Nəsimi rayonunda yerləşən "Zorge" bağında Nəsimi rayon icra hakimiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar ənənəvi Gül bayramı keçirdi. Bayramla əlaqədar "Zorge" bağında abadlıq işləri aparılıb.
Həmçinin, rayonun orta məktəbləri və məktəbəqədər təhsil müəssisələri tərəfindən ciddi hazırlıq işləri görülüb. Paytaxt sakinlərinin sevimli istirahət guşəsi olan "Zorge" bağının yuxarı hissəsində səyyar səhnə quraşdırılmışdı. Musiqi təranələri, təntənəli marşların sədaları ətrafa yayıldıqca, paytaxt sakinlərinin üzlərində sevinc, dodaqlardakı xoş sözlər, könüllərdəki xoş ovqat keçirilən "Gül bayramı"nın təntənəsini dəqiqələr ötdükcə daha da artırırdı. Ümummilli Lider Heydər Əliyevin portreti, dövlət rəmzləri gül-çiçəkdən toxunmuş çeşidli lövhələri Ulu Öndərə xalq sevgisinin, onun qurub-ucaltdığı müstəqil dövlətimizə övladlıq borcunun ətirli və təravətli görüntüləri kimi hər kəsin diqqətini cəlb edirdi. Şagirdlər, tələbələr, rayonda yaşayan bədii-tərtibat ustaları, gənc dizaynerlər sanki bir-birindən ifadəli əsərləri ilə nəhəng bir gözəllik yarışmasına toplaşmışdılar. Bayramın gözəl və yaddaqalan keçməsi üçün Nəsimi rayonundakı idarə və müəssisələr, o cümlədən, rayonda yerləşən 159, 152, 133, 259, 54, 1 saylı məktəblərin şagirdləri və bağça uşaqları məktəbi canlı və süni güllərdən düzəldilmiş ekspozisiyar hazırlamış, mütəxəssislərlə yanaşı, gənc tələbə dizaynerlər bu ekspozisiyaların gözəlliyi üçün çox çalışmışlar. Həmçinin, rayonun orta və orta ixtisas məktəblərinin müxtəlif çiçək və güllərdən, bitkilərdən, yarpaqlardan hazırladıqları rəngarəng tablolar, aplikasiyalar gül kompozisiyaları öz görünüşü və gözəlliyi ilə seçilmiş, şagirdlərin fantaziyaları və imkanları nümayiş etdirilmiş, bayramda iştirak edən Bakı sakinlərinin, şəhərimizin çoxsaylı qonaqlarının diqqətini cəlb etmişdir.
Tədbirdə çıxış edən Nəsimi rayon icra hakimiyyətinin başçısı Nəsib Məhəməliyev bildirdi ki, müasir Azərbaycan tarixinin önəmli bir mərhələsi Ulu Öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır: "Müstəqil ölkəmizin bugünkü uğurları Ulu Öndərimiz Heydər Əliyevin əsasını qoyduğu strategiyasının təntənəsidir. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır. Həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. İqtisadi artım tempinə görə respublikamız son illər bütün dünyada lider mövqeyə yüksəlib. Bu uğurlar Ümummilli Liderimiz Heydər Əliyev zəkasının bəhrəsidir. Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu Öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir".
Tədbirdə çıxış edən millət vəkili Məlahət İbrahimqızı isə vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin qurduğu və xalqımıza etibar etdiyi Azərbaycan dövlətidir: "Bu dövlət hər ili başa vurduqca, yaşının üstünə yaş gəldikcə, onun hər uğurunun üzərinə yeni uğur əldə etdikcə, Heydər Əliyev yaşayacaq".
Bayram bağça uşaqlarının və məktəblilərin, eləcə də, incəsənət ustalarının konsert proqramı ilə davam etdirildi.
R.Hüseynova