PDF Oxu

Sosial

  • 8

“Gənclər Heydər Əliyev irsini öyrənir” mühazirə kursuna yekun vurulub

“Gənclər Heydər Əliyev irsini öyrənir” mühazirə kursuna yekun vurulub

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Gənclər Heydər Əliyev irsini öyrənir" adlı mühazirə kursuna yekun vurulub.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva bildirib ki, hər il may ayının ilk ongünlüyündə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin doğum günü münasibəti ilə ölkəmizdə və ölkə sərhədlərindən kənarda müxtəlif tədbirlər keçirilir: "Bu tədbirlərin əsas mahiyyəti həm ölkə ictimaiyyətinə, xüsusən də, gənc nəslə, həm də dünya ictimaiyyətinə Heydər Əliyev irsi haqqında daha müfəssəl bilgilər vermək və onun planetar siyasətçi kimi gördüyü işləri müxtəlif aspektlərdən təhlil etməkdir. Bu baxımdan, hər il olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi Ulu Öndər Heydər Əliyevin doğum günü münasibəti ilə silsilə tədbirlər planı hazırlayıb və həyata keçirməkdədir".

Aygün Əliyeva diqqətə çatdırıb ki, bu tədbirlərdən birincisi Heydər Əliyev irisinin daha dərindən araşdırılması, Ümummilli Liderin ölməz ideyalarının gənclər arasında təbliği məqsədilə təşkil olunan "Gənclər Heydər Əliyev irsini öyrənir" adlı mühazirə kursudur: "30 aprel - 7 may tarixləri arasında keçirilən mühazirələri ölkəmizin tanınmış siyasi xadimləri, elm adamları dinləyicilərin diqqətinə çatdırıb. Mühazirələr Heydər Əliyevin ölkəmiz üçün gördüyü işlərin müxtəlif tərəflərini özündə ehtiva edib. Ulu Öndərin anadan olmasının 89-cu ildönümü ərəfəsində YAP Gənclər Birliyi və ADPU-nun Tələbə Gənclər Təşkilatı tərəfindən təşkil edilmiş mühazirə kursu Azərbaycan Dövlət Pedaqoji Universitetinin Heydər Əliyev lektoriyasında keçirilib. Kurslarda "Heydər Əliyev və Azərbaycan dili", "Heydər Əliyev və milli tariximiz", "Heydər Əliyevin neft strategiyası", "Heydər Əliyev və milli mədəniyyətimiz" mövzularında mühazirələr oxunub".

YAP Gənclər Birliyinin sədr müavini A. Əliyeva 30 aprel - 7 may tarixləri arasında keçirilən mühazirələrdə məruzə ilə çıxış edən ADPU-nun müəllim və professor heyətinə təşəkkürünü bildirib.

"Heydər Əliyev və ordu quruculuğu" mövzusunda məruzəçi qismində çıxış edən ADPU-nun Təlim-tərbiyə işləri üzrə prorektoru, professor Rafiq Baxşəliyev bildirib ki, Azərbaycan xalqının əsrlər boyu öz zəngin hərbi-tarixi ənənələri olub və bu xalq öz ənənələrinə sadiq qalaraq torpağına göz dikən yağı düşmənə qarşı müharibələrdə əsil şücaət, əzmkarlıq göstərib: "Azərbaycanda hərbi kadr hazırlığına İttifaq rəhbərliyi hər zaman ögey münasibət göstərib. Yalnız Ümummilli Liderimiz Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə ordu quruculuğu, milli zabit kadrlarının hazırlığı məsələləri daim önə çəkilib. Heydər Əliyev 1971-ci ildə böyük səylər nəticəsində Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olub. Təsadüfi deyildir ki, C.Naxçıvanski adına Hərbi Məktəb, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, ordu quruculuğunda əsas bazalardan birinə çevrilmişdir".

Rafiq Baxşəliyev 1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycanda mürəkkəb ictimai-siyasi durumun olduğunu diqqətə çəkib: "Keçmiş Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verilmiş, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qalmışdı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə ilə üz-üzə qoymuşdu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atılmış, 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandı.

Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesi də daim diqqət mərkəzində idi. 90-cı illərin ortalarından başlayaraq Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin sürətlə təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına gətirib çıxarıb".

Rafiq Baxşəliyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələri bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz şərəfli missiyasını uğurla davam etdirir. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri bu gün dünya standartlarına cavab verən səviyyədə formalaşıb".

Mühazirədə iştirak edən tələbələr məruzəçiyə mövzu ilə bağlı suallar ünvanlayıblar. Sonda Ulu Öndərin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş "Gənclər Heydər Əliyev irsini öyrənir" adlı silsilə mühazirələrdə iştirak etdiyinə görə, bir qrup tələbə YAP Gənclər Birliyi tərəfindən diplomlarla təltif olunub.


CABİR

Digər xəbərlər