövr ərzində bu mexanizm daha da təkmilləşdirilmiş, onun əhatə dairəsi genişləndirilmiş, yoxsul ailələrin bu yardım növündən yararlanmaq imkanları artırılmışdır. 2012-ci ilin birinci rübünün yekununa əsasən, 566 472 nəfər ailə üzvünü əhatə edən 127 234 ailə yardım alır ki, hər ailəyə ödənilən yardımın orta aylıq məbləği 106,45 manat, adambaşına isə 23,66 manat təşkil edir. Ünvanlı yardımın hesablanması üçün ehtiyac meyarının məbləği 2006-ci ildəki 30 manatla müqayisədə ötən müddətdə təxminən 3 dəfəyə yaxın artırılaraq cari ilin əvvəlindən 84 manata çatdırılmışdır. Əgər 2006-cı ildə ehtiyac meyarı yaşayış minimumuna nisbətdə 51,7 faiz təşkil edirdisə, bu nisbət 77,8 faizə yüksəlib. Bu müsbət dinamikanın davam etməsi nəticəsində 2015-ci ilədək ehtiyac meyarının məbləğinin yaşayış minimumuna çatdırılması gözlənilir. Əlbəttə, ünvanlı yardım proqramı aztəminatlı ailələrin yaşayışında mühüm rol oynayır və onları yoxsulluğun doğurduğu çətinliklərdən xilas edir. Lakin öz mahiyyəti etibarilə bu, passiv xarakterli yardım proqramıdır və belə proqramların uzunmüddətli tətbiqi aztəminatlı ailələrdə dövlət yardımlarından daimi asılılığa şərait yarada bilər. Ona görə də mütərəqqi dünya təcrübəsindən irəli gələn iş mexanizmlərinə üstünlük verilməklə, yoxsulluğun aradan qaldırılmasına ünvanlı yardım sistemi ilə paralel şəkildə, aktiv formada da dəstək verilməsi, daha təsirli və effektli olan yeni aktiv sosial müdafiə proqramlarının hazırlanaraq işə salınması bizim fəaliyyətimizdə prioritet isitiqamətlərdən birinə çevrilmişdir.

Bununla bağlı olaraq, aztəminatlı ailələrin potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri, beləliklə, gəlirlərini artırmaları üçün onlara aktiv şəkildə dəstək verilməsi, nəticədə onların dövlətin sosial yardımından asılılığının aradan qaldırılması və yoxsulluqdan çıxmalarına şərait yaradılması üçün Birdəfəlik ünvanlı sosial yardım - Özünədəstək proqramı hazırlanmışdır. Azərbaycan Prezidentinin sərhədyanı yaşayış məntəqələrinin əhalisinə göstərdiyi diqqət və qayğıya uyğun olaraq, 2011-ci ildə il Tovuz rayonunun Vahidli kəndində həmin proqramın sınaq işlərinə başlanılmış, həmin kənddə ünvanlı yardım alan ailələrdən 18-ə mal-qara və materiallar alınıb verilmişdir.

Təxminən bir il sonra, yəni cari ilin fevralında biz həmin kənddə Özünədəstək proqramına cəlb olunmuş həmin ailələrlə görüşərək onların mövcud vəziyyəti ilə tanış olarkən, proqramın müsbət nəticələrinin olduğunu gördük. Əldə olunan bu müsbət təcrübə aztəminatlı vətəndaşlara aktiv sosial dəstək mexanizmini genişləndirməyə əsas yaratdı. Beləliklə, cari ilin ilk rübündə Fizuli rayonunda icrası davam etdirilən bu proqramın cəbhəyanı bütün kəndlərimizdə, ümumən ölkənin hər bir rayonunda icrasına hazırlıq işləri artıq başa çatdırılır. Artıq Masallı, İsmayıllı, Xaçmaz və Bakının Nizami rayonlarında Özünədəstək proqramının icrasına başlanılıb.

Aztəminatlı vətəndaşlara aktiv sosial dəstək verilməsi istiqamətində yeni bir addım kimi, biz cari ildən ölkəmizdə ilk dəfə olaraq aztəminatlı ailələrə güzəştli mikrokreditlərin verilməsini nəzərdə tutan sosial kreditləşmə proqramına hazırlıq işləri aparırıq.

Ünvanlı sosial yardımdan - ünvanlı dəstəyə keçidi təmin edəcək bu proqramın yaxın perspektiv üçün hətta ikiqat səmərəli olacağı gözlənilir. Yəni güzəştli kreditlər müvafiq potensiallara malik yoxsul ailələrin ilkin mərhələdə şəxsi təsərrüfatlarını inkişaf etdirmələri və yoxsulluq səviyyəsindən çıxmalarına, sonrakı mərhələdə isə onların təsərrüfatlarını mütəmadi genişləndirərərək yeni işçilər işə qəbul etməsinə, son nəticədə aztəminatlı vətəndaşın artıq sahibkara çevrilməsinə imkan verəcək.

-Müharibə əlillərinin, şəhid ailələrinin mənzillə təminatı işləri getdikcə geniş vüsət alır. Bu təbəqələrdən olanlar üçün hazırda hansı bölgələrdə mənzil tikintisi həyata keçirilir?

-Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə fiziki sağlamlıqlarını itirərərək əlil olmuş vətəndaşların və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması möhtərəm Prezidentimizin diqqət mərkəzindədir. Artıq bu vaxta qədər 5000 nəfərə qədər əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Ötən il noyabrın 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Qəbələ rayonunda əlil və şəhid ailələrinə yeni mənzillərin təqdim olunması mərasimində bir daha bəyan etdi ki, "növbəti bir neçə il ərzində növbədə dayanan hər bir əlil və şəhid ailəsi gözəl mənzillərlə təmin ediləcək". Əlbəttə, bu, nazirliyin qarşısında yeni vəzifələr müəyyən edir.

Hazırda Gəncə şəhərində, Sabunçu və Suraxanı rayonlarında hər biri 9 mərtəbəli 81 mənzilli, Sumqayıt şəhərində 12 mərtəbəli 96 mənzilli, Şəki və Şəmkir rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli yaşayış binaları inşa olunur və cari ilin sonunadək həmin binalar əlil və şəhid ailələrinin istifadəsinə veriləcək. Həmçinin Nərimanov rayonunda gözdən əlillər üçün 12 mərtəbəli 132 mənzilli yaşayış binası tikilməkdədir. Bununla yanaşı, yaxın aylarda Səbail rayonunda 12 mərtəbəli 96 mənzilli, Bərdə, Xaçmaz, Şamaxı, Qax rayonlarında hər biri 4 mərtəbəli 36 mənzilli, Goranboy, Tərtər, İmişli, Beyləqan, Ağdam rayonlarında isə hər biri 6 mərtəbəli 54 mənzilli yaşayış binalarının inşasına başlanacaq. Əlillərin dövlət hesabına avtomaşınlarla təminatı işləri də uğurla davam etdirilir. İndiyədək dövlət hesabına minik avtomobili alan müharibə əlillərinin sayı 3250 nəfərdir. 7500-dən çox əlil insan isə əlil arabası, xeyli sayda əlil müxtəlif reabilitasiya vasitələri ilə təmin edilib.

-Nazirlik tərəfindən inşa etdirilən obyektlər sırasında sosial müdafiə əhəmiyyətli hansı yeni layihələr var?

-Görülən hər bir işdə müasir yanaşma tərzinə, qabaqcıl dünya təcrübəsinə istinad edilməsi ilə bağlı ölkə rəhbərinin verdiyi tapşırıqlar nazirliyin fəaliyyətində daim rəhbər tutulur. Nazirlik sosial cəhətdən həssas vətəndaşların sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası işinin daha dolğun və səmərəli təşkilinə, bu sahədə effektli və təsirli ola biləcək yeni layihələrə, mütərəqqi iş üsullarına xüsusi önəm verir.

Eyni zamanda, dövlət başçısının Bakıətrafı qəsəbələrin inkişafı ilə bağlı təsdiqlədiyi Dövlət Proqramı həmin yaşayış məntəqələrində yeni sosial müdafiə əhəmiyyətli müəssisələrin yaradılması baxımından da qarşıda imkanlar açmışdır. Artıq cari ilin birinci rübündə Bakıətrafı qəsəbələrdə Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzinin, Yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın, həmçinin Bilgəhdə Qocalar evi üçün ikinçi korpusun inşasına başlanılmışdır.

Yeni sosial layihələr kimi, Bakı şəhərində İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi üçün inzibati binanın, Mingəçevir şəhərində Çernobıl əlilləri üçün reabilitasiya mərkəzinin, Penitensiar müəssisələrdə cəzaçəkmədən azad edilmiş insanlar üçün Sosial Adaptasiya Mərkəzinin, ayrı-ayrı bölgələrdə sosial reabilitasiya mərkəzləri və sosial sığınacaqların inşası nəzərdə tutulur.

Son illərdə Bakı və Göyçay şəhərlərində yaradılmış Regional Peşə Tədrisi Mərkəzləri vətəndaşların peşə-əmək qabiliyyətinin əmək bazarının mövcud tələblərinə uyğunlaşdırılması üçün peşə hazırlığı kurslarının təşkilində müvafiq maddi-texniki bazaya malik mərkəzlər kimi xüsusi əhəmiyyət kəsb edir. Bu mərkəzlər müasir tələblərə cavab verə biləcək bir səviyyədə yenidən qurulmaqdadır. Eyni zamanda, belə bir mərkəzin Gəncə şəhərində də yaradılması istiqamətində işlər aparılır.

Bildiyiniz kimi, Heydər Əliyev Fondunun dəstəyi ilə Nazirliyin Saray və Şağan qəsəbələrindəki internat evlərində artıq nümunəvi şərait yaradılmışdır. Bakıətrafı qəsəbələrdə, həmçinin regional inkişaf proqramına uyğun olaraq, ölkənin bölgələrindəki sosial xidmət müəsisələrində də əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün layihə-smeta sənədləri hazırlanır. Yaxın gələcəkdə onlarda da müasir standartlara uyğun şərait yaradılacaqdır. Həmçinin hər il 8 000 nəfərdən çox əlilə xidmət göstərən tibbi bərpa müəssisələrində çoxşaxəli sosial reabilitasiya metodlarının tətbiqi, həmin mərkəzlərin əsaslı təmiri və yenidən qurulması, onlarda xidmət səviyyəsinin yüksəldilməsi, yeni müasir tələblərə cavab verən mərkəzlərin yaradılması ilə ölkə üzrə reabilitasiya şəbəkəsinin genişləndirilməsi prioritet istiqamətlərdən biridir.

Digər xəbərlər