PDF Oxu

Sosial

  • 7

Ulu Öndərin şah əsəri - müstəqil Azərbaycan

Ulu Öndərin şah əsəri - müstəqil Azərbaycan

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyev haqqında filmə baxdılar. Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, tarix boyu, müəyyən dövrlərdə elə tarixi şəxsiyyətlər, elə siyasətçilər olub ki, onlar yalnız öz yaşadıqları dövrün yox, tarixin simasına çevriliblər: "Gələcəyi görmək, rəhbəri olduğu ölkəni, onun vətəndaşlarını işıqlı gələcəyə aparmaq yönündə gördükləri saysız-hesabsız işlər onları daha da əfsanələşdirib, xalqın sevilən şəxsiyyətinə çevirib. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev, məhz belə nadir şəxsiyyətlərdəndir."

İcra başçısı Heydər Əliyevin 1993-cü ildə, ölkəmizdə siyasi böhran yaşandığı, vətəndaş müharibəsi təhlükəsi yarandığı, Ermənistanın təcavüzünün gücləndiyi bir vaxtda siyasi hakimiyyətə qayıdaraq, ilk növbədə, vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdığını bildirdi. İ.Abbasov qeyd etmişdir ki, Azərbaycanda ictimai-siyasi sabitliyin yaradılması üçün Heydər Əliyev ciddi və təxirəsalınmaz addımlar amışdır. Ulu Öndər ölkədə dövlət quruculuğu işinin aparılması və ictimai-siyasi sabitliyin bərqərar olması, iqtisadi və maliyyə sabitliyinin yaradılması üçün çox ciddi siyasətin həyata keçirilməsinə nail olmuşdur. İctimai-siyasi sabitliyi qorumaq üçün qanunçuluğun yüksək səviyyədə təsbit olunması istiqamətində mühüm işlər görmüşdür.

Konfransda Milli Məclisin Sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda məruzə ilə çıxış etdi. Tədbir iştirakçılarını salamlayan B.Muradova bildirdi ki, Suraxanı rayonu gündən-günə çiçəklənir və yeni inkişaf mərhələsini yaşayır. Bu inkişaf Azərbaycanın bütün bölgələrini əhatə edir. Azərbaycan güclü bir dövlət olaraq beynəlxalq siyasi aləmdə sözünü demək qüdrətinə malikdir. B.Muradova Azərbaycanın Beynəlxalq Millətlər Təşkilatınının Milli Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin təsadüfi olmadığını bildirdi. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Təhlükəsizlik Şurasına sədrlik edir. Bu, onu göstərir ki, Azərbaycan inkişaf etmiş sivil dövlətlər sırasındadır. Bu qurumda söz sahibi olmaq artıq dünya dövlətləri sırasında Azərbaycanın nüfuzunu artıran faktordur. Bu siyasi arenadakı nüfuz Heydər Əliyev siyasətinin məniqi nəticəsidir. B.Muradova 1993-cü ilə qısa nəzər salıb, o dövrün böhran vəziyyətini diqqətə çəkərək, bildirdi ki, belə bir zamanda Azərbaycanı arxasınca aparmaq gücündə olan şəxsiyyətə - Heydər Əliyevə ehtiyac duyulurdu. Onun qətiyyətli addımı xalqı düçar olduğu bəlalardan xilas etdi. Xalqın Ona inamı Azərbaycanı çətin vəziyyətdən çıxartdı, ölkə yeni bir mərhələyə qədəm qoydu. Xalq Ona inandığı kimi, Heydər Əliyev də xalqı dəyərləndirirdi. Ölkədəki yaranmış məhvolma və parçalanmaq təhlükəsinin qarşısını aldı. Xalqı böyük ideologiya ətrafında birləşdirdi. B.Muradova vurğuladı ki, bu gün Azərbaycan dünyanın diqqətində olan dövlətdir. Azərbaycanda beynəlxalq konfransların, müsabiqələrin, təbdirilərin keçirilməsi Heydər Əliyevin siyasi kursunun təntənəsidir.

Konfransda çıxış edən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Heydər Əliyevin istər sovet məkanında yaşadığımız illərdə, Azərbaycanın birinci katibi vəzifəsində çalışdığı zamanda, istərsə də 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkənin ictimai-siyasi, mədəni həyatında baş verən dönüşü, inkişafı təmin etmişdir. O, Azərbaycanın dünya məkanında özünəməxsus yer tutmasını Ulu Öndərin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi olduğunu vurğuladı. Müstəqillik dövrünün ilk illərində, eləcə də, 1980-ci illərin sonunda ölkənin yaşadığı ictimai-siyasi böhranın, ölkə daxilində baş verən hərc-mərcliyin qarşısı Heydər Əliyevin qayıdışı ilə alındı.

Rayon təşkilatının sədri Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən daha da zənginləşdirilərək, uğurla davam etdirildiyin diqqətə çatdırdı. O, qeyd etdi ki, Azərbaycan tərəqqi edərək sürətlə inkişaf edir, zəngin və qüdrətli bir dövlət kimi dünyaya inteqrasiya olunur.

Milli Məclisin deputatı Rafael Cəbrayılov çıxışında Azərbaycan xalqı qarşısında Heydər Əliyevin xidmətlərinə nəzər saldı. O bildirdi ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkə üçün əhəmiyyət kəsb edən böyük və nəhəng layihələrin gerçəkləşməsi, dövlətin inkişafı, onun təməlinin möhkəmlənməsi ilə nəticələndi. Suveren bir dövlətin yaradıcısı oldu. Bu gün belə bir İNSANIN nurlu xatirəsi milyonlarla AZƏRBAYCANLININ qəlbində yaşayır.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək, bildirdi ki, bu gün Heydər Əliyevin doğum günü ərəfəsindəyik. Azərbaycanın şərəfli tarixini yazan Heydər Əliyevin doğum günü təkcə Azərbaycanda deyil, diaspora təşkilatları tərəfindən dünyanın, demək olar ki, bütün ölkələrində qeyd olunur. Diaspora təşkilatının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin böyük əməyi olmuşdur. Azərbaycan ideolgiyasının nəticəsidir ki, bu gün dünyada yaşayan hər bir azərbaycanlı dövlətimizin müstəqilliyinin qorunması, dövlətçilik prinsiplərini rəhbər tutaraq, ölkənin inkişafı yolunda cəsarətli addımlar atırlar. Heydər Əliyev ənənəsini davam etdirən və Yeni Azərbaycan Partiyasının üzvləri bu gün bir ideya ətrafında birləşərək, dövlətin daha da qüdrətlənməsini dəstəkləyir.

Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Ağacan Əbiyev, çıxış edərək, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyini təmin etməklə yanaşı, millətimizin və dövlətimizin ideoloji xəttini, söykənəcəyi təməl prinsiplərini irs olaraq müəyyənləşdirdiyini diqqətə çatdırdılar. Natiqlər qeyd etdilər ki, Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin qurub-yaratdıqlarından bəhrələnir və bundan sonra da çox-çox illər bəhrələnəcəkdir. Qeyd olundu ki, 2003-cü ilin oktyabrından ölkəyə rəhbərlik edən Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasətini yeni dövrün tələblərinə uyğun, böyük uğurla davam etdirir. Tədbirdə Yeni Azərbaycan Partiyasına yeni qəbul edilmiş bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsi verildi və rayon partiya fəallarına diplomlar təqdim olundu. Sonda 97 saylı tam orta məktəbin şagirdlərinin Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr etdikləri ədəbi-bədii kompozisiya göstərildi.

ZÜMRÜD BAYRAMOVA

Digər xəbərlər