Ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velotur keçirilir. AzərTAc xəbər verir ki, mayın 10-da veloturun növbəti mərhələsinə iki istiqamətdən start verilmişdir. Birinci dəstə Azadlıq meydanından, ikinci isə Qaradağ rayonu ərazisindən İsmayıllıya yola düşmüşdür. Pelaton ikinci mərhələ çərçivəsində Bakı-İsmayıllı marşrutu üzrə 176 kilometr məsafə, o cümlədən Böyük Qafqaz dağlarında 3 yüksəklik qət edəcəklər. 150 kilometrdən sonra pelaton veloturun ən yüksək nöqtəsinə çatacaq və enişli yolla İsmayıllıya - finiş xəttinə istiqamətlənəcəkdir. Veloturda ümumilikdə 18 komanda mübarizə aparır ki, bunlardan dördü - Qazaxıstan, Belarus, Moldova və Avstraliya yığmalarıdır. Digər 14 komanda isə müxtəlif ölkələri təmsil edən klublardır. Azərbaycan veloturda iki klubla ilə təmsil olunur - "Sumqayıt" və "ATA Sport"
Qeyd edək ki, turnirin ilk günü qadın velosipedçilərin yarışında Azərbaycan idmançısı Yelena Çalıx, kişilərin komanda yarışının ilk mərhələsində isə Rusiyanın "İtera Katyuşa" klubu qalib gəlmişlər.