PDF Oxu

Sosial

  • 7

HEYDƏR ƏLİYEV - ƏBƏDİYAŞAR LİDER

HEYDƏR ƏLİYEV - ƏBƏDİYAŞAR LİDER

YAP Şabran rayon təşkilatı və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Şabran rayon gənclərinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Gilgilçay səddi boyunca "Çıraqqala" tarixi abidələr kompleksinə yürüşü keçirilibdir. Yürüşdən öncə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, gənclər Ümummilli Lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılan abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.

Daha sonra rayon gənclərinin "Çıraqqala" tarixi abidələr komleksinə piyada yürüşü başladı. Uzun məsafəni qət edən rayon gəncləri, missiyanı uğurla başa çatdırdılar.

Piyada yürüş başa çatdıqdan sonra rayon ictimaiyyətinin iştirakı ilə "Çıraqqala" tarixi abidələr kompleksində geniş tədbir keçirildi. Mərasimdə çıxış edən Şabran rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun ölkəmizin inkişafı yolundakı misilsiz xidmətlərindən danışıb: "Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışı sayəsində Azərbaycan həm iqtisadi, həm siyasi baxımdan öz uğurlu addımlarını atdı. Ümummilli Liderimiz Heydər Əliyev bütövlükdə siyasi səhnəyə daxil olduğu illərdən - gənclik dövründən başlayaraq, Özünü böyük şəxsiyyət kimi sübuta yetirmiş, qurucu insan, mahir idarəçi və böyük düşüncə sahibi olduğunu göstərmişdir. O, xalqın tarixində dönüş yarada bilən bir Lider idi. Onun uzaqgörənliyi sayəsində respublikamız iqtisadi inkişafa doğru istiqamət götürdü, dünya birliyinə inteqrasiya etməyə başladı, Azərbaycanın haqq səsi beynəlxalq ictimaiyyətə çatdırıldı".

N.Novruzov Ümummilli Lider Heydər Əliyevin xalqımızın qəlbində əbədiyaşar mövqe qazandığını, dövlətimizin suverenliyi və millətimizin rifahı üçün həyata keçirdiyi işlərin böyüklüyü barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi. Rayon rəhbəri, bu gün Azərbaycan xalqının öz sevimli Lideri olan, həmçinin Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq, Onun siyasi kursunun layiqli davamçısı olan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini də vurğuladı.

Tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Süleyman Əliməmmədov qeyd etdi ki, müstəqil Azərbaycanın varlığı məhz Heydər Əliyevin adı ilə bağlıdır: "Təbii ki, dahi rəhbər hər zaman gənclərə diqqət və qayğı ilə yanaşmış, onların problemləri ilə maraqlanmışdır. Ulu Öndər gənc kadrların hazırlanmasını da həmişə diqqətdə saxlamışdır. Hələ keçmiş SSRİ dövründə Azərbaycan gənclərinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə xarici ölkələrdə təhsil almışlar".

Mərasimdə Qalaaltı sanatoriyasının direktoru Füzuli Mayılov, məktəbli Nigar Xudaverdiyeva, rayon təhsil şöbəsinin müdiri Emin Mövsümov və digərləri də Azərbaycan dövlətini və xalqını sevən hər bir insanın bugünkü firavanlığa, davamlı ictimai-siyasi sabitliyə, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun durmadan artdığına görə, Ulu Öndər Heydər Əliyevə və Onun siyasi kursunu layiqincə davam etdirən ölkə Prezidenti İlham Əliyevə borclu olduqlarını vurğuladılar.

Tədbirin sonunda yürüş iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

Mətləb

Digər xəbərlər