Azərbaycanın Kanadadakı səfirliyindən AzərTAc-a verilən məlumatda bildirilir ki, mayın 14-də səfirlik tərəfindən bu ölkənin paytaxtı Ottava şəhərində "28 May - Respublika Günü" münasibətilə ziyafət təşkil olunmuşdur. Tədbirdə Kanada parlamentinin üzvləri, Ottavada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin, o cümlədən, bu ölkədə yaşayan müxtəlif icmaların nümayəndələri qatılmışlar. Milli Məclisin deputatları Asəf Hacıyev və Mübariz Qurbanlı da ziyafətdə iştirak etmişlər. Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev tədbirdə ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan, Azərbaycan ilə Kanada arasında ikitərəfli iqtisadi-siyasi münasibətlərdən danışmışdır. Milli Məclisin deputatı Asəf Hacıyev iştirakçılara müstəqillik tariximiz barədə məlumat vermiş, Azərbaycan-Kanada parlamentlərarası münasibətlərin əhəmiyyətindən bəhs etmişdir.