İsa Qəmbərov hələ də bolşevik təfəkküründən qurtula bilmir
- Mais müəllim, müxtəlif şoular qurmaqla diqqəti cəlb etməyə çalışan dağıdıcı müxalifət təmsilçilərindən olan Müsavat partiyası növbəti bir şou yaratmağa hazırlaşır. Yəni qurultayını Gürcüstanda və ya Türkiyədə keçirməyi planlaşdırır. Bu məsələyə münasibətiniz?
- Müsavat partiyasının qurultayını Gürcüstanda və ya Türkiyədə keçirmək məsələsinə cəmiyyət tərəfindən mənfi münasibət bəslənilir. Əgər sözügedən partiyada təmsil olunan şəxslərdə qurultay keçirmək istəyi olsaydı, öz ölkəmizdə imkan tapıb keçirə bilərdilər. Yəni onların ölkədə qurultay keçirməsi üçün heç bir problem yoxdur. Sadəcə olaraq, həmin qüvvələr bir müddət gündəmdə qalaraq Avropa və Qərb mediasının diqqətini özlərinə cəlb edərək, öz varlıqlarını bildirmək üçün bu kimi üsullardan istifadə edirlər. Demək olar ki, bu gün adıçəkilən qüvvələr cəmiyyətə yeni ideyalar, təkliflər verə bilmirlər. Bu baxımdan, onların xaricdə qurultay planlaşdırmaları növbəti şou yaratmaq cəhdindən başqa bir şey deyil. Ümumilikdə isə, İsa Qəmbərovun hələ də bolşevik təfəkküründən qurtulmadığını söyləmək olar. İsa Qəmbərov Müsavatın qurultayını Gürcüstanda keçirməyi planlaşdırmaqla özünü Leninə oxşatmağa çalışır.
- Bir zamanlar bolşeviklər də qurultayını Finlandiyada keçirmişdilər. Bu baxımdan, Müsavat və bolşeviklərin müqayisəsini hansı formada dəyərləndirmək olar?
- Müsavat və bolşevikləri müqayisə etsək, burada müəyyən oxşarlıqlar tapmaq olar. Amma həmin zamanlar bolşeviklərin sosial bazası var idi. Yəni onların dəstəyi və gücü var idi. Amma Müsavat partiyasının bolşeviklərdən fərqləri odur ki, bunların gücü və cəmiyyət tərəfindən heç bir dəstəkləri yoxdur. Görünür, Müsavat partiyasında təmsil olunan qüvvələr bolşevikcəsinə düşünərək, hərəkət etmək istəyinə düşüblər. Çünki öz partiyalarında demokratik proseslər aparılmır.
GÜLYANƏ