Yan Ola Sand:"Bakıdakı "Eurovision-2012" Mahnı Müsabiqəsində hər kəs musiqi ilə yanaşı, şəhərin gözəlliyindən və qonaqpərvərliyindən də zövq alacaq".
Azərbaycan "Eurovision-2012" Mahnı Müsabiqəsinə yaxınlaşdıqca beynəlxalq aləmdə yarışmaya münasibətlərin miqyası da artmaqdadır. Bu ümumavropa şousunun təşkilinə aylar sərf olunsa da, işlər hələ də tam yekunlaşmayıb. Dünya mətbuatı, televiziya kanalları Azərbaycanda baş verən hadisələri mütəmadi olaraq izləyir, yerli ictimaiyyətin nümayəndələrinə maraqlı reportajları tədim edirlər.
Bu gün dünyanın görən gözünə çevrilən Bakı möhtəşəm şounun müsabiqənin tarixində əvəzsiz olması üçün bütün qüvvələrini səfərbər edib. Beynəlxalq əhəmiyyət kəsb edən layihə ilə bağlı mövcud olan görüşlər Bakı ətrafında dolğun təsəvvürlər yaradır. Bu günlərdə İslandiya televiziyası tərəfindən Bakı haqqında sənədli filmin hazırlanması, məhz bu diqqətin bir nümunəsidir. Belə ki, İslandiyanın RUV televiziyası "Bakıya gedən yol" adlı sənədli filmin çəkilişlərinə artıq start verib. Yaradıcı heyət filmin ilk epizodlarını İslandiyanın builki şou iştirakçıları Qreta Solome və Jonsi duetinin Milli Finaldakı qələbəsi zamanı lentə alıb. Bu silsilədən ilk ekran işi cütlüyün "Eurovision" Mahnı Müsabiqəsinin birinci yarımfinaldakı çıxışından iki gün əvvəl - mayın 20-də nümayiş olunacaq. Filmdə onların hazırlığı, "Bakı Kristal Zalı" səhnəsindəki məşqləri və müsabiqədən gözləntiləri ilə yanaşı, şəhərimiz haqqında düşüncələri də əksini tapacaq. Qeyd edək ki, yaradıcı heyət ötən il "Düsseldorfa gedən yol" adlı film hazırlayıb. Layihənin uğurunu nəzərə alan çəkiliş qrupu onu fərqli forma və məzmunda yenidən həyata keçirməyə qərar verib.
Sənədli ekran əsərində yaradılan görüntülər Azərbaycanda keçirilən şou ilə bağlı reallıqların diqqətə çatdırılmasında əhəmiyyətə malikdir. Bu filmdəki təəssüratlar Bakı gerçəkliklərinin artıq beynəlxalq aləmdə birmənalı olaraq qəbul edilməsinə yönəlib. Bu filmlə yanaşı, şou iştirakçıları Azərbaycan haqqında ilkin təəssüratlarını bölüşüb. Azərbaycanın ev sahibliyi edəcəyi 57-ci "Eurovision" Mahnı Müsabiqəsinin iştirakçıları Bakıda olduqları müddətdə şəhərimizi gəzmək və yaxından tanımaq arzusundadırlar. Azərbaycanın zəngin mədəniyyəti ilə tanış olmaq, "Bakı Kristal Zalı"nı görmək, "Odlar diyarı"nın qonaqpərvərliyini sezmək, milli mətbəximizin bir-birindən ləzzətli təamlarından dadmaq artıq qonaqların məqsədinə çevrilib. Eurovision.az. saytına müsahibə verən fransalı Anqun, niderlandlı Joan Franka, makedoniyalı Kaliopi, san-marinalı Valentina Monetta və başqalarının Azərbaycanla bağlı ilkin təəssüratları ölkəmizin zənginliyini göstərir. Bütün bu və digər münasibətlərin fonunda deyə bilərik ki, "Eurovision-2012" Mahnı Müsabiqəsində iştirak edəcək 41 ölkənin təmsilçilərinin əhvali-ruhiyyəsinə siyasi xarakterli çağırışlar heç bir təsirini göstərmir. Əksinə, dövlətimizlə bağlı təəssüratları onları Bakıya daha da yaxınlaşdırır. "Eurovision" müsabiqəsinin rəhbəri Yan Ola Sand müsahibələrinin birində Azərbaycanda keçiriləcək müsabiqədə təhlükəsizliyin yüksək səviyyədə olduğunu bildirib. "Baku Kristal Hall"ın içərisində də, ətrafında da tamamilə təhlükəsizlikdir və hamı bu layihədə rahatlıqla iştirak edə bilər. Bakıda səhnənin çox fərqli olduğu da onun diqqətindən yayınmayıb. Bakıdakı "Eurovision-2012" Mahnı Müsabiqəsində hər kəsin musiqi ilə yanaşı, şəhərin gözəlliyindən və qonaqpərvərliyindən də zövq alacağı şübhə doğurmur.
"Eurovision-2012" Mahnı Müsabiqəsinin aparıcıları da iştirakçı dövlətlər tərəfindən məhəbbətlə qarşılanır. "Brainpool" şirkətinin rəhbəri Yorq Qraboş üçlüyün-Eldar, Leyla və Nərgizin bu möhtəşəm şounun gözəl aparıcıları olacağını deyib. Aparıcılar mövcud möhtəşəmliyi Avropaya hiss etdirmək üçün var qüvvələrini səfərbər edəcəklər. Bu müsabiqənin 57 illik yarışma tarixində ən unudulmazı və yaddaqalan olması bu günün həqiqətlərindən artıq özünü göstərir.
NƏZAKƏT