Bu qurumun obyektivliyi və tərəfsizliyi ciddi şübhə doğurur
Azərbaycana qarşı ikili yanaşması ilə seçilən "Freedom House" təşkilatı bu günlərdə özünün növbəti illik hesabatını açıqlayıb. Müvafiq hesabatda, ənənəvi olaraq, dünyanın 200 ölkəsinin mövcud vəziyyəti ilə bağlı fikirlər yer alıb. Diqqəti çəkən odur ki, bu qurum yenə hər hansı real səbəb, arqument göstərmədən Azərbaycanı azad olmayan ölkələr sırasına aid edib.
Reallıqdan uzaq qiymətləndirmə
Təşkilatın mənzil-qərargahının Vaşinqton şəhərində yerləşdiyini nəzərə alsaq, belə yanaşma heç də təəccüblü görünmür. Qeyd edək ki, müvafiq qiymətləndirmədə yalnız Azərbaycan deyil, əksər postsovet ölkələri "azad olmayanlar" sırasına aid edilir. Başqa sözlə, belə birtərəfli qiymətləndirmə Azərbaycanla yanaşı, Rusiyaya, Qazaxıstan, Belarus, Özbəkistan, Türkmənistan, Ukrayna kimi ölkələrə də şamil olunur.
Odur ki, "Freedom House" tərəfinin Azərbaycanı ənənəvi olaraq, "azadlığın olmadığı ölkə" kimi təqdim etməsi sözügedən qurumun özünün azad olmaması qənaətini möhkəmləndirir. Çünki indiyədək müvafiq qurumun hesabatlarında azadlığın və ya "azad olmaq" meyarlarının nədən ibarət olduğu açıqlanmayıb. Ümumiyyətlə, bu və ya digər ölkənin nə dərəcədə azad olmasını müəyyənləşdirmək səlahiyyətini bu quruma necə həvalə olunduğu bəlli deyil. Əslində, məhdud təyinatlı beynəlxalq qeyri-hökumət təşkilatının belə qərəzli, reallıqdan uzaq qiymətləndirməsi haqlı olaraq, müvafiq "qara siyahı"ya düşən ölkələrin kəskin etirazını doğurur.
Azadlıqla bağlı həqiqətlər "Freedom House" təşkilatını qətiyyən maraqlandırmır
Araşdırmaq lazım gəlir ki, dünya ölkələrinin azadlıq səviyyəsini müəyyənləşdirmək, görəsən, nə vaxtdan "Fredom House"nin müstəsna hüququ olub?! Sual edilə bilər ki, insan amilinə, vətəndaşların hüquq və azadlıqlarının möhkəmlənməsinə xüsusi diqqət yetirdiyi halda, Azərbaycan niyə "azad olmayan" ölkələr siyahısında özünün yerini möhkəm saxlamaqdadır. Nəyə görə, müvafiq hesabatlarda yalnız müxalifətin destruktiv qanadının heç də həqiqəti əks etdirməyən məlumatlarına istinad olunur? Əslində, burada gözlənilməz və qeyri-adi heç nə yoxdur. Çünki "Freedom House" təşkilatını nə azadlıq, nə də azadlıqla bağlı həqiqətlər qətiyyən maraqlandırmır. Əgər belə olmasaydı, müvafiq qurum öz hesabatların az-çox obyektiv mövqe tutmağa, mümkün qədər ədalətli olmağa çalışardı. Bu, uzun illər ərzində baş vermədiyindən indi bu qurumdan ədalətli, tərəfsiz, qərəzsiz mövqe gözləmək, sadəcə, qeyri-mümkündür.
Müsbət olanı görməmək, mənfi olanı qabartmaq... Bu, müvafiq qurumun başlıca missiyasıdır
Azərbaycan müxalifətinin destruktiv qanadının "Freedom House" təşkilatının hesabatlarına "ciddi" yanaşmasının isə tamam fərqli, özəl səbəbləri var. Destruktiv düşərgə üçün bu kimi təşkilatların hesabatları, sözün həqiqi mənasında, "Quran ayəsi"dir. Bəlli olduğu kimi, Azərbaycanın və digər postsovet ölkələrinin müstəqilliyinin bərpasından artıq 20 il keçir. Bu müddət ərzində Azərbaycanda, eləcə də, bir sıra digər ölkələrdə həyata keçirilən islahatları, hüquqi-siyasi təsisatlaşma, demokratik inkişaf sahəsində əldə edilən mühüm nailiyyətləri məqsədli şəkildə görməzliyə vurmaq "Freedom House" niyyətinin, məramının, əslində, tamam fərqli olduğunu təsdiqləyir. Heç də təsadüfi deyil ki, bu təşkilatın hesabatları adətən tənqidi məzmunlu olur və uğurları, nailiyyətləri, müsbət olanı deyil, mənfi təmayüllü kiçik faktları qabartmağa, şişirtməyə yönəlir.
Səbəbi çox sadədir: Qərbin siyasi təzyiq qruplarını bu uğurlar qətiyyən maraqlandırmır. Çünki onlar daha çox tənqidlərə və siyasi təzyiqlərə yol aça biləcək faktların, məqamların axtarışındadırlar.
İkili standartlardan doğan şübhəli hesabatlar...
Müvafiq sənədlər əksər hallarda qeyri-obyektiv mənbələrə əsaslanır
Bəlli olduğu kimi, "Freedom House" ABŞ dövləti tərəfindən maliyyələşir. Təşkilatın icraçı strukturlarında 9 nəfər təmsil olunur, işçi heyəti cəmi 28 nəfərdən ibarətdir. Belə məhdud ştat cədvəli ilə 200 ölkədə ictimai-siyasi vəziyyəti nəzarətdə saxlamaq və obyektiv, dolğun, tərəfsiz, qərəzsiz qiymətləndirmək, təbii ki, mümkün deyil. Demək, ortada tamam fərqli məqamlar, zahirən nəzərəçarpmayan "görünməz əllər" var. Əks halda, hər bir ölkədə bütün təfərrüatları - təsadüfən burnu qanayanın adlarının yer aldığı çoxsəhifəli hesabatların hazırlanması nə texniki, nə də fiziki baxımdan, qətiyyən mümkün deyil.
Aydındır ki, "Freedom House" təşkilatı bu qədər informasiyanı öz əməkdaşları vasitəsilə əldə etmir. Müvafiq hesabatlar hazırlanarkən, yerlərdə fəaliyyət göstərən QHT nümayəndələri və media təşkilatlarının göndərdikləri hesabatlar əsas götürülür. "Freedom House" təşkilatı Azərbaycanda, əsasən, Emin Hüseynovun sədri olduğu RATİ, Leyla Yunuslvanın sədri olduğu Sülh və Demokratiya İnstitutu, Arzu Abdullayevanın sədri olduğu Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsi, Novella Cəfəroğlunun sədri olduğu Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyəti, həbsdən yenicə çıxmış Eynulla Fətullayevin sədrlik etdiyi "İnsan Haqları Uğrunda" İctimai Birliyi, o cümlədən, "İctimai Palata"ya daxil olan siyasi partiyalara istinad edir. Bu qurumların və şəxslərin qeyri-sağlam, qərəzli, destruktiv mövqeyi hər kəsə bəllidir.
Bütün bunların fonunda "Freedom House" təşkilatının tərtib etdiyi siyahıda birinci, yüzüncü və ya sonuncu olmaq heç nəyi dəyişmir. Çünki bu siyahı, açıq etiraf edilməsə də, məqsədli şəkildə, maraqlı dairələrin sifarişi ilə tərtib olunur. Belə şəraitdə "Freedom House"un bir təşkilat olaraq, azad və müstəqil şəkildə fəaliyyət göstərmədiyi aşkar sezilir. Bu mənada, ikili yanaşma və ya müxtəlif ölkələrə münasibət aşkar şəkildə özünü büruzə verən ikili standartlar "Freedom House" təşkilatının nüfuzuna ciddi xələl gətirir, bu qurumun obyektivliyini, tərəfsizliyini ciddi şübhə altına alır.
NAİB