PDF Oxu

Sosial

  • 10

Daşkəsənlilər Şuşasız keçən 20 ili ürəkağrısı ilə qeyd etdilər

Daşkəsənlilər Şuşasız keçən 20 ili ürəkağrısı ilə qeyd etdilər

Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

Dünən Şuşanın işğalının 20 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edən rayon ictimaiyyəti Ermənistan silahlı qüvvələrinə nifrət və qəzəb hissi ilə Şəhidlər Xiyabanını ziyarət edib, şəhid qəbirləri üzərinə tər çiçəklər düzdülər. Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirildi. Daşkəsən rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev Şuşanın işğalının 20-ci ildönümü ilə əlaqədar ölkə Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsaslanaraq, geniş tədbirlər keçirildiyini bildirdi. İyirmi ildir ki, Azərbaycanın Şuşasız olduğunu təəssüf hissi ilə qeyd edən rayon rəhbəri bildirdi ki, hər bir azərbaycanlı Qarabağa daha da yaxın olmaq üçün əlindən gələni etməlidir: ""Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında" Azərbaycan Prezidentinin imzaladığı Sərəncam ölkəmizin Şuşanı heç vaxt unutmadığını bir daha sübut edir. Şuşa siyasi, mədəni və mənəvi baxımdan Azərbaycan üçün çox önəmlidir. Onu da deyim ki, Sərəncamın tələblərindən irəli gələn tədbirlər planına uyğun olaraq bir sıra tədbirlər ümumtəhsil məktəblərində və mədəni-maarif müəssisələrində ilboyu davam etdiriləcəkdir".

Rayon rəhbəri Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı daşkəsənlilərin beynəlxalq təşkilatlara müraciətin hazırlandığını da diqqətə çatdırdı: "8 may - işğal günü ərəfəsində beynəlxalq təşkilatlara göndəriləcək müraciətdə Şuşanın işğalından ötən dövr ərzində baş vermiş proseslər, ermənilərin işğalçılıq siyasətinin davam etməsi, Şuşada Azərbaycana məxsus tarixi-mədəni abidələrin dağıdılması və digər məsələlər öz əksini tapacaqdır. Doğrudur, 20 ildir ki, Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən Ümummilli Lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur". Biz inanırıq ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında tarixi torpaqlarımız olan Dağlıq Qarabağa və Azərbaycanın musiqi beşiyi sayılan Şuşamıza qayıdacağıq. Müstəqil Azərbaycanımızın bayrağı həmin ərazilərdə dalğalanacaqdır. O gün uzaqda deyil. Bizim hər birimiz öz əməli işlərimizlə o günlərə yaxınlaşırıq".

Dəyirmi masada çıxış edən Daşkəsən rayon icra hakimiyyətinin başçısının müavini Cavanşir Qocayev bildirdi ki, Şuşa əzəli və əbədi, qədim Azərbaycan torpağı olubdur. Bu kədərli gündə Şuşanın tarixini vərəqləmək yerinə düşərdi. Qeyd etdi ki, XIX əsrin ikinci yarısından başlayaraq Şuşa şəhəri Azərbaycanın siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynamışdı.

Dəyirmi masada rayon təhsil şöbəsinin metodisti Tofiq Qənbərov, rayon gənclər və idman idarəsinin rəisi Samir Həsənov, rayon müharibə, əmək və silahlı qüvvələri veteranları şurasının sədri Elman Məmmədov, Daşkəsən RİHB-nin Daşkəsən şəhər inzibati ərazi üzrə nümayəndəsi Nüsrət Vəliyev və başqaları Şuşa ilə bağlı ürək sözlərini ifadə etdilər.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər