Dünən Azərbaycanın bütün bölgələrində, rayon və şəhərlərində xalqımızın Ümumilli Lideri Heydər Əliyevin 89-cu ildönümü böyük təntənə və coşqu ilə qeyd olunmaqdadır. Ulu Öndərin ildönümü münasibəti ilə müxtəlif idman yarışları, eləcə də, mədəniyyət, təhsil, yaradıcılıq və digər sahələri əhatə edən möhtəşəm turnirlər, müsabiqələr keçirilir, qaliblər müəyyən olunur. Belə əlamətdar tədbirlərdən biri də Xaçmaz rayonunda baş tutmuşdur.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının rayonun icra hakimiyyəti ilə birgə təşkil etdiyi silsilə tədbirlərdə gənclər və yeniyetmələr uğurla iştirak ediblər. Belə ki, "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur" mövzusunda inşa yazı müsabiqəsinin, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş şeir müsabiqəsinin, "Çiçəklənən Azərbaycan" mövzusunda keçirilmiş rəsm sərgisinin və kross yarışının qalibləri məlum olmuş, onların hər biri pul mükafatları, diplom və qiymətli hədiyyələrlə təltif edilmişlər.
Daha sonra rayon ictimaiyyətinin, fəalların iştirakı ilə "Azərbaycan tarixinin Heydər Əliyev zirvəsi" mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Elmi-praktik konfransı YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açaraq, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətinə və Azərbaycan xalqına xidmətlərindən danışmışdır: "Bu gün bizlər fəxrlə deyə bilərik ki, bizim Heydər Əliyev kimi Ulu Öndərimiz var və Onun adını bütün dünya hörmətlə, ehtiramla anır. Çünki Ümummilli Lider Heydər Əliyev bütün dünyada tanınan dahi şəxsiyyət, nəhəng fenomendir. Onun Azərbaycan xalqına göstərdiyi xidmətləri sonsuzdur. Və bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan, cənab Prezident İlham Əliyev var gücü ilə Azərbaycan xalqının yolunda çalışır, ölkəmizi daha parlaq gələcəyə doğru aparır. Təbii ki, Azərbaycan xalqı da Onun ətrafında sıx birləşib və mütərəqqi siyasətinə dəstək olduğunu əməli şəkildə təsdiq edir".
Sonra konfrans açıq elan edilmişdir. Xaçmaz şəhər 2 saylı məktəbin şagirdlərinin ifasında himn səslənmişdir. Məktəbin nəzdində yaradılmış Heydər Əliyev İdeoloji Mərkəzin direktoru Cavad Mehmanov məruzə etmişdir.
Daha sonra Xaçmaz rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev çıxış edərək, bildirdi ki, bu günlərdə Azərbaycan xalqı əlamətdar və fəxarətli hadisəni qeyd etməkdədir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 89-cu ildönümü ölkə boyu böyük coşqu ilə qeyd olunmaqdadır. Və bu coşquya xaçmazlılar da qoşulub: "Bu gün bizim hər birimiz əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müasir Azərbaycanda firavan, xoşbəxt həyat sürürük. Əlbəttə ki, Azərbaycan xalqı bütün bunlara görə Ulu Öndər Heydər Əliyevə borcludur. Məhz Heydər Əliyev dedikdə, Onun xilskar obrazı hər birimizin təsəvvüründə qətiyyət, əzm və iradə timsalında canlanır. Nə yaxşı ki, bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı Prezident İlham Əliyev bizim hər birimizin Prezidentidir. Azərbaycan xalqı onu daha xoşbəxt gələcəyə aparan sevimli Prezidenti ətrafında vəhdət şəklində birləşib. Bu vəhdəti heç bir qüvvə sarsıda bilməz. Çünki bu gün Azərbaycanda, bir daha vurğulamaq istərdim ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu təməlli, müdrik və mütərəqqi siyasət davam etdirilir".
Sonda şəhərin mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyev abidəsinin önündə mükafatlandırılma mərasimi keçirilmişdir.
RƏFİQƏ