PDF Oxu

Sosial

  • 14

“Azərbaycan” klipinin təqdimat mərasimi keçirildi

“Azərbaycan” klipinin təqdimat mərasimi keçirildi

Yeni Azərbaycan Partiyası Gənclər Birliyi təşkil etdiyi müxtəlif tədbirlərlə ölkə gənclərinin vətənpərvərlik ruhunda tərbiyə olunması, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılması istiqamətində ardıcıl olaraq layihələrini davam etdirməkdədir. YAP Gənclər Birliyi özünün həyata keçirdiyi layihələrdən əlavə bu səpkili müxtəlif layihələrin reallaşması üçün də təşkilatçılıq edir.

Dünən Bakı Caz Mərkəzində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Xuraman Şuşalının birgə layihəsi əsasında təşkil olunan "Azərbaycan" klipinin təqdimat mərasimi bu layihələrin davamıdır.

Milli vətənpərvərlik ruhunda olan videoklipin təqdimat mərasimini giriş sözü ilə açan YAP Gənclər Birliyi ofisinin rəhbəri Sərraf Hüseynov qeyd etdi ki, YAP Gənclər Birliyi bu tədbirləri keçirməklə gəncləri ətrafında birləşdirməyə, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin ideyaları ətrafında cəmləşdirməyə səy göstərir: "Klip "Azərbaycan" adlandırılır. Bu Azərbaycanın böyüklüyünü, zənginliyini, güclülüyünü, eyni zamanda, gənclər potensialını özündə əks etdirən bir musiqi nömrəsidir".

Təqdimat mərasimində çıxış edən Xuraman Şuşalı, ilk dəfə olaraq, Azərbaycan dövləti, bayrağı ətrafında musiqi əsəri yaratdığını söyləyərək, bu nümunənin Ulu Öndər Heydər Əliyevin 89-cu ildönümü ərəfəsində təqdim etdiyindən böyük qürur duyduğunu söylədi. Artıq 12 ildir ki, YAP-ın sıralarında olduğunu söyləyən Xuraman Şuşalı bu sayın ömrü olacağı qədər üstünə illər gələcəyini də bildirdi. Sonra klipin təqdimat mərasimi keçirildi. Azərbaycan bayrağının dalğalanması ilə başlanan klip Heydər Əliyev dühasının əzəməti altında müstəqil dövlətin nailiyyətlərini göz önündə canlandırır. Azərbaycanın milli ordusu, dövlətin müstəqilliyini əks etdirən məqamlar və digər görüntülər dövlətimiz haqqında kifayət qədər reallıqları tamaşaçısına çatdıra bilir.

Heydər Əliyevin siyasətini, strateji xəttini davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən böyük layihələri çərçivəsində ölkənin işıqlı gələcəyə inamla addımlaması klipdə real görüntülərlə təqdim olunur. Müğəninin klip boyu qırmızı, yaşıl və göy libaslarda olması onun Azərbaycana olan bağlılığı və bayrağına olan məhəbbətinin təsviri olaraq diqqətdədir. Klip iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Klipdəki görüntülər və musiqi, birmənalı olaraq, Azərbaycana, onun atributlarına həsr edilmiş və müğənni bu dəyərləri kifayət qədər musiqi dili ilə çatdırmağa müvəffəq olmuşdur.

Klipin təqdimatından sonra YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək, layihənin bu günə qədər təşkilat tərəfindən həyata keçirilən növbəti addım olduğunu söylədi: "Belə tədbirləri keçirməklə gənclərdə azərbaycançılıq məfkurəsinin aşılanmasına nail olmaq məqsədinin reallaşmasına çalışırıq. Bu cür kliplərin nəinki Azərbaycanda, eləcə də, dünyanın müxtəlif ölkələrinə səfər edən şəxslər tərəfindən xarici dövlətlərdə təqdim olunması belə əhəmiyyətlidir."

S.Orucov "Azərbaycan" klipinin əhəmiyyətinə nəzər salaraq, bir daha klipin yaradıcı heyətinə təşəkkür edib, uğurlar arzuladı.


NƏZAKƏT

Digər xəbərlər