Azərbaycana qarşı total yürüşə başlamış "beşinci kalon" və onun himayədarları dövlətə təzyiqlər etmək və çirkin planlarını reallaşdırmaq üçün müəyyən maliyyə və hansısa vədlərlə Azərbaycanın daxilindəki anti-milli qüvvələri bir araya gətirir. "Beşinci kalon"un tərkibində yer alan strukturların sinxron fəaliyyətini təşkil edən xarici qərəzli dairələr şəxsi, anti-xalq ambisiyalarını reallaşdırmaq üçün dəstək axtaran saxta ziyalıları da bu fəaliyyətə cəlb edir. Burada isə hər bir fəaliyyətində şəxsi ambisiyalarını Azərbaycan xalqının və dövlətinin maraqlarından üstün görən Eldar Namazov və onun reneqat ziyalı dəstəsi yer alıb.
Reneqat (renegatus) kimlərə deyilir?
Reneqat anlayışı müxtəlif tərcümə lüğətlərində bir neçə mənada işlədilib və zamanın tələbinə uyğun olaraq, dinini dəyişmiş, öz xalqını sataraq, düşmən tərəfə keçmiş satqın və dönük kimi mənalandırılıb. Avropada orta əsrlər və yeni dövr ərzində reneqat kateqoriyası islam dinini qəbul etmiş xristianları göstərmək üçün işlədilib. Bəzi mənbələrə görə, Osmanlı imperiyasının dövlət aparatında və ordusunda xristian-reneqatlar kütləvi şəkildə iştirak ediblər. Həm türklərin işğal etdikləri ərazilərdəki, həm də Qərbi Avropadan olan dövlətlərdəki avantüristlər, reneqat-xristianlar yalnız Osmanlı imperiyasının tərkibində xəyanət etdikləri dövlətlərini çapıb-talamaq üçün işləyiblər. Tarixçi-araşdırmaçılar, eyni zamanda, qeyd ediblər ki, elə Osmanlı imperiyasının parçalanmasında onun ərazisindən çıxmış reneqatların xüsusi rolu olub.
L.N.Qumilyev yazıb ki, XVIII əsrdə alınmaz limanın süqutundan sonra müasir türk yazarlarının diqqəti daha çox bu məsələyə yönəldi: "Onların fikrincə, süqutun əsas səbəbkarı "əcəmoğlanlar", eyni zamanda, reneqatların uşaqları olublar. Reneqatların böyük hissəsi özlərinə isti yer axtarır və hərəm vəzirlərindən qızıl kisəcikləri alırdılar. Bu reneqatlar artıq XVIII əsrdə Osmanlının etnik tərkibini dağıtdılar. Bunlar imperiya daxilində davranış stereotiplərini dağıtdılar, məhkəmələri rüşvətə boğdular, ölkə iqtisadiyyatını iflic vəziyyətə saldılar və ordunun döyüş qabiliyyətini tamamilə zəiflətdilər. Reneqatların sayəsində XIX əsrin əvvəllərində Osmanlı "xəstə insana" bənzəyirdi".
Göründüyü kimi, reneqatlar tarixi rollarına uyğun olaraq, hər zaman öz dövlətinə və xalqına qarşı satqın mövqedə durublar. Şəxsi maraqları və ambisiyaları naminə ümummilli dəyərləri ayaq altına atıblar, hətta öz ailələrini satıblar. Reneqatlar nə etika, nə mənəviyyat, nə də hüquq bilirlər. Bəzi qaranlıq dünyanın söz sahiblərinin fikrincə, "əgər cinayətkarlarla dil tapmaq olursa, reneqatlar xəbərdarlıq etmədən arxadan zərbə vurmağı özlərinə şərəf bilirlər".
Bir sözlə, reneqatlar istənilən mövqedə, səviyyədə xalqına və dövlətinə qarşı çox aqressiv mövqe tuturlar.
Ziyalı kimdir və hansı funksiyanı daşıyır?
Ziyalı və ya intelligensiya (intelligentia - dərketmə, anlama, bilik deməkdir) cəmiyyətin əqli əməklə məşğul olan sosial təbəqəsinə deyilir. Ziyalı, ilk dəfə olaraq, 1844-cü ildə polşalı K.Libert tərəfindən, 1846-cı ildə V.Belinski, Almaniyada Karl Kautski, Karl Mraks, Huqo Ball və digərləri tərəfindən savadlı təbəqənin vəhdəti kimi işlədilib. Bu anlayış XIX əsrin ortalarından Rusiyada geniş işlədilib və sonralar SSRİ-də ciddi diqqətdə saxlanılıb. O Qərbdə işlədilən intellektual anlayışa çox yaxındır.
Rus publisisti Pyotr Boborıkin XIX əsrin 60-cı illərində bu anlayışdan mətbuatda tez-tez istifadə edib. Onun fikrincə, ziyalılar cəmiyyətin ağıllı, düşüncəli, bilikli və kreativ şəkildə çalışan, mədəniyyətin inkişafı, yayılması üçün səy göstərən şəxslərin daxili olduğu sosial təbəqədir. Bir sözlə, ziyalıların cəmiyyətin inkişafında, problemlərinin dərk edilərək, həll edilməsində vəzifələri böyükdür.
Ziyalı kateqoriyasına elmi prizmadan yanaşdıqda isə, onun funksional və sosial mənaları aydın olur. Funksional prizmadan görürük ki, bu anlayış latın sözündən götürülüb və mənası əqli fəaliyyətlə məşğul olan deməkdir. Sosial spektrə əsasən isə, ziyalı sözü yaradıcı düşüncəyə, bilik və təcrübəni sistemləşdirmək bacarığına malik olan şəxslərin, həmçinin, insan qruplarının ictimai fəaliyyətinin mənalandırılması üçün işlədilib.
Ümumiyyətlə, ziyalı dedikdə, ilk növbədə, cəmiyyətin düşüncəli, ağıllı nümayənədələri nəzərdə tutulur ki, onlar da sosiumun maraqlarından çıxış edirlər, dövlətin beynəlxalq miqyasda tanınması üçün bütün imkanlarını işə salırlar. Yəni, hər ali təhsil alan şəxsə ziyalı demək mümkün deyil. Ziyalı təhsilsiz də ola bilər. Lakin həmin ziyalı dediyimiz şəxs dövlət və xalq naminə işləməlidir, öz töhfəsini verməlidir. Cəmiyyətdəki status və ierarxiya bölgüsünə əsasən "ziyalı" funksiyasını üzərinə götürmüş şəxslər həyatları boyu mənəvi-mədəni və intellektual fəaliyyətlə məşğul olmalıdırlar. Lakin ziyalı kateqoriyası siyasətə transformaiya edilirsə, bu zaman çoxbucaqlı bir məfhum meydana çıxır. Çünki siyasətdə konkret maraq və bu marağı reallaşdırmaq üçün mənafe qrupları var. Demək, siyasətə qoşulmuş şəxs ziyalılıqdan çıxır və şəxsi, yaxud korporativ maraqların ifadəçisinə, daha doğrusu, "reneqat ziyalı"ya çevrilir. Bu cür hallara dünyanın müxtəlif yerlərində rast gəlmək mümkündür.
Reneqat ziyalı - xalqına düşmən kəsiləndir
Bütün dünya xalqlarının ictimai-siyasi fikir tarixinə nəzər saldıqda, görürük ki, həmin sosiumlardakı inkişaf və tərəqqi heç bir dövlət vəzifəsi, yaxud statusu daşımamış ziyalıların yaradıcılığı sayəsində baş tutub. Elə XIX əsrin sonlarında və XX əsrin əvvəllərində Azərbaycan ziyalıları milli düşüncənin, milli ideyanın yaranması və inkişafı üçün hər hansı bir maddi maraq güdmədən bacarıqlarını ortaya qoymuşdular. Bunun nəticəsi idi ki, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası quruldu. Sovet dönəmində isə Ümummilli Lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan ziyalısı milli şüurun formalaşmasına öz töhfələrini veriblər. Milli ziyalılarımızın öndə getdiyi milli-azadlıq hərəkatından sonra isə yenidən Azərbaycan müstəqillik qazanıb.
Müstəqil və müasir Azərbaycanda elmin, mədəniyyətin, incəsənətin, bütövlükdə, ölkənin inkişafında, dövlətimizin dünya miqyasında tanıdılmasında milli ziyalılar xüsusi rol oynadılar və bu gün də oynayırlar.
Lakin çox təəssüflər olsun ki, bu gün ziyalı adını istismar edənlər və bu status altında şəxsi ambisiyalarını reallaşdırmağa çalışanlar da tapılır. Bunlar xalqına düşmən kəsilmiş reneqat ziyalılardır. Həmin "ziyalılara" isə Eldar Namazov rəhbərlik edir. Onun reneqat ziyalılar dəstəsi "beşinci kalon"un bir strukturu kimi xarici qüvvələr qarşısında öhdəliklər götürüblər. Fəaliyyətlərindəki aqressivliklə Azərbaycan xalqına düşmən kəsilmiş xəyanətkar bu "ziyalılar" yalnız şəxsi maraqlarını təmin etmək və Azərbaycana zərbə vurmaq üçün çalışırlar.
Eldar Namazovun xəyanətkarlar dəstəsinin dosyesi və niyyəti haqqında
Beləliklə də, "Eurovision" Mahnı Müsabiqəsinin qalibi olan Azərbaycana qarşı hələ ötən ildən başlanan təzyiqlərin məhsulu olaraq, istər elm, istərsə də siyasət sahəsində bacarıq nümayiş etdirməyi bacarmayan, qabiliyyətinə görə ambisiyaları çox böyük olan Eldar Namazovun başçılığı ilə reneqat ziyalılardan ibarət bir dəstə formalaşdırıldı. Onların sırasında isə Rüstəm İbrahimbəyov, Cəmil Həsənli, Ramiz Rövşən, Rafiq Əliyev, Əkrəm Əylisli, Mehman Əliyev kimilər yer alıb.
Əlbəttə, bu şəxslər arasında elmi sahədə fəaliyyət göstərənlər var. Lakin onların reneqatların sırasına qoşulması, onu göstərir ki, artıq elm sahəsində baş verən müasir yeniliklərlə ayaqlaşa bilmirlər və tükəniblər. Bu səbəbdən də, şəxsi maraqlarını xəyanətkarlıq yolu ilə reallaşdırmağa cəhd göstərirlər. Amma bu şəxslər arasında elələri də var ki, onların başlanğıc fəaliyyəti elə xəyanət üzərində qurulub. Rüstəm İbrahimov və Mehman Əliyev belələrindəndir.
Rüstəm İbrahimbəyovun ermənilərlə olan işbirliyi hər kəsə bəllidir. Bu barədə, hətta özü belə danışdığından, onun ermənilərlə olan əməkdaşlığından söz açmırıq. Rüstəm İbrahimbəyov saxta imic formalaşdırmaq üçün, həmçinin, rusiyalı rejissorların aldığı mükafatları belə öz adına yazmağa cəhd göstərir. Belə ki, rusiyalı rejissor Nikita Mixalkovun aldığı "Nobel" mükafatını öz adına çıxan Rüstəm İbrahimbəyov unudub ki, həmin mükafat onun deyil, Nikita Mixalkovun otağındadır. Bununla yanaşı, Rüstəm İbrahimbəyov o dərəcədə anti-milli ruhda köklənib ki, heç Azərbaycanın müstəqilliyi uğrunda canından keçmiş şəhidlərin ruhuna sayğı göstərmir. O, dövlət qurumlarına müraciət edərək, Şəhidlər Xiyabanının yanında restoran-kafe tikdirmək istədiyini bildirmişdi. Lakin layiqli cavabını almışdı...
Mehman Əliyev də Rüstəm İbrahimbəyov kimi reneqatdır. O, Turan İA-nın rəhbəri kimi, hər il "Soros" fondundan on minlərlə dollar yardım alır. Bu maliyyənin qarşılığı olaraq, Mehman Əliyev saxta informasiyalar, materiallar və hesabatlar hazırlayır, siyasi məqsədlər üçün istifadəyə görə xarici qərəzli dairələrə ötürür.
Eldar Namazovun başçılıq etdiyi reneqat ziyalıların yalnız bir neçə üzvü haqqında danışsaq da, onların hər birinin Vətənə və xalqa düşmən kəsildiyini görürük. "Beşinci kalon"un bir strukturu kimi xarici qüvvələr qarşısında öhdəlik götürən xəyanətkar "ziyalılar"ın əsas niyyəti və funksiyası isə işlədikləri mənbənin maraqlarını və şəxsi ambisiyalarını reallaşdırmaqdır. Eldar Namazovun reneqat ziyalılar dəstəsi isə bunun üçün əlindən gələni ardına qoymur.
"Səs" Analitik qrupu