Azərbaycana qarşı aparılan kampaniyada ermənilərlə müxalifətçilərin mövqeyi üst-üstə düşür
""Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində bəzi müxalifət partiyalarının ölkəmizin imicinə zərbə vurmaq istiqamətində fəaliyyəti yolverilməzdir. Təəssüf ki, həmin partiyalarda cəmləşən azsaylı gənclər də belə çirkin kampaniyaya qoşulublar. Bu günlərdə AXCP Gənclər Komitəsinin "Eurovision-2012" müsabiqəsi ilə bağlı ölkəmizə gələcək xarici jurnalistlərə ünvanladığı müraciət onların səhv yolda olduğunu bir daha təsdiqləyir. Mən üzümü müxalifət gənclərinə tutub deyirəm ki, Azərbaycanı bu qədər ucuz tutmasınlar". Bu fikirləri yap.org.az saytına Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov bildirib ki, həmin müraciət AXCP-də birləşən gənclərin savadsızlığının nümunəsidir. Çünki bu müraicətdə reallıqlarla daban-dabana zidd olan fikirlərin əksini tapması bunu deməyə əsas verir.
Azərbaycanda analoqu olmayan inkişafın baş verdiyini deyən S.Orucovun sözlərinə görə, bu inkişaf bütün istiqamətlərdə özünü bariz şəkildə göstərir. "Faktlara diqqət yetirək. 2011-ci ilin yekunlarına əsasən ümumdaxili məhsulumuz artıq 63 milyard manat həcmindədir. Bunun adambaşına düşən həcmi 7 min dollardan çoxdur. Son 8 ildə ümumdaxili məhsul istehsalı 3 dəfə artıb ki, bunun da adambaşına düşən həcmi 2.7 dəfə, neft sektoru isə 2.2 dəfə artıb. Bunun nəticəsidir ki, Azərbaycanın hər hansı bir regionuna, guşəsinə getsək orada inkişaf görəcəyik. Bundan əlavə, iqtisadi inkişaf nəinki həmin rəqəmlərdə, həmçinin, əhalinin sosial rifahında da açıq-aydın hiss olunur. Eyni zamanda, 20 il bundan əvvəl desəydik ki, Azərbaycanın süni peyki olacaq, buna heç kim inanmazdı. Amma artıq süni peykimiz gələn ildən istehsalata buraxılacaqdır. Bu faktları sadalamaqda məqsəd inkişaf proseslərini müxalifətə bir daha xatırlatmaqdır. Amma Azərbaycan müxalifəti düzgün mövqedə deyil və inkişafımızı görmək istəmirlər. AXCP Gənclər Komitəsinin məlum müraciəti göstərir ki, həmin gənclər, deyəsən, nə ali təhsil alıblar, nə bir kitab, nə bir jurnal, nə də bir qəzet oxuyublar"- deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb. S.Orucov həmçinin, bildirib ki, ümumiyyətlə, müxalifətin belə addımları anti-milli fəaliyyət kimi qiymətləndirilməlidir. İşğalçı Ermənistanın da bu nüfuzlu müsabiqənin Azərbaycanda keçirilməsinə qarşı kampaniya apardığını xatırladan S.Orucovun sözlərinə görə, radikal müxalifətin bu istiqamətdəki fəaliyyəti ermənilərin məqsədləri isə üst-üstə düşür. Bu isə Azərbaycan xalqına qarşı düşmən mövqeyin ifadəsidir. "Müxalifətçilər ölkəmizdə görülən işləri görməzdən gələrək yalnız xarici qüvvələrdən maddi dəstək aldıqlarını, onların köləsi olduqlarını isbat edirlər.Mən AXCP gənclərini qınayıram. Onların Azərbaycanın imicinə qarşı yönəlmiş ləyaqətsiz hərəkətlərini qəti pisləyirəm. Yaxşı olar ki, müxalifət gəncliyi xalqın qəzəbindən qorxaraq bu səhv yoldan əl çəksin"- deyə YAP Gənclər Birliyinin sədri vurğulayıb.
Bu gün Azərbaycanın inkişaf yolunda olduğunu deyən S.Orucovun sözlərinə görə, bütün beynəlxalq təşkilatlar, dövlətlər ölkəmizin dinamik inkişafını etiraf edir və dəstəkləyirlər. "Azərbaycanın bu gün güclü lideri var. Azərbaycan gəncliyi cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşib. Dövlət başçısının həyata keçirdiyi strategiya və proqramlar bütövlükdə ölkəmizin və xalqımızın gələcəyinə xidmət edir. Azərbaycan bu gün beynəlxalq standartlara uyğun qanunlar qəbul edir və həmin qanunlar əsasında inkişaf proqramları həyata keçirilir. Hesab edirəm ki, "Eurovision-2012" mahnı müsabiqəsi də bitdikdən sonrada hamı, o cümlədən müxalifətçi gənclər görəcək ki, Azərbaycan qədər bu müsabiqəni yüksək səviyyədə təşkil edən dövlət olmayıb"- deyə S.Orucov bildirib.