Bakıda "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işləri yüksək professionallıqla həyata keçirilmişdir. Bunu hər yerdə görmək mümkündür. Bu sözləri AzərTAc-a müsahibəsində irlandiyalı jurnalist Garrett Mulhall demişdir. İndiyədək bir çox "Eurovision" mahnı müsabiqəsində iştirak etdiyini söyləyən irlandiyalı jurnalistin fikrincə, Bakıda keçirilən yarışma bunların arasında ən yaxşılarından biridir. Qonaq bildirmişdir ki, Mətbuat Mərkəzi çox geniş və rahatdır, həmçinin konfrans zalında hər bir şərait yaradılmışdır. Artıq bir həftədir Bakıda olan Garrett Mulhall şəhərimizlə tanışdır, Xəzər dənizi, İçərişəhər, Qız qalası onda unudulmaz təəssürat oyatmışdır. Bu yerlərdən zövq aldığını deyən jurnalist Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırmışdır.