PDF Oxu

Sosial

  • 5

Azərbaycan Pakistan mətbuatında

Azərbaycan Pakistan mətbuatında

Pakistanın nüfuzlu ingilisdilli "Pakistan Observer" qəzetinin 23 may nömrəsi Azərbaycanın milli bayramı - Respublika Gününə həsr olunub. Qəzetdə Azərbaycan Prezidentinin fəaliyyətinə həsr olunmuş "İlham Əliyevin rəhbərliyi ilə yüksək templərlə inkişaf edən Azərbaycan" başlıqlı məqalədə dövlətimizin başçısının siyasi karyerası nəzərdən keçirilmiş, hələ Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışarkən Qərbin nüfuzlu neft şirkətləri ilə danışıqlarda əsas rol oynadığı vurğulanıb.

Məqalədə İlham Əliyevin 2003-cü və 2008-ci illərdə böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyi qeyd edilmiş, ötən 9 il ərzində bütün sahələrdə böyük nailiyyətlərin qazanıldığı bildirilib.

Məqalədə Dövlət Neft Fondundan, qeyri-neft sektorunun inkişafından, sosial sahəyə, mədəniyyətə, təhsilə və idmana yüksək qayğıdan bəhs edilib. Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyətindən danışılmış, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi dövlətimizin başçısının uğurla həyata keçirdiyi xarici siyasətin zirvəsi kimi qiymətləndirilib.

Pakistanın Azərbaycan ilə əlaqələrinə də xüsusi yerin ayrıldığı məqalədə bu ölkənin Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstəyi və Xocalı soyqırımının tanınmasına dair Senatın qətnamə qəbul etməsi xüsusi vurğulanıb.

"Heydər Əliyev Fondu" başlıqlı məqalədə fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrdən, onun "Eurovision-2012" mahnı müsabiqəsinə hazırlıq işlərinə rəhbərlik etməsindən geniş söhbət açılıb.

Həmçinin, Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi irimiqyaslı layihələrə xüsusi yer ayrılıb. Qeyd edilib ki, zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə qızlar üçün məktəb binası inşa olunmuşdur. Bu il aprelin 30-dan isə Pakistanda fondun silsilə humanitar yardımlar proqramına start verilib. Bu proqram çərçivəsində kimsəsizlərə tibbi baxışın keçirildiyi, Hepatit B virusuna qarşı peyvəndlərin, serebral paraliçdən əziyyət çəkən xəstələrin pulsuz müayinə edildiyi, imkansızlar üçün ürək əməliyyatlarının aparıldığı, Pakistan ordusunun şəhid olmuş bir neçə əsgərinin ailə üzvlərinin himayəyə götürüldüyü, istedadlı tələbələrə təqaüdlərin verildiyi, Müzəffərabadda inşa olunmuş məktəbdə yenidənqurma və təmir işlərinin aparıldığı diqqətə çatdırılıb. Qəzetin xüsusi nömrəsində Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarovun "28 May - Respublika Günü" sərlövhəli məqaləsində Azərbaycanı müstəqilliyə aparan çətin və şərəfli yoldan, həmçinin, 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımından danışılıb.

Səfir 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığını bildirərək, Qafqaz İslam Ordusu tərəfindən Bakının azad olunmasından sonra paytaxtın Gəncədən Bakıya köçürüldüyünü qeyd edib.

Məqalədə Şərqdə ilk demokratik parlamentin təsis olunduğu, 1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Paris Sülh Konfransında dünyanın aparıcı dövlətləri tərəfindən tanındığı vurğulanıb. Həmçinin, AXC hökumətinin ordu quruculuğu sahəsində fəaliyyəti, ermənilərin törətdikləri cinayətlərin araşdırılması üzrə xüsusi komissiyanın yaradılması, vətəndaşlıq, dövlət atributları, kişilər və qadınlar arasında bərabərlik haqqında qanunların qəbul edildiyi, Bakı Dövlət Universitetinin fəaliyyətə başlamasından geniş söhbət açılıb.

"Azərbaycan-Odlar Yurdu" məqaləsində ölkəmizin tarixi, rəngarəng təbiəti, adətləri, zəngin mədəniyyəti, xalçaçılıq ənənələri, ədəbiyyatı, elmi, təhsili, sənayesi və kənd təsərrüfatı haqqında geniş məlumat verilib.

Qəzetin xüsusi nömrəsində Azərbaycanın dövlət atributları, Prezident İlham Əliyev, ölkənin birinci xanımı Mehriban Əliyeva, Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı ümumxalq yürüşü, dövlətimizin başçısının Pakistanın baş naziri ilə görüşü ilə bağlı və digər məqalələr də dərc olunub.


ZÜMRÜD

Digər xəbərlər