PDF Oxu

Sosial

  • 9

Ulu Öndərdən götürülmüş humanizm prinsipi

Ulu Öndərdən götürülmüş humanizm prinsipi

Dünən Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında qanvermə aksiyası keçirilib. Təşkilatın sədri Təmraz Tağıyev bildirib ki, aksiya Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə təşkil olunub: "Artıq belə tədbirlərin keçirilməsi ənənə halını alıb. Bugünkü aksiyada 600 nəfərə yaxın rayon sakinləri, o cümlədən, partiya üzvləri iştirak ediblər. Bu, humanizmi əks etdirən bir aksiyadır. Burada verilən qan talassemiya xəstəliyindən əziyyət çəkənlər üçün istifadə olunacaq".

B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının donorların tibbi müayinəsi şöbəsinin həkim-terapevti Günel Əliyeva isə bildirib ki, ölkəmizdə daim müəyyən təşkilatlar könüllü olaraq donorları qanvermə prosesinə cəlb edirlər. "Bu aksiyada da donorlar könüllü olaraq iştirak edir. Bir neçə saat davam edən tədbirdə 500 nəfərdən çox insan qan verdi. Biz burada 11 nəfərdən ibarət briqada ilə çalışırıq. Burada toplanan qan talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq".

Nərimanov rayon gənclər və idman idarəsinin rəisi Nəcəf Novruzov YAP rayon təşkilatında keçirilən bu aksiyanı yüksək qiymətləndirib. Onun sözlərinə görə, gənclər belə təşəbbüsləri həmişə dəstəkləyir: "Gördüyünüz kimi, bu aksiyanın iştirakçıları da əsasən gənclərdən ibarətdir. Gənclərimiz həmişə belə xeyirxah təşəbbüslərin tərəfdarı və iştirakçısıdırlar".

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kafedra müdiri Lalə Əhmədova da bu təhsil müəəsisənin nümayəndələrinin aksiyada fəal iştirak etdiyini deyib: "Bu aksiya Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirildiyi üçün xüsusilə əlamətdardır".

Aksiyada iştirak edən Nərimanov rayon icra hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Abdin Fərzəliyev qan verdikdən sonra jurnalistlərə açıqlama verib: "Bu cür aksiyaların keçirilməsi qana ehtiyacı olanlara böyük köməkdir. Ölkəmizdə qan xəstəliklərindən əziyyət çəkənlər üçün mühüm tədbirlər həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti hər kəs üçün nümunədir. Fondun təşəbbüsü ilə inşa olunan Talassemiya Mərkəzi və bu qəbildən olan digər səhiyyə ocaqları ölkə əhalisinin bütün təbəqələrinə olan diqqət və qayğının təcəssümüdür. Bu, çox xeyirxah missiyadır. Hesab edirəm ki, belə missiyalar gələcəkdə də davam edəcək".

A.Fərzəliyev onu da bildirib ki, Rusiya Federasiyasının Nərimanov rayonu ilə qardaşlaşmış Həştərxan şəhərində də aprelin 10-dan başlayaraq, Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Mayın 14-də keçiriləcək konfransda Nərimanov rayonunun nümayəndə heyəti də iştirak edəcək. İcra başçısının sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Nərimanov rayonunda qanvermə aksiyasından başqa gül bayramının və yaşıllaşdırma tədbirinin keçirilməsi nəzərdə tutulur.

R.HÜSEYNOVA

Digər xəbərlər