Dünən Atatürk Mərkəzində tədqiqatçı-jurnalist İlham Əliyevin Azərbaycan tarixinin qədim və müasir dövrlərindən bəhs edən "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" kitabının təqdimat mərasimi keçirildi. Kitabın redaktoru "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, rəyçi tarix elmləri üzrə fəlsəfə doktoru, politoloq Elman Nəsirov, ön sözün müəllifi isə tarix elmləri namizədi Firudin Cümşüdlüdür.
Tədbiri giriş sözü ilə açan mərasimin aparıcısı "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi" kitabının müəllifinin ciddi araşdırmaları, tarixi proseslərə obyektiv yanaşması nəticəsinə ərsəyə gəldiyini diqqətə çatdırdı: "Müəllif Azərbaycanın qədim və çağdaş tarixinə elmi-publisist baxış prizmasından yanaşmışdır. Yeni nəşrdə Azərbaycan dövlətçiliyi və onun yaranması, inkişaf mərhələləri diqqətə çəkilmiş, dövrümüz üçün əhəmiyyətli məsələlərə aydınlıq gətirilmişdir. Bu nümunə tarixi izləyənlər və araşdıranlar üçün əhəmiyyətli mənbədir.
Təqdimat mərasimində çıxış edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu müasir dövrümüzdə Azərbaycan tarixinin araşdırılmasının aktual məsələlərdən biri olduğunu diqqətə çatdıraraq, məhz təqdimatı keçirilən nəşrin tarixin öyrənilməsi baxımından əhəmiyyətli əsər olduğunu bildirdi: "Tarixin müəyyən mərhələlələrini qələmə alan şəxslər üçün arxeoloji qazıntılar zamanı əldə olunan nəticələri, eləcə də, arxiv materialları vacib şərtlərdəndir. Tarixin öyrənilməsinə bu cür yanaşma zəruridir. Müəllif İ.Əliyevin bu və ya digər mənbələr üzərində gəzişmələri kitabın yazılmasına səbəb olmuşdur. Azərbaycan tarixi, ermənilərin ərazilərimizə köçürülməsi və bu kimi ideyalar üzərində qurulan məqamlar kitabda əksini tapmışdır."
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru Vilayət Əliyev çıxış edərək, Azərbaycan dövlətçiliyinin, Yeni Azərbaycan Partiyasının yaranmasında və formalaşmasında "Səs" qəzetinin rolunu vurğulayaraq, məhz bu mətbu orqanın əməkdaşının gərgin əməyinin məhsulu olaraq orijinal əsərin ərsəyə gəldiyini vurğuladı: "Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan tarixinin araşdırılmasına xüsusi diqqət ayrılmışdır. Belə məzmunda kitabların yazılması bu günümüz üçün aktual məsələlərdəndir. Qafqazda müxtəlif dövrlərdə çox münaqişələr olmuş, Azərbaycan ərazisində imperiyalar yaranmışdır. Kitabda məhz bu proseslərdən, Azərbaycanın parçalanmasından, İran-Rusiya imperiyalarının mövcudluğundan söz açılır. Mən deyərdim ki, bu kitab öz torpağını sevən, illərdən bəri araşdırmalar aparıb tədqiqatları əsasında ümumi qənaətə gələn peşəkar jurnalistin, təqdiqatçının məhsulu tək qiymətlidir".
Tədbirdə çıxış edən siyasi elmlər doktoru Cümşüd Nuriyev müxtəlif səpkili araşdırmaların məntiqi olaraq oxucularına təqdim olunan kitabın publisist dili ilə ifadəsinin əhəmiyyətini vurğuladı. O, qeyd etdi ki, Azərbaycanın miqrasiya tarixinə nəzər salan İ.Əliyev statistik əsaslar, xronoloji ardıcıllıq prinsipi əsasında gəldiyi qənaətləri oxucuların ixtiyarına verir.
Təqdimat mərasimində çıxış edən Elman Nəsirov pəşəkar tarixçi olmayan və qoyduğu məsələni bu sahənin mütəxəssislərinin üzərində araşdırma aparmağa yönəltməsi baxımından dəyərinə nəzər saldı. E.Nəsirov kitabın Azərbaycan tarixinin qədim və çağdaş dövlətlərin araşdırılmasında özünəməxsus üslubda yanaşmasının mahiyyətinə nəzər saldı: "Bu üslub akademik cümləpərdazlıqdan uzaqlığı, hadisə və proseslərə geniş oxucu kütləsinin yanaşması ilə seçilir."
"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev kitabın ərsəyə gəlməsində qəzetin xüsusi xidmətinin olduğunu bildirdi. Əsərin maraqlı tərəflərinə nəzər salaraq, mövcud siyasi hadisələrin qələmə alınması baxımından perspektivliyini söylədi: "Azərbaycanın dövlətçilik tarixini araşdıran müəllif tarixin müəyyən mərhələlərinə nəzər salarkən, ermənilərin boş xülyalarını, onların tarixən iddialı olan baxışlarını mövcud mənbələrə əsaslanıb, tarixi sənədlərlə diqqətə çatdırır. Kitabda 5 min illik dövlətçilik tarixi olan Azərbaycan ərazisində yaranmış dövlətlər haqqında tarixi faktlar açıqlanıb". Kitabın ermənilərin Cənubi Qafqaza köçürülməsini əks etdirən bölmələri də dolğun, maraqlı və yeni faktlarla zəngindir. "Kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin törənmə səbəbləri kökündən araşdırılır və elmi əsaslarla ortaya qoyulur", -deyən B.Quliyev əsrlər boyu Azərbaycan torpaqlarına qarşı iddialı çıxış edən ermənilərin işğalçılıq siyasəti, xəyanətkar xislətinin kitabda yer aldığını bildirdi. Azərbaycan xalqına qarşı zaman-zaman törədilmiş soyqırımı siyasəti, Azərbaycan kəndlərinin, qədim yurd yerlərinin boşaldılması tarixi sənədlərin dili ilə açılır.
O, qeyd etdi ki, bu kitab tarixçi alimin deyil, bir jurnalist araşdırmasının əməyinin məhsuludur. Jurnalistlərin müxtəlif sahələrdə araşdırma aparmasının təbii proses olduğunu diqqətə çəkən ideya müəllifi "Səs" qəzetinin əməkdaşının belə bir mövzuya müraciətinin də məhz illərlə apardığı araşdırmaların nəicəsində meydana çıxdığını qeyd edərək, kitabın ərsəyə gəlməsinə qəzetin xüsusi rolu olduğunu da vurğuladı.
Tədbirdə "Olaylar" qəzetin baş redaktoru Yunus Oğuz, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, tarix elmləri namizədi Firudin Cümşüdoğlu, şair Hacı Loğman, "Azadlıq Hərəkatçılar" Birliyinin sədri Təhmasib Novruzov, Atatürk Mərkəzinin əməkdaşı, yazıçı Əkbər Qoşalı və başqaları çıxış edərək, kitab haqqında fikirlərlərini ifadə etdilər. Çıxışlar sona yetdikdən sonra söz müəllifə verildi. İ.Əliyev qeyd etdi ki, bu kitabın ideya müəllifi "Səs" qəzetinin baş redaktorudur. Müəllif beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin ortaya çıxarılmasında tarixi nümunələrin roluna nəzər saldı.
Müəllif onu da qeyd etdi ki, kitabda "Səs" qəzetinin arxiv materiallarından istifadə edilməklə yanaşı, Türkiyə, Azərbaycan, Gürcüstan arxivlərində də araşdırmalar aparılmış, müəyyən faktlar ortaya çıxmışdır.
O, sonda tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Nəzakət ƏLƏDDİNQIZI