PDF Oxu

Sosial

  • 10

ULU ÖNDƏR, DAHİ LİDER

ULU ÖNDƏR, DAHİ LİDER

Dünən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının konfrans salonunda YAP Sumqayıt şəhər gənclər birliyinin Ümummilli Lider Heydər Əliyevin 89-cu ildönümünə həsr olunmuş geniş toplantısı keçirilmişdir. Tədbirdə Sumqayıt şəhərinin gənc fəalları, ictimai xadimləri və digər şəxslər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının idarə heyətinin üzvü Ceyhun Məmmədov bildirdi ki, bu gün ökəmizin hər bir guşəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 89-cu ildönümü təntənə və coşqu ilə qeyd olunmaqdadır. Bu baxımdan, Sumqayıt gəncləri, eləcə də, səkkiz minlik üzvü olan Sumqayıt YAP-çıları da Ulu Öndərin 89-cu ildönümünü böyük fəxrlə qeyd edirlər: "Dahi Liderin adı ilə bağlı bir çox məxsusi günlər mövcuddur. Həmin məxsusi və tarixi günlərdən ən əsası isə Onun 1993-cü ildə hakimiyyətə möhtəşəm qayıdışıdır. Məhz həmin dövrlərdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın xilaskarı kimi ölkəmizi, xalqımızı, dövlətçiliyimizi, müstəqilliyimizi qarşılaşdığı ağır günlərdən qurtadı. O, bu tarixi qayıdışı ilə Azərbaycan xalqını xaosdan qurtardı. Və bu gün gənc nəslin inkişafı, tərəqqisi, təbii ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasətinin nəticəsidir. Məhz bu siyasət, bu uğur cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir".

Sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Dövlət himni səsləndikdən sonra isə, Ümummilli Lider Heydər Əliyevin keçdiyi həyat yoluna həsr edilmiş sənədli film nümayiş olundu.

Daha sonra söz məruzə üçün YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Orucəli Məmmədova verildi. O.Məmmədov məruzəsində Dahi Şəxsiyyət Heydər Əliyevin irsinin davamlı olaraq öyrənilməsinin vacibliyini vurğulayaraq, qeyd etdi ki, Ulu Öndər Azərbaycan tarixinə onun xilaskarı kimi düşmüşdür: "Bu gün Azərbaycan bütün istiqamətlərdə əldə etdiyi inkişafına, tərəqqisinə görə dünyada lider dövlətdir. Təbii ki, bütün bu uğurların təməlini məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev qoymuşdur.

Məhz Ulu Öndərimizin xilaskarlığı nəticəsində, Azərbaycanın milli-mədəni dəyərləri, azərbaycançılıq məfkurəsi, eləcə də, digər cəhətlər qorunub saxlanılmış, inkişaf etdirilmişdir".

Daha sonra çıxış edənlər - YAP Sumqayıt şəhər gənclər birliyinin sədr müavini Elmar Məmmədov, Sumqayıt şəhər müəllimlər şurasının üzvü Şəfa Rzayeva, YAP Sumqayıt şəhər təşkilatının gənclərlə iş üzrə sədr müavini Elmar Xəlilov öz çıxışlarında Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən, təhsil, idman və mədəniyyət sahələrinin inkişafı haqqında fikirlərini bildirdilər. Gənclər vurğuladılar ki, Dahi Şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir və hər bir Azərbaycan gənci Onun ətrafında sıx və mütəşəkkil olaraq birləşib.


Rövşən RƏSULOV

Digər xəbərlər