Müxalifətdən müxalifətə qarşı növbəti kəskin ittiham
Dağıdıcı müxalifət "liderlər"inin özlərinin təbirincə desək, "növbəti taktiki dəyişiklikləri" də nəticəsiz qalıb. Belə ki, "İctimai Palata" adlı qurumun icazəli mitinqlərdən sonra, qanunazidd davranışlara yol açmaları, icazəsiz piketlər keçirmək cəhdləri bütövlükdə düşərgənin gücsüzlüyünü nümayiş etdirən başlıca amildir. Bu və ya digər formalarda "varlıqlarını" sübut etməyə çalışan "palata" mənsublarının indi də "Eurovision"a az qalmış bir müddətdə fürsətdən şəxsi maraqları naminə sui-istifadə etmələri, aqressiya dili ilə danışmaq səyləri ictimaiyyətlə yanaşı, müxalifət düşərgəsinin digər təmsilçiləri tərəfindən də qınanılmaqdadır.
Bütövlükdə isə, belə bir nəticəyə gəlinir ki, siyasi dividend axtarışına çıxan Əli Kərimov və İsa Qəmbərov kimi "şöhrətpərəstlər" Azərbaycan dövlətçiliyinə qarşı ən idbar addım atmaqdan belə çəkinmirlər ki, sözügedən faktor onların avtoritar "liderliklər"inin ömrünü daha tez qısaldır. Və əslində, hər keçən gün düşərgənin sıralarının daralmasını da məsələnin nə qədər real olmasını təsdiq edən ən bariz nümunədir.
"Azadlıq" partiyasının sədri Əhməd Oruc bu barədə açıqlama verərkən deyib ki, heç bir nəticəsi olmayan və bir-birini təkrar edən aksiyalara əhalinin cəlb olunması mümkün deyil: "Ona görə də "İctimai Palata" icazəli kütləvi aksiyalar keçirməyi təxirə salaraq piketlərə üstünlük verib". Partiya sədrinin arqumentinə görə, "İctimai Palata" bundan əvvəl keçirdiyi kütləvi aksiyalarda cəmiyyət tərəfindən istənilən dəstəyi almadığı üçün bunu piketlər yolu ilə ört-basdır etməyə çalışır, lakin xalqın dəstəyini qazanmaqdan məhrumdur: "Cəmiyyətin "İP"-in aksiyalarına dəstək verməməsi xalqın həmin quruma olan inamsızlığı ilə bağlıdır: "Artıq "İP" liderləri dərk edirlər ki, prosesləri bu qüvvənin ətrafında ümumiləşdirmək mümkün deyil. Ona görə də bir qədər arxaya çəkiliblər".
Zakir Hüseynov: "Xalq gəzintisi təklifi absurddur"
Onu da qeyd edək ki, gündəmdə qalmaqdan ötrü qondarma və gülünc bəyanatlar səsləndirən, "ideyalar" irəli sürən "ACP" -nin "lideri" Rəsul Quliyevin də "siyasi dərrakəsinin" hansı tərzdə inkişaf etməsi, təbii olaraq, ciddi qarşılanmır. Onu da qeyd edək ki, hələ bir müddət bundan öncə, "müxalifət polisləri təxribata çəkməlidir" tipli bəyanat verən R.Quliyev indi də düşərgəni "xalq gəzintisinə" dəvət edir. Ancaq maraqlıdır ki, R.Quliyevin özünün həmin "gəzintidə" iştirak etməyə cürəti çatardımı?
Azərbaycan Demokrat Partiyasının sədr müavini Zakir Hüseynov məsələyə münasibətini bildirərkən, qeyd edib ki, R.Quliyevin bu addımı yalnız siyasi gündəmdə qalmağa hesablanıb: "Hər hansı bir siyasi lider aksiya barədə qərar və ya təklif verəndə, onun önündə özü getməlidir. Ancaq R. Quliyevin Birləşmiş Ştatlarda olduğu halda, Azərbaycanda xalq gəzintisi təklif etməsi absurddur". Zakir Hüseynov deyib ki, eks-spikerin təklif etdiyi xalq gəzintisi heç bir müsbət effekt verməyəcək və uğurlu alınmayacaq.
Məhz müxalifət düşərgəsi tərəfindən verilən bu kimi açıqlamalar və münasibətlərdən də belə bir nəticəyə gəlmək mümkündür ki, artıq düşərgənin özündə təmsil olanlar belə, real müxalifətçiliyin tükəndiyini etiraf edirlər. Və bir daha aydın olur ki, əslində, yeniləşməli olan dağıdıcı müxalifət dövlətçiliyə növbəti zərbə vurmamaq üçün dərhal siyasətdən, siyasi səhnədən uzaqlaşmalıdır. Əks halda bu, kimi inadkarlıq xalqın sosial sifarişi ilə darmadağın ediləcək.
RÖVŞƏN RƏSULOV