NATO sammitinin açılışı günü 45 nəfər həbs olundu
ABŞ-ın Çikaqo ştatında mayın 20-də işə başlayan NATO-nun sammitinin açılışı günü müharibə əleyhdarlarının kütləvi iştirakı ilə nümayiş keçirilib. Onu da qeyd edək ki, nümayişlərə qatılanlar anti-müharibə şüarları səsləndirərək, öz etirazlarını bildiriblər. Polis aksiyaçılara qarşı güc tətbir etməyə başladıqdan sonra, toqquşmalar yaşanıb. Polislə toqquşmalarda xəsarət alanların olduğu bildirilir.
Şəhər polis rəhbərlərinin məlumatına görə, anti-müharibə mitinqlərində 45 nümayişçi saxlanılıb. Lakin aksiya təşkilatçıları tamamilə başqa rəqəmləri söyləyirlər. Onların iddialarına görə, 60 nəfər saxlanılıb, polis dəyənəyindən 12 nəfər ciddi xəsarətlər alıb.
Digər rəqəmlərdə də ciddi fərqlər mövcuddur. Belə ki, təşkilatçılar nümayişə 10 min nəfərin cəlb olunduğunu desələr də, güc strukturları həmin aksiyada təxminən 3 min etirazçının olduğunu vurğulayıblar. Şahidlər də küçələrdə hüquq-mühafizə orqanlarının verdiyi rəqəmdən daha çox adamın olduğunu bildiriblər. Polis aksiyaçılara əvvəlcə dağılışmaq barədə göstəriş verib və əks-təqdirdə onların həbs olunacaqlarını elan edib. Əksəriyyət nümayiş iştirakçıları asayiş keşikçilərinin tələbinə əməl etsə də, bir neçə yüz adam buna məhəl qoymayaraq, şüar çağırmaqda davam edib. Onu da qeyd edək ki, nümayiş təşkilatçıları hüquq-mühafizə orqanları əməkdaşlarının nümayişin qəddarcasına dağıdıldığını bildiriblər. Çikaqo polisinin rəhbəri Herri Makkarti isə deyilənləri təkzib etməyərək, bildirib ki, nümayişçilər müqavimət göstərdiyindən, bu cür halın baş verməsinin qarşısını almaq mümkün olmayıb.
NATO-nun sammitində isə insidentin əks-sədası eşidilməyib. Belə ki, konqres-mərkəzin təhlükəsizliyi üçün ərazi bağlandığından, qarşıdurma tədbirin keçirildiyi yerdən bir neçə məhəllə aralıda olub.
R.NURƏDDİNOĞLU