Dünən Ulu Öndərimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Daşkəsən rayonunda möhtəşəm bayram tədbirləri keçirildi. Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində tədbirlər planına uyğun olaraq dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, rəsm və inşa yazı müsabiqələri, bilik və idman yarışları, oxucu konfransları təşkil olundu. Qeyd olunan tədbirlərdə daşkəsənlilər bir daha Ulu Öndərə olan xalq sevgisini, məhəbbətini nümayiş etdirdilər. Tədbir iştirakçıları ilk öncə rayon mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə əklil və tər gül dəstələri düzdülər. Bayram mərasimləri rayonun Bayraq Meydanındakı parkda təntənəli şəkildə davam etdirildi.
Tədbirdə çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev rayon ictimaiyyətinin nümayəndələrini, qonaqları salamlayaraq, onları bayram münasibəti ilə təbrik etdi. Ə.Abıyev Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun ölkəmizin inkişafı yolundakı misilsiz xidmətlərindən danışdı: "Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı sayəsində Azərbaycan həm iqtisadi, həm siyasi baxımdan öz uğurlu addımlarını atdı. Ümummilli Liderimiz Heydər Əliyev bütövlükdə siyasi səhnəyə daxil olduğu illərdən - gənclik dövründən başlayaraq, Özünü böyük şəxsiyyət kimi sübuta yetirmiş, qurucu insan, mahir idarəçi və böyük düşüncə sahibi olduğunu göstərmişdir. O, xalqın tarixində dönüş yarada bilən bir Lider idi. Onun uzaqgörənliyi sayəsində respublikamız iqtisadi inkişafa doğru istiqamət götürdü, dünya birliyinə inteqrasiya etməyə başladı, Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətə çatdırıla bildi".
"Müstəqilliyimizin ilk illərində baş verən siyasi-iqtisadi çətinliklər, yəqin ki, hamımızın yaddaşındadır" fikrini söyləyən Ə.Abıyev bildirdi ki, həmin illərdə ölkədə anarxiya, xaos, özbaşınalıq Azərbaycanın müstəqilliyini təhlükə qarşısında qoymuşdu: "Ordu hissələri ayrı-ayrı şəxslərin tabeliyində fəaliyyət göstərirdi. Bundan istifadə edən düşmənlərimiz torpaqlarımızı işğal etməkdə davam edirdi. Bu ağır günlərdə xalq öz nicatını Ulu Öndər Heydər Əliyevin qayıdışında gördü. Beləliklə, xalqın tələbi ilə Ulu Öndər Bakıya dəvət edildi. Ulu Öndərin Azərbaycanın müstəqilliyinin qorunmasındakı və möhkəmləndirilməsindəki rolu olduqca böyükdür. Hesab edirəm ki, hər bir azərbaycanlı gənc, partiya mənsubiyyətindən, siyasi baxışından asılı olmayaraq, hər kəs DAHİ ŞƏXSİYYƏT Heydər Əliyevin banisi olduğu Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə öz töhfəsini verməlidir".
Ə.Abıyev Ulu Öndərin siyasi kursunun layiqli davamçısı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi və hərbi baxımdan gücləndiyini, regionun lider dövlətinə çevrildiyini bildirdi: "Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli və ardıcıl siyasəti nəticəsində ölkədə inkişaf və sabitlik hökm sürür və bu əhəmiyyətli amil qarşıdakı illərdə də davam edəcəkdir. Bu gün xalqımız Ümummilli Lider Heydər Əliyevin siyasi varisi - yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar şəxsiyyət kimi dünya siyasətində özünəməxsus yer tutan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşmişdir. Tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə başa çatdıracaq, Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə zənginləşdirəcəkdir. Ulu Öndər Heydər Əliyev irsini öyrənmək və təbliğ etmək bizim hər birimizin məsul və şərəfli borcudur. Milli dövlətçilik və inkişaf yolumuz Ulu Öndərimizin ideyalarının davamlı inkişafının təminatıdır".
İcra hakimiyyətinin başçısı, eyni zamanda, tədbir iştirakçılarının diqqətini Azərbaycanda gedən çox böyük quruculuq və abadlıq işlərinə yönəltdi, müstəqil Azərbaycanın keçdiyi 20 il ərzindəki qazandığı beynəlxalq uğurlarından danışaraq, qeyd etdi ki, bu gün Vətəni, xalqı sevən hər bir azərbaycanlı dünya şöhrətli Prezidentimiz cənab İlham Əliyevlə öyünür, fəxr edir: "BMT-də Azərbaycanın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olarkən 155 ölkənin respublikamızı dəstəkləməsi və həmin quruma Sədrlik etməsi ölkə başçısı möhtərəm Prezident İlham Əliyevin beynəlxalq aləmdəki uğurudur".
Ə.Abıyev daha sonra qeyd etdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə rayonun Zağalı-Kollu-Çıraqlı istiqamətində yeni yol tikintisi üçün ayırdığı vəsaitə, ümumiyyətlə, daşkəsənlilərə göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından minnətdarlığını bildirir: "İnanırıq ki, bu yol bizi qələbəyə aparan yol olacaq və Daşkəsən rayonu da respublikanın ən inkişaf etmiş rayonları sırasına qoşulacaqdır. Daşkəsənin tarixində indiyədək görünməmiş belə böyük tikinti və abadlıq işləri bizləri möhtərəm Prezidentimizin ətrafında daha sıx birləşərək Ulu Öndərimizin uzaqgörən siyasətini uğurla davam etdirməyə ruhlandırır. Budur, gözlərimiz qarşısında dayanan 50 ədəddən çox ağır texnika bu əziz gündə Prezidentimizin müvafiq Sərəncamının tələblərindən irəli gələn vəzifələri yerinə yetirmək üçün tikinti meydanına yollanır. Ulu Öndərin məşhur kəlamında deyildiyi kimi : "Yol - iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir." Daha sonra tədbirdə Daşkəsənin 20 fəal gəncinə Yeni Azərbaycan Partiyasının vəsiqələri təntənəli şəkildə təqdim edildi. Beləliklə, daha 20 daşkəsənli Yeni Azərbaycan Partiyasının sıralarına qəbul olundu. Sonra Daşkəsən məktəbliləri arasında keçirilmiş "Heydər Əliyev və Azərbaycan" inşa-yazı müsabiqəsində fərqlənmiş 5 əlaçı şagirdə qiymətli hədiyyələr verildi.
Eyni zamanda, Ulu Öndərin anadan olmasının 89-cu ildönümü ilə bağlı keçirilən möhtəşəm bayram tədbirində əzəmətli "Heydər Bulağı"nın açılışı oldu.
Tədbir respublikanın xalq artistləri Mənsum İbrahimovun, Aybəniz və Şahnaz Haşımova bacılarının və Daşkəsən incəsənət məktəbinin musiqi və rəqs kollektivlərinin maraqlı zəngin repertuarları ilə başa çatdı.
RƏFİQƏ KAMALQIZI