Azərbaycanın dünya xəritəsində yeri və rolu mökəmləndikcə, bəzi yerli və xarici qüvvələrin bu uğurlara qısqanclıq münasibətləri də daha alovlu xarakter almaqdadır. Bu səbəbdən, İran kimi dövlətlər bütün mümkün vasitə və üsullardan istifadə etməklə, Azərbaycanın nailiyyətlərinə kölgə salmağa çalışırlar. Hətta paxıllıq və qısqanclıq o həddə çatır ki, İran adlı dövlət Azərbaycana qarşı şər-böhtan xarakterli məlumatlar yaymaqdan da çəkinmir. Bakıda keçiriləcək "Eurovision"la bağlı İranın tutduğu destruktiv mövqe buna misal ola bilər. Azərbaycanın Təbrizdəki Konsulluğu qarşısında keçirilən aksiyada da Azərbaycan dövlətinin, xalqının əleyhinə ermənisayağı şüarlar səsləndiririlib.
İranın bəzi dairələrinin Azərbaycana qarşı tutduğu destruktiv mövqeyin arxasında rəsmi Tehranın dayandığını söyləmək olarmı? İranın anti-Azərbaycan mövqeyinin və münasibətinin arxasında dayanan qısqanc münasibət, narahatlıq, konkret olaraq, nə ilə bağlıdır? Məsələyə münasibət bildirən politoloq Elman Nəsirli qeyd etdi ki, İranda vəziyyət gərgin olaraq qalmaqdadır..
E.Nəsirlinin sözlərinə görə, İran tərəfi ölkəmizlə bağlı bu cür fikirlər səsləndirməklə, Azərbaycan dövlətinin daxili işinə qarşır. Bu da beynəlxalq hüquq pozuntusu kimi qeyd olunmalıdır. Bu zaman sual yaranır ki, nəyə görə belə bir addım atırlar? Məntiqi baxımından İran hazırda düşdüyü vəziyyətdə bu cür addım atmamalıdır. Çünki beynəlxalq iqtisadi və maliyyə sanksiyalarına tuş gələrək, ölkənin iqtisadiyyatı çox pis vəziyyətə düşərək, getdikcə dərinləşməyə doğru gedir. Bir sözlə, sözügedən ölkədə yoxsulluğun səviyyəsi 60 faiz təşkil edir. Hətta İranda vəziyyət o qədər gərgindir ki, sözügedən ölkənin Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şurasının sədri Səid Cəlili aprel ayının 14-də İstanbulda 5+1 danışıqları keçirilən zaman Avropa Birliyinin xarici məsələlərini koordinasiya edən Keştna yalvararaq, sanksiyaların İranı iflic vəziyyətə saldığı üçün onların zəiflədilməsini xahiş edib. Bu xəbəri isə Rusiyanın nüfuzlu Yaxın Şərq İnstitutu yayıb. Belə vəziyyətdə İranın dost itirən vaxtı deyil. İran tərəfinin belə vəziyyətdə faktiki müsəlman dünyasında yeganə müttəfiqi Suriya qalıb. Onun da hansı vəziyyətdə olduğu hər kəsə bəllidir. Belə olan təqdirdə, İranla çox yaxın qonşuluq münasibətlərində olan və bunu inkişaf etdirməkdə maraqlı olan Azərbaycanla münasibətləri korlamağa heç dəyməz. Onda necə ola bilər ki, İranda müəyyən hərbi-siyasi dairələr bu məntiqi nəzərə almırlar. Sadəcə olaraq, bu gün onları ən çox narahat edən məsələ daxildəki yuxarıda qeyd etdiyim gərgin vəziyyətdir. Əgər hansısa dövlət xarici siyasətdə özü üçün süni şəkildə problemlər yaradırsa, demək, 100 faiz onun daxilində vəziyyət olduqca çox pis bir durumdadır. Belə vəziyyətdə daxili ictimai fikri yayındırmaq üçün onlar xarici siyasət məsələlərində süni problemlər yaradırlar. Bu gün İran sosial partlayış ərəfəsindədir. Ona görə də, bu cür bəyanatlar verirlər. Bir sözlə, ictimai auditoriyanı və orada çox fəal olan azərbaycanlıların diqqətini belə süni problemlər yaratmaqla ölkədaxili məsələlərdən uzaqlaşdırmaq istəyirlər. Amma sonradan internet saytlarında yayılaraq, hər kəsə bəlli oldu ki, ümumiyyətlə, orada azərbaycanlılar iştirak etməyiblər. İranın farsdilli ərazilərindən insanları gətirərək, onları ərzaqla və maliyyələşdirməklə bu tədbiri keçirmək istəyinə düşüblər. Ona görə də, bu cür anti- Azərbaycan təbliğatı prinsip etibarı ilə bumeranq effektinə səbəb ola bilər. Orada olan azərbaycanlılar özləri üçün model hesab etdikləri Azərbaycan Respublikasına qarşı olan bu aksiyalardan çıxış edərək, öz dövlətlərinə qarşı adekvat addımlar ata bilərlər. Yəni, öz dövlətlərinə qarşı ayağa qalxa bilərlər. Bu baxımdan, İran rəhbərliyinin həyata keçirdiyi belə addımlar öz daxilində bumeranq effektinə səbəb ola bilər.
GÜLYANƏ