Dünən Binəqədi rayon icra hakimiyyətinin təşkilatçılığı ilə rayon icra hakimiyyətinin akt zalında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Azərbaycan Səninlədir-Sənsiz deyil" adlı yaradıcılıq müsabiqəsinin yekun mükafatlandırılması ilə bağlı tədbir keçirildi. Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Nəbi Xəlilov, Milli Məclisin üzvləri Madar Musayev, Rafael Cəbrayılov, rayon partiya fəalları, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirdə müsabiqənin qalibi olmuş uşaqların mahnı və rəqsləri dinlənildi.
Müsabiqə ilə bağlı məlumat verən YAP Gənclər Birliyinin sədri, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov bildirdi ki, 2012-ci il 5 mart tarixindən start verilən müsabiqə iki mərhələdə keçirilib: "Məktəbdaxili mərhələ mart ayı ərzində rayonun orta ümumtəhsil məktəblərində keçirilib. Məktəbdaxili mərhələdə qalib gəlmiş şagirdlər rayon mərhələsinə vəsiqə qazanıb. Rayon mərhələsi isə 13-20 aprel tarixində 26 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzində də 32 orta ümummtəhsil məktəbinin, musiqi məktəblərinin, uşaq-gənclər yaradıcılıq mərkəzlərinin iştirakı ilə keçirilib".
O bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd Binəqədi rayonunda Ümummilli Lider Heydər Əliyevin xatirəsini daima yad etmək, yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması və onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılmasıdır. Müsabiqə aşağıdakı layihələr üzrə keçirilmişdir: ədəbi-bədii layihələr üzrə: şeir, bədii qiraət, rəsm, milli rəqs, musiqi (ifaçılıq, çalğı alətləri);elmi-texniki layihələr üzrə: aviomodel, raket modeli, gəmi modelçiliyi, radiotexnika və s. Müsabiqənin yekunlarına görə iştirakçılar arasında 15 nəfər I, 10 nəfər II, 9 nəfər III yerə layiq görülmüş, 7 nəfər isə fərqlənmişdir.
Tədbirdə çıxış edən Binəqədi rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi. O, qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin 89-cu ildönümü bu gün respublikamızda və onun hüdudlarından kənarda diaspora təşkilatları tərəfindən böyük ruh yüksəkliyi ilə qeyd olunur. X.İsgəndərov xalqın iradəsi ilə hakimiyyətə qayıdan müasir Azərbaycan dövlətinin memarı və qurucusu olan Heydər Əliyevin Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlərdən bəhs edərək, bu dahi şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında əvəzsiz xidmətlərindən danışdı: "Bu gün Heydər Əliyev siyasi xəttinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadi inkişafı davamlı xarakter almış, Azərbaycan sosial-iqtisadi inkişaf tempinə görə dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilmişdir".
X.İsgəndərov Azərbaycanın çiçəklənməsi, xoşbəxt gələcəyi, eləcə də, Binəqədi rayonunun inkişafı naminə rayon sakinlərini monolit birliyə çağırarıq, Binəqədi rayonunun Bakının qabaqcıl rayonları sırasında yer alacağına ümidvar olduğunu vurğuladı. Ümummilli Liderin layiqli davamçısı olan, Onun siyasi kursunu ləyaqətlə davam etdirən Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırdı.
Bu gün gənclərimiz xalqımızın xoşbəxt gələcəyinə ömrünü həsr etmiş Ulu Öndər Heydər Əliyev siyasətinə əməli işlərlə cavab verməlidir. Rayon icra başçısı qeyd etdi ki, Azərbaycanın işıqlı gələcəyi naminə gənclərimizin potensialından maksimum istifadə olunmalıdır. Ona görə də, istedadlı gəncləri irəli çəkməli, onları düzgün istiqamətləndirilməli, dövlət quruculuğunda əmək və bacarıqları səfərbər olunmalıdır. Tədbirin sonunda müsabiqədə hər nominasiya üzrə I, II, III yerləri tutmuş iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom, rayon icra hakimiyyəti tərəfindən isə xatirə hədiyyələri ilə təltif olundular. Sonra rayon icra başçısı X.İsgəndərov müsabiqənin qalibi olmuş yaradıcı gəncləri təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayıb, birgə xatirə şəkli çəkdirdi.
ZÜMRÜD BAYRAMOVA