PDF Oxu

Sosial

  • 12

“Parlamentlərarası əlaqələr diplomatiyanın bir qoludur”

“Parlamentlərarası əlaqələr diplomatiyanın bir qoludur”

- Ərəstun müəllim, keçən həftə İordaniya Haşimilər Krallığı Senatı sədrinin I müavini Abdurrauf əl-Ravabidənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi bu səfərin əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyiniz kimi, İordaniya Haşimilər Krallığının bir qrup parlamentariləri aprelin 24-dən 29-na qədər ölkəmizdə səfərdə olmuşdur. Beş günlük səfər çərçivəsində çox sıx, gərgin və effektli proqram həyata keçirildi. Qonaqların Milli Məclisin Sədri, iqtisadi inkişaf naziri, xarici işlər naziri ilə olan görüşləri böyük əhəmiyyət kəsb edir. Xüsusilə cənab Prezident İlham Əliyevin qonaqları qəbul etməsi onlarda böyük məmnunluqla qarşılanıb. Hörmətli Prezidentimiz İordaniya Haşimilər Krallığının parlamentariləri ilə görüşündə ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirdi. Siyasi sahədə münasibətlərimizin yüksək səviyyədə olduğunu deyən dövlət başçısı iqtisadi və parlamentlərarası əlaqələr sahəsində də əməkdaşlığı genişləndirmək üçün yaxşı potensialın mövcudluğunu vurğuladı.

Bilirsiniz, Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri bütün dövlətlərlə dostluq və qarşılıqlı əməkdaşlıq çərçivəsində əlaqələr qurmaqdır. Ona görə bu, bütün sahələrdə - iqtisadi və siyasi əlaqələrdə, xalq diplomatiyasında, mədəni və s. əlaqələrdə özünü göstərməlidir. Mən hesab edirəm ki, parlamentlərarası əlaqələr də diplomatiyanın bir qoludur və böyük əhəmiyyətə malikdir. İordaniya Haşimilər Krallığı mövcud regionda strateji dövlətlərdən biridir. Eyni zamanda, Azərbaycanın artan iqtisadi gücü, siyasi sabitlik, investisiya şəraiti, təbii resursları dünya dövlətlərini özünə cəlb edir. Deməli, maraqlar qarşılıqlıdır. Ona görə də, əlaqələrin qurulması və inkişaf etdirilməsi labüddür. İordaniya ilə münasibətlərimiz çox yüksək səviyyədədir. Bu əlaqələr istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində sıx qurulub. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu əlaqələri Prezident İlham Əliyev müvəffəqiyyətlə davam etdirir.

- Qonaqlarla parlamentlərarası əlaqələrin inkişafı ilə bağlı hansı danışıqlarınız oldu? Bu əlaqələrin perspektivini necə görürsünüz?

- Onu deyim ki, qonaqlarımızın Milli Məclisdə Azərbaycandan olan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşü keçirildi. Görüşdə mövcud əlaqələrimiz və bu əlaqələrin inkişaf perspektivləri ilə bağlı söhbətlərimiz oldu. Deputatlarımız tərəfindən İordaniya Senatının nümayəndələrinə qanunvericiliyimizlə bağlı ümumiləşdirilmiş məlumatlar verildi. Onlar çox təəccüb və məmnunluq hissi ilə bildirdilər ki, çox qısa bir zamanda, yəni 20 illik müstəqillik dövründə çox təkmil, müasir sivilizasiyaya və beynəlxalq hüquqa uyğunlaşdırılan, humanist qanunvericilik bazanız mövcuddur. Bu mənada onlar bizim qanunvericilik praktikamızdan yararlanacaqlarını bildirdilər. Və biz hesab edirik ki, bu qarşılıqlı olmalıdır.

Ümumiyyətlə, söhbətlərimiz, görüşlərimiz yalnız qanunvericilik sahəsində tanışlıq xarakteri daşımırdı. Əməkdaşlığımızın beynəlxalq təşkilatlarda və ikitərəfli səviyyədə genişləndirilməsinin inkişaf perspektivlərini geniş müzakirə etdik. Nəzərə alsaq ki, parlamentlərarası əlaqələr xalq diplomaiyasının inkişafına böyük təkan verir, onda bu, işimizin əhəmiyyətini daha da artırır.

- Ərəstun müəllim, Siz eyni zamanda, 87 saylı Ağsu-İsmayıllı seçki dairəsinin deputatı kimi parlamentin Aqrar siyasət komitəsinin üzvüsünüz. Həmin bölgənin sosial-iqtisadi inkişafı, o cümlədən aqrar sahədə baş verən yeniliklər barədə fikirlərinizi bilmək maraqlı olardı...

- Təmsil etdiyim 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi digər regionlar kimi bu gün öz həyatının ən çiçəklənən bir dövrünü yaşayır. Heç vaxt bu rayonda bu qədər abadlıq-quruculuq işləri geniş vüsət almamışdır, artıq rayonun həyatında yeni bir mərhələ başlanmışdır. Son illərdə Ağsu rayonunda ümumi daxili məhsul 3,8 dəfə, sənaye məhsulu 5,0 dəfə artmış, bir sıra sosial yönümlü obyektlər, istehsal müəssisələri tikilərək istifadəyə verilmiş, mühüm infrastruktur layihələri yerinə yetirilmişdir. Cənab Prezidentin Ağsu rayonuna hər səfəri rayonumuzun həyatında sanki yeni bir mərhələnin başlanğıcı olur. 30 oktyabr 2011-ci il tarixdə Ağsu rayonuna səfəri zamanı Prezident İlham Əliyev Ağsu Regional Qaz İstismar Sahəsinin, Ağsu mədəniyyət və istirahət parkının əsaslı bərpa və yenidənqurmadan sonra açılışında, Ağsuda çörək zavodunun, Ağsu şəhər stadionunun, Ağsu Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin, Ağsu "Az-Granata" MMC-nin şirə və şərab emalı zavodunun açılışlarında iştirak etmişdir. Səfər çərçivəsində ictimaiyyət nümayəndələri ilə görüşən cənab İlham Əliyev bildirib: "Ağsu doğrudan da son illər ərzində çox gözəlləşib. Siz yəqin ki, bunu daha da yaxşı bilirsiniz. Küçələr, binalar təmir olunur, yeni parklar salınır, bu gün də bir parkla tanış olduq. Ağsu, ümumiyyətlə, gözəl rayondur, mənzərəli yerdir. Çox gözəl təbiəti vardır. Dağlar, meşələr, təmiz hava. Kurortdur Ağsu".

Ağsu rayonuna səfərin nəticəsi olaraq cənab Prezident tərəfindən imzalanan sərəncama əsasən sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi və rayonda yeni xəstəxana binasının tikintisi üçün 3 milyon manat vəsait ayrıldı ki, bu da yerli problemlərin həllinə əhəmiyyətli dərəcədə kömək edəcəkdir.

Dağlıq ərazilərdəki bulaqlardan 25 kilometr uzunluğunda yeni kəmər çəkilərək Ağsu şəhərinin və 3 kəndin keyfiyyətli içməli su ilə təmin edilməsi rayonun sosial həyatında tarixi bir hadisə oldu. "Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin". Dövlət başçısı İlham Əliyevin vaxtilə söylədiyi proqram xarakterli bu tezis bu günün reallıqlarında öz əksini tapır. Azərbaycanın hərtərəfli inkişafında vacib amil kimi önə çəkilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın şaxələndirilməsi yüksək səviyyədə təmin olunmuşdur.

Ümumiyyətlə, təmsil olunduğum seçki dairəsi kənd təsərrüfatı ərazisidir. Mən bütün fəaliyyətimdə, o cümlədən qanunvericilik fəaliyyətimdə bu amili xüsusi olaraq nəzərə alıram. Hətta onu da qeyd edim ki, deputat kimi bir ideyam var. Bu ondan ibarətdir ki, kənd təsərrüfatında informasiya - məsləhət xidmətinə böyük ehtiyac var.

Azərbaycan kənd təsərrüfatı siyasətinin fermerlər üçün strategiyasının mərkəzində məhz informasiya-məsləhət xidməti dayanmalıdır. Müasir və innovativ məsləhət-informasiyalar fermerlərin kənd təsərrüfatı üzrə bilik və bacarıqlarını artıracaq və nəticədə təsərrüfata qoyulan vəsaitdən gəlirlər yüksələcək. Bir sözlə, yay aylarında bu istiqamətdə müzakirəyə təqdim oluna biləcək qanun layihəsi hazırlamağı düşünürəm.

Digər xəbərlər