Bu gün Laçının işğalından 20 il ötür. Məhz 1992-ci ilin 15-16 may hadisələri zamanı - qoşunların döyüş bölgəsindən Ali Sovetin binası qarşısına gətirilməsi bu rayonun itirilməsinə səbəb olan amillərdəndir. Həmin dövrdə yenidən hakimiyyətə qayıtmış naşı Ayaz Mütəllibovu iqtidardan kənarlaşdıran Azərbaycan Xalq Cəbhəsinin fəalları, əslində, ölkəni yeni fəlakətlərə sürüklədilər.
May hadisələri qiymətləndirilərkən AXC-nin hakimiyyətə gəlməsi ən acı nəticə kimi səciyyələndirilir. Məhz həmin hadisələr fonunda A.Mütəllibovdan siyasi səriştəsi heç də az olmayan şəxslər iqtidara gəldilər və hakimiyyətə yalnız danışmaqla məşğul olan səriştəsiz insanlar yiyələndilər. Bununla ölkədə hərc-mərclik hökm sürməyə başladı və xalq ölkəni həmin uçurumdan xilas edəcək şəxsi axtarmağa başladı. Həmin dövrdə Azərbaycanın yeganə nicatı Heydər Əliyevin ölkə siyasətinə gəlməsi idi. İtirilən torpaqlarımız o zamankı səriştəsiz rəhbərlərin şəxsi ambisiyalarının qurbanı oldu
Laçın rayon icra hakimiyyətinin
başçısı Ramiz Cəbrayılov: "Şuşa və Laçın hakimiyyətdaxili
çəkişmələrin qurbanı oldu"
- Əgər xatırlayırsınızsa, Laçının işğal ediləcəyi haqda fikirlər hələ 1992-ci il mayın 5-də Milli Məclisin iclaslarında səslənirdi. Lakin hakimiyyət uğrunda mübarizə aparan o zamankı siyasi qüvvələrin parlamentdə səslənən həyəcan siqnalına məhəl qoymamaları, nəticə etibarilə, Laçının işğalına gətirib çıxardı. Həmin dövrdə hakimiyyətdən qovulmuş Ayaz Mütəllibov hər vasitə ilə hakimiyyətə qayıtmaq istəyirdi. Azərbaycan Xalq Cəbhəsi isə hakimiyyətin yenidən ruspərəst A.Mütəllibovun əlinə keçməsini istəmirdi. O zamankı danışıqlara əsasən, Şuşa və Laçın işğal edilir və bununla da, A.Mütəllibovun hakimiyyətə gəlməsinin qarşısı alınır.
Bildiyiniz kimi, A.Mütəllibov Rusiyanın adamı kimi tanınırdı. Sual ortaya çıxır: belə olan halda, Rusiya hansı məntiqlə Mütəllibovun hakimiyyətə qayıtmasına mane olmalı idi? Sualın cavabı bəlli idi. Bunun əsas səbəblərindən biri A.Mütəllibovun vaxtilə Müstəqil Dövlətlər Birliyinə daxil olmaq istəməməsi idi. Çünki həmin vaxt MDB ilə bağlı məsələni, birmənalı şəkildə Rəhim Qazıyev həll etmişdi. Rus generalları ilə apardığı danışıqlarda R.Qazıyev söz vermişdi ki, hakimiyyətin ona ötürüləcəyi təqdirdə, bütün şərtlərə imza atacaq. Onun prezident olmaq istəyi var idi. Şuşa, Laçın, Kəlbəcər və digər torpaqlarımız hakimiyyətdaxili çəkişmələrin və siyasi mübarizənin qurbanı oldu. Rusiya R.Qazıyevin hakimiyyətə gəlməsinə kömək etmək üçün, hətta bir neçə yaşayış məntəqəsinin azad edilməsinə kömək etmək fikrində idi.
Əsas faktdır ki, Laçını ermənilərin əli ilə rus ordusu işğal etdi. Çünki nə PKK-nın, nə də ASALA-nın elə də böyük imkanları yox idi ki, adıçəkilən rayonları işğal etsin. Onlar da bilirdilər ki, Şuşa Qarabağın mərkəzidir, Qarabağa yiyələnmək üçün, ilk növbədə, Şuşanı işğal etmək lazım gəlir. Şuşa şəhəri ermənilərə, demək olar ki, döyüşsüz təslim edildi. Bununla yanaşı, qeyd etmək lazımdır ki, həmin bölgədə ermənilərlə ciddi surətdə vuruşan da məhz Laçın camaatı olub. Qarabğın bütün bölgələrində laçınlılar vuruşub. Bu da, danılmaz həqiqətdir ki, əgər 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycanda vətəndaş müharibəsi qaçılmaz olacaqdı. Azərbaycan ərazisində 5-6 etnik dövlətin yaradılması planları var idi. Şimalda ləzgi, şimal-qərbdə avar, cənubda talış, cənub-qərbdə kürd dövlətləri və s. Azərbaycan yalnız Bakı və Şirvan quberniyasından ibarət olaraq qalmalı idi.
Milli Məclisin deputatı Qənirə
Paşayeva xalqımızın yaxın
zamanlarda Şuşada, Laçında,
ümumiyyətlə, ölkəmizin hər bir
guşəsində qələbə gününü qeyd
edəcəyini vurğuladı:
- Ermənistan Respublikası tarixdə "böyük Ermənistan" yaratmaq xülyası ilə yaşamış və bu xülyalarını reallaşdırmaq üçün heç bir beynəlxalq hüquq normalarına sığmayan vasitələrə əl atmışdır. Bunun üçün Azərbaycanın torpaqlarını hədəfə alan separatçı Ermənistan Respublikası tarixi torpaqlarımıza hücum etmişdir. Bunun da nəticəsi olaraq, Azərbaycan ərazisinin 20 faizi işğal edilmiş, 20 mindən çox insan vəhşicəsinə qətlə yetirilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst edilmişdir. Bu vəhşiliyin qurbanı olaraq, bir milyondan artıq insan 20 ilə yaxındır ki, öz ata-baba yurdlarından məcburi qovularaq, qaçqın və məcburi köçkün şəraitində yaşamağa məhkum olmuşdur. Beləliklə də, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində minlərlə insan həlak olmuş, elementar insan haqlarından məhrum edilmişdir.
Bir sözlə, Ermənistan Respublikası "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasını və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müdəalarını kobudcasına pozaraq, Azərbaycanın mədəni sərvətlərini özününküləşdirməklə məşğul olmuşlar. Hətta onlar Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tanınmasına və işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərinə də baxmayaraq, Ermənistan Respublikası beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymur və bu gün də öz işğalçılıq siyasətini davam etdirir.
Milli Məclisin deputatı Q.Paşayeva xalqımızın yaxın zamanlarda Şuşada, Laçında, ümumiyyətlə, ölkəmizdə qələbə gününü qeyd edəcəklərini vurğuladı.
RƏFİQƏ KAMALQIZI