Qəzetimizdə dəfələrlə Əli Kərimovun siyasi əxlaq və mənəvi-milli keyfiyyətlərdən uzaq addımlar atması, şəxsi maraqları naminə hətta, gəncləri belə qurban verməsi haqqında faktoloji materiallar təqdim etmişik. Eyni zamanda, faktlarla sübuta yetirmişik ki, müstəqilliyimizin ilk illərində gənclərimizin potensialı AXC-Müsavat deyilən qaragüruhçuların çirkin əməllərinin həyata keçirilməsinə istiqamətləndirilmişdi. Həmin dövrdə gənclər müxtəlif kriminal və özbaşınalıq fəaliyyətlərinə cəlb edilmiş, cinayətlərin törədilməsinə sürüklənmişlər.
Ulu Öndər gəncliyimizi xilas etdi
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycan gəncliyi onun üçün daha doğru yolun dövlətə və müstəqilliyə xidmət olduğunu anlamağa başladı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən institusional islahatlar nəticəsində gənclərin potensialı maksimum şəkildə dövlətimizin quruculuğu prosesinə yönəldildi.
Həmin siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin praqmatik fəaliyyəti nəticəsində isə bu gün Azərbaycan gəncləri, nəinki ölkənin inkişaf etdirilməsi prosesində iştirak edir, hətta xarici dövlətlərdə anti-Azərbaycan dairələrinə qarşı mübarizə aparır, doğma məmləkətimizin maraqlarını müdafiə edirlər. Ötən müddət ərzində vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, fəallığı, intellekti, müasirliyi ilə seçilən Azərbaycan gəncliyi ümummilli məsələlərin həllində ön sırada gedərək, Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələrilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər.
Müasir Azərbaycan gəncliyi iqtidarın siyasətini tam dəstəkləyir
Bu baxımdan da, bu gün Azərbaycan dövləti sürətli inkişaf və yüksəliş dövrünü yaşayır. Dövlətimiz davamlı olaraq, iqtisadi, siyasi, sosial və digər sahələrdə uğurlar əldə edir və perspektiv inkişafının konturlarını müəyyənləşdirir. Əlbəttə ki, burada dövlət aparatının həyata keçirdiyi məqsədyönlü siyasətlə yanaşı, cəmiyyətin də yüksək aktivliyi və işgüzarlığı öz sözünü deyir. Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin nümayəndələri dövlətin dinamik və stabil tərəqqisi üçün əlindən gələni edir. Bu işdə isə, təbii olaraq, Azərbaycan gəncliyi xüsusi rol oynayır. Təbii ki, Azərbaycan dövləti də gənclərin ictimai-siyasi, həmçinin, sosial-iqtisadi proseslərdə nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirir, onların həyat şəraitinin yaxşılaşdırılması, eyni zamanda, özlərini təsdiq etmək və yüksək səviyyədə təhsil almaları üçün bütün şəraiti yaradır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin gənclər siyasətinin başlıca məqsədləri də gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır. Bütün bunlar isə quru sözlərlə bəzədilmir, əksinə, real işlərin görülməsi üçün dövlət proqramları qəbul edilir və yüksək səviyyədə icra olunur. Azərbaycan gəncləri də Prezident İlham Əliyevin onlara olan diqqət və qayğısını daim hiss edir və bunu yüksək qiymətləndirirlər.
Radikallar gəncləri cılız məqsədləri üçün mənimsəyirlər
Təəssüflər olsun ki, müəyyən daxili və xarici qüvvələr Azərbaycan gənclərini düzgün yoldan çəkindirməyə, onları dövlətə qarşı yönəltməyə və öz çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Burada da, həmişə olduğu kimi, antimilli mövqedə durmuş radikal müxalifət nümayəndələri yer alırlar. Radikal müxalifət, xüsusilə, AXCP (i) sədri Ə.Kərimov ətraflarına yığdıqları 5-10 gənci yenidən mitinqlərə, piketlərə çıxmağa məcbur edir və onlardan öz cılız siyasi maraqları naminə istifadə etməyə çalışırlar.
Əli Kərimov gənclərə yalnız xəyanət, satqınlıq, riyakarlıq, dövlətə və xalqa qarşı düşmənçilik öyrədir
Qeyd edək ki, hər kəs bu radikalların əvvəllər gəncləri hansı çirkin oyunların alətinə çevirdiyini görüb. Dağlıq Qarabağı ermənilərə satan, Azərbaycana təzyiq etmək üçün xarici dövlətlərin kəşfiyyat orqanlarına material ötürən gənclər, məhz AXCP (i) və Müsavatın sıralarından çıxıb. Həmin gənclər bəlkə də, etdiklərinin fərqini iş-işdən keçdikdən sonra anlamağa başlayırlar. Lakin məsələnin özəyi ondan ibarətdir ki, çirkin oyunların alətinə çevrilmiş gəncləri, məhz AXCP (i) sədri Ə.Kərimov yolundan azdırır. Əli Kərimov gənclərə yalnız xəyanət, satqınlıq, riyakarlıq, dövlətə və xalqa qarşı düşmənçilik öyrədir.
Ruslan Bəşirli Əli Kərimov tərəfindən "məhv edilmiş" gənclər sırasına daxildir
Burada fərqləndirici bir məqama da diqqət ayırmaq lazımdır. Belə ki, Ə.Kərimov riyakarlıq yoluna çəkdiyi gənclərdən cılız məqsədinə nail olmaq üçün istifadə etdikdən sonra onları lazımsız əşya kimi kənara atır. Bunun bariz nümunəsi kimi, Ə.Kərimov tərəfindən ermənilərlə sövdələşməyə göndərilən Ruslan Bəşirlinin timsalında görmək mümkündür. R.Bəşirli Əli Kərimov tərəfindən "məhv edilmiş" gənclər sırasına daxildir.
Gənclər Əli Kərimov kimi antimilli qüvvələrin maraqlarının təminatı alətinə çevrilməməlidir
Ə.Kərimovun cılız siyasi maraqlarının aləti olmamaq üçün gənclər son dərəcə ayıq-sayıq olmalı və fəaliyyətlərini yalnız dövlətçilik naminə qurmalıdırlar. Hər zaman dövlətinə və xalqına hədsiz sədaqətini nümayiş etdirmiş gənclərimiz radikalların avantüralarına uymamalı, mitinq və etiraz aksiyaları çağırışlarını rədd etməlidirlər. Çünki məmləkətinə və xalqına xəyanətkar mövqe tutmuş gənclər heç bir halda dövləti qurub-yaratmış və bugünkü nəsillərə ötürmüş dahilərin onların üzərinə qoyduğu mənəvi məsuliyyəti hiss edə, qarşıya qoyulmuş ümummilli missiyanın daşıyıcısına çevrilə bilməzlər.
"Səs" Analitik Qrupu