- Azərbaycanın Təbrizdəki konsulluğu qarşısında aksiya keçirənlər dövlətimizin və xalqımızın əleyhinə ermənilərin mövqeyini əks etdirən şüarlar səsləndirirlər. Bu tip aksiyaların arxasında rəsmi İranın dayandığını söyləmək olarmı?
- İlk növbədə, onu söyləyim ki, keçirilən bu aksiyaların Təbrizdəki bacı və qardaşlarımızın böyük bir əksəriyyəti ilə heç bir əlaqəsi yoxdur. Təbriz bizim milli ruhumuzun şəhəridir. Cənubi azərbaycanlılar bizim canbir, dilbir, qanbir və ruhbir qardaşlarımızdır. Cənubi azərbaycanlıların nəinki Təbrizdə, hətta bütövlükdə, İranın ərazisindəki digər şəhərlərdə Azərbaycan Respublikasının və xalqının əleyhinə hər hansı mitinq təşkil etməsi inandırıcı deyil. Mən buna inanmıram. Düşünürəm ki, Təbrizdə konsulluğumuzun qarşısında keçirilən mitinqlər İran rejiminin təşkil etdiyi mitinqlərdir. Çünki İran Azərbaycan Respublikasının güclənməsindən, xüsusilə də, cənubi azərbaycanlılara təsir edə bilməsi halına gəlməsindən qorxur.
- İranın Azərbaycana qarşı düşmənçilik, qisasçılıq siyasətinin arxasında dayanan səbəblər nə ilə izah oluna bilər?
- Bəzən bunu İranın daxili iqtisadi vəziyyəti ilə, rejimin çətinliyə düşməsilə əlaqələndirirlər. Ancaq hesab edirəm ki, bu amil ikinci dərəcəlidir. Ən başlıca amil ondan ibarətdir ki, İranın qonşuluğunda güclü bir Azərbaycan dövləti var. O, İrandakı azərbaycanlılara təsir etmək gücünə malikdir. İranda belə hesab edirlər ki, bölgədə güclü, sabit və iqtisadi cəhətdən inkişaf etmiş Azərbaycan İrandakı azərbaycanlıların maraq dairəsinə çevrilə bilər. İran azərbaycanlıları Azərbaycan Respublikasına meyil edə bilərlər. Bunun qarşısını almaqdan ötrü İran hakimiyyəti Azərbaycan Respublikasını İsrail və ABŞ-la əməkdaşlıqda təqsirləndirir. Bizim hələ İsraildə səfirliyimiz yoxdur. Ümumilikdə, nə İsrailin nə də ABŞ-ın İranı vurmasını istəmirik. İran vurularsa, ölkəmizə çoxsaylı qaçqınlar köçə bilər. Bu da bizim iqtisadiyyatımıza mənfi təsir göstərər. İranı vurmaq istəyən digər bir ölkə ABŞ-dı. Azərbaycanın ABŞ-la münasibətlərinin normal olmasının İrana heç bir ziyanı yoxdur. Ən azı Azərbaycanın ABŞ və İsrail ilə münasibətlərində İrana münasibəti yumşalda bilər. Hesab edirəm ki, İranın Azərbaycandan çəkinməsinin başlıca səbəbi Azərbaycanın güclü bir dövlət halına gəlməsi, müsəlman dünyası üçün modelə çevrilməsidir. İran bunun qarşısını ictimai rəyi çaşdırmaqla almaq istəyir.
- İrana qarşı dünya birliyinin iqtisadi sanksiyalar tətbiq etdiyi bir məqamda Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edir. Bu istiqamətdə Azərbaycanında İrana qarşı sanksiyaların tətbiqinə dəstək verməsi nə dərəcədə realdır?
- İlk növbədə, İranla imzaladığımız ikitərəfli sənədlərdə göstərilir ki, İran ərazisindən Azərbaycana və Azərbaycan ərazisindən isə İrana qarşı istifadə edilə bilməz. İki ölkə ilə sərhədlərimiz sülh, dostluq sərhədləridir. Azərbaycan İrana qarşı üçüncü dövlətin əlində vasitə deyildir və heç bir zaman vasitə olmayıb. Azərbaycanın müstəqil xarici siyasəti var. Bu xarici siyasət kontekstində müstəqil İran siyasəti var. Ölkəmiz heç bir dövlətin və dövlətlər qrupunun ardınca getmir. Amma eyni zamanda, Azərbaycan BMT-nin üzvüdür və Təhlükəsizlik Şurasının sədridir. Belə bir şəraitdə İranın Azərbaycana qarşı yürüdəcəyi qeyri-konstruktiv siyasət Azərbaycanın bu birliyin qərarlarına qoşulmasına gətirib çıxara bilər. Hesab edirəm ki, bizim İrana münasibətdə siyasətimiz tam doğrudur, müstəqildir və heç bir dövlətlər qrupunun arxasınca getmir. Amma bu qətnamələrə qoşulub və ya qoşulmamağı yaxın vaxtlarda yürüdülən siyasət müəyyənləşdirəcək.
Babək Hacıyev