Dünən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının qərargahında Ulu Öndər Heydər Əliyevin 89-ci ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda yazı-müsabiqəsinin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirildi. Tədbir iştirakçıları, ilk öncə qərargahın foyesində qoyulan Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Sonra YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs etdi. Bildirdi ki, Ümummilli Lider Heydər Əliyev öz mənalı ömrünü Azərbaycan xalqının və Azərbaycan dövlətçiliyinin qorunub saxlanmasına və inkişaf etməsinə həsr edib. M.Abasquliyeva hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi dövrlərdə də Ulu Öndərin Azərbaycanın bu günü üçün əhəmiyyətli işlər gördüyünü bildirib: "Ulu Öndər Heydər Əliyev hər zaman öz xalqına qarşı olan dərin sevgisini açıq şəkildə nümayiş etdirib. Onun dövlətçiliyimizin ən ağır dönəmlərində ölkə rəhbərliyinə qayıdışı Azərbaycan xalqını işıqlı gələcək naminə ruhlandırmışdır" - deyən M.Abasquliyeva bu gün dövlətçiliyimizin qarantı olan Ümummilli Liderimiz Heydər Əliyevin ən layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin Azərbaycanın ən yüksək səviyyədə inkişaf istiqamətlərini təmin etdiyini vurğulayıb.
M.Abasquliyeva Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gənclərinə diqqətlə yanaşdığını, onların problem və qayğıları ilə maraqlandığını bildirib. Qeyd edib ki, gənclərə yüksək etimad diqqət və qayğı Dahi Öndərin xalqın çağırışı ilə ikinci dəfə hakimiyyətə gəlişindən sonra daha geniş xarakter daşımışdır. YAP Sabunçu rayon təşkilatının sədri Dahi Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan nufuzundan bəhs edərkən bildirib ki, YAP bu gün, nəinki ölkədə, eyni zamanda, beynəlxalq arenada özünə möhkəm və layiqli bir yer qazanıb: "Təbii ki, bu uğurlar getdikcə daha geniş və davamlı bir xarakter daşıyacaq. Çünki YAP-ın qurucusu və memarı Azərbaycan dövlətinin xilaskarı Ulu Öndər Heydər Əliyevdir. Ona görə ki, YAP-ın Sədri Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevdir".
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının gənclər birliyinin sədri Rəşad Abbasəliyev gənclərin Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini qeyd edib. R.Abbasəliyev bildirib ki, ölkəmizdə möhkəm əsaslara malik möhkəm ictimai-siyasi sabitlik mövcuddur ki, bu sabitlik də Dahi Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu siyasət nəticəsində bərqərar olub: "Dünyada baş verən qlobal hadisələrdən, iğtişaşlardan ruhlanan bəzi daxili qüvvələr təsir altına saldıqları gənclər vasitəsilə ictimai sabitliyi pozmağa cəhd göstərirlər. Amma Azərbaycanın inkişafını görən intellektli Azərbaycan gəncləri radikalların arxasınca getməyərək, ölkə Prezidenti İlham Əliyevin ətrafında bir daha sıx birləşdiklərini nümayiş etdirdilər".
R.Abbasəliyev dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan söz açaraq, bildirib ki, ölkə Prezidenti İlham Əliyevin 2011-2015-ci illər gənclər haqqında Dövlət Proqramının hazırlanması haqqında Sərəncamı Azərbaycan gənclərinə Prezident İlham Əliyevin yüksək qayğısı, dəyəri kimi qiymətləndirmək olar: "Biz gənclər bu diqqəti yüksək qiymətləndirərək, hər zaman Onun daxili və xarici siyasətini birmənalı şəkildə dəstəkləyəcəyik".
Sonda müsabiqənin qaliblərinə diplomlar, fəxri fərmanlar və digər qiymətli mükafatlar təqdim olundu.
R.KAMALQIZI