Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır
Bizim məqsədimiz ABŞ ilə Azərbaycan arasında dostluğu genişləndirməkdir. Bu dostluğu mədəni mübadilələr və ticarət artımı hesabına genişləndirmək lazımdır. Siz bunların hamısını etməyə səy göstərirsiniz. Buna görə mən sizə minnətdarlığımı bildirirəm. Bu gün hər iki tərəf üçün ümumi narahatçılıq yaradan mövzu beynəlxalq təhlükəsizlik, xüsusilə də, enerji təhlükəsizliyidir. Şübhəsiz ki, Azərbaycan enerji təhlükəsizliyində mühüm rol oynayır.
Biz Kosovo və Əfqanıstanda birgə uğurlu səylərimizi nəzərdən keçirərkən, nəzərə almaq lazımdır ki, qarşıda hələ təkcə Mərkəzi Asiya bölgəsində deyil, Qərbi Avropa və digər yerlərdə də birgə atacağımız addımlar vardır. Qarşımızdakı sual ondan ibarətdir ki, bu ümumi rolumuzu necə canlandıra bilərik? Zənnimcə, biz çox şeyə qarşılıqlı təmaslar yolu ilə nail ola bilərik.
Birgə nahar zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ilə söhbətimiz oldu. Gördüm ki, onlar ABŞ-ın beynəlxalq səviyyədə oynadığı rolu daha yaxşı bilirlər. Biz qarşılıqlı yardım, münasibətlərimizdəki boşluqların aradan qaldırılması yolları barədə müzakirələr apardıq. Deyə bilərəm ki, bu mənada, biz hamımız səfirlərik. Səfirlər isə təkcə öz ölkəsinin mədəniyyətini təmsil etmirlər, həm də işlədikləri ölkələrin baxışları və mövqelərini ifadə edirlər. Ona görə mən sizlərə ölkəmin səfirləri olduğunuz üçün minnətdarlığımı bildirirəm.
Ümid edirəm ki, bu konfransda aparılan müzakirələr bir-birimizi daha yaxşı anlamaq üçün gözəl fürsət olacaqdır. Burada olduğunuz üçün sizə təşəkkürümü bildirir, sizi ABŞ-da salamlayır və bir gün təmsil etdiyim Luiziana ştatında görməyi arzu edirəm.
Azərbaycan Birləşmiş Ştatların sözdə deyil, əməldə dostudur
Ted Po, ABŞ
Konqresinin üzvü
Burada olmaqdan məmnunluq duyuram. Birgə maraqlarımızla bağlı bəzi məsələlər barədə danışmaq üçün məni dəvət etdiyinizə görə minnətdarlığımı bildirirəm. Biz burada ABŞ ilə Azərbaycan arasında münasibətlərin 20 illiyini bayram edirik. Mən Konqresdə ABŞ-ın enerji paytaxtı hesab edilən Port Artur şəhərini təmsil edirəm. 1901-ci ildə burada neft aşkarlanandan sonra təsis edilən bir sıra böyük neft şirkətləri ərazini kənd təsərrüfatı bölgəsindən neft və qaz mərkəzinə çevirmişdir. Ona görə Texas ştatı neft və qaz hasilatını və onun faydasını yaxşı başa düşür. Azərbaycan da Texas kimi neft və qaz hasil edir. Məhz enerji sahəsinə yanaşma Azərbaycanla yaxın münasibətlərimizin əsasında durur. Bakı XIX əsrin ilk neft bumunu yaşayan şəhərlərdən biridir. Lakin sovet hakimiyyəti burada kapitalizmin inkişafına imkan verməmişdir. Onlar illərlə çıxarılan nefti daşıyıb aparmış, xalqın ondan faydalanmasına imkan verməmişdir.
Hesab edirəm ki, siyasi və iqtisadi azadlıqlar hər adama verilən bir hüquqdur. Mən Sovet İttifaqını onun süqutundan əvvəl ziyarət etmişdim. Azərbaycanın o illərdə nələr yaşadığını yaxşı anlayıram. Əsarətdən qurtularaq azad yaşamaq istəyinizi yaxşı başa düşürdüm. Müstəqilliyinizdən bəri ölkələrimiz bir-birinə çox yaxınlaşıb. İndi Azərbaycan həm siyasi, həm də iqtisadi cəhətdən tam müstəqildir. Biz aramızda mədəni və təhsil mübadilələrini daim davam etdirməliyik ki, hər iki tərəfdən tələbələrimizi bir-birimiz haqqında daha çox öyrədək və xalqlarımızı daha da yaxınlaşdıraq.
2006-cı ildə işə düşən Bakı-Tbilisi-Ceyhan kəməri Azərbaycan neftini Türkiyəyə, oradan isə dünyaya nəql edir. Mən Türkiyə ilə Azərbaycan arasında yaxın münasibətləri dəstəkləyirəm. Bu tərəfdaşlıq həm ABŞ, həm də bütün bölgə üçün faydalıdır. Ötən il Azərbaycan ilə Türkiyə arasında imzalanan yeni tranzit marşrutu haqqında razılaşma bölgədə iqtisadi müstəqilliyin artdığına işarədir. Mən rəqabətə inanıram. Alternativlər həm Azərbaycan, həm də bütün bölgə üçün yaxşıdır. Azərbaycan kimi, ABŞ da Avropa bazarlarını şaxələndirmək istəyir ki, bölgədəki enerji istehsalı və nəqlində inhisara inanan digər oyunçular heç kimi manipulyasiya edə bilməsinlər. Tikilən kəmərlər Azərbaycanın siyasi və iqtisadi təhlükəsizliyini artıraraq bölgənin və ABŞ-ın birgə maraqlarına xidmət edir. Lakin bütün bu inkişafla birgə unutmaq lazım deyil ki, hökumətlər öz təbii ehtiyatlarının gələcəyə necə təsir edəcəyi haqqında düşünmək və onları necə idarə etmək barədə məsuliyyət daşıyırlar.
1980-ci illərdə dünyanın təxminən 30 faizində demokratik cəmiyyətlər olduğu halda, bu gün bu rəqəm 60 faizdir. Azərbaycan təkcə neft istehsalına görə deyil, həm də demokratik təsisatlar qurmaq səylərinə görə alqışlanmalıdır. Bu dövlət öz neft ehtiyatlarının qeydinə qala bilir. Azərbaycan hökuməti təbii sərvətlərini düzgün şəkildə idarə edib bütün bölgənin təhlükəsizliyi haqqında düşünür.
Azərbaycandakı inkişaf bütün bölgəyə sabitlik gətirə bilər. ABŞ da daxil olmaqla, bütün demokratik cəmiyyətlər üçün insan haqlarının qorunması və genişləndirilməsi olduqca vacib məsələdir. Biz bu mövzu barədə həm yerli, həm də beynəlxalq səviyyədə səmimi söhbətlər aparmalıyıq. Ölkəniz son 5 ildə böyük yol keçmişdir və Birləşmiş Ştatların sözdə deyil əməldə dostudur. Azərbaycan ABŞ-ı hərbi münaqişələrdə təkcə sözdə deyil, döyüş bölgəsinə sülhməramlı qüvvələr göndərməklə dəstəkləyib və birgə iştirak təkcə hərbi münasibətləri inkişaf etdirmir, həm də möhkəm dostluq qurur. Hərbi münasibətlər kimi başlanan əlaqələr, hətta münaqişələr bitdikdən sonra da möhkəm tərəfdaşlığa çevrilir. Mən Azərbaycanı terrorla mübarizədə fəal iştirakına görə alqışlayıram. Azərbaycan beynəlxalq təhlükəsizlik prosesində iştirakına, bütün dünyada insan haqları, demokratiya və azadlığın yayılmasına töhfələrinə görə fəxr etməlidir. Sentyabrın 11-dən sonra siz ABŞ-a telefon açıb qeyd-şərtsiz hava ərazinizdən istifadə təklif edənlərdən biri idiniz. Bir xalq olaraq, biz bunu yüksək qiymətləndiririk. Sizin hamınızı yüksək işinizə görə təbrik edir, ABŞ ilə qurduğunuz münasibətlərə görə minnətdarlığımı bildirirəm.