"Eurovision-2012" musiqi yarışmasının uğurla gerçəkləşdiyi bir vaxtda müsabiqənin gedişini siyasiləşdirməyə yönələn müəyyən cəhdlər diqqətdən yayınmır. Bu prosesdə müsabiqədə İsveçi təmsil edən gənc müğənni Lorinin iştirakı təəssüf doğurur. Lorinin şərəfinə verilən ziyafətdə ona siyasi bəyanatla çıxış etməyin təklif olunması, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı reallığı əks etdirməyən fikirlərin səsləndirilməsi heç də birmənalı qarşılanmayıb, haqlı ictimai qınağa səbəb olub.
Nüfuzlu tədbirlərə xələl gətirmək cəhdi yolverilməzdir
Məsələyə münasibət bildirən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qeyd edib ki, belə nüfuzlu musiqi yarışmasını siyasiləşdirmək cəhdləri qətiyyən doğru deyil və bu kimi hallar birmənalı şəkildə pislənilir: "Təəssüf olsun ki, burada da müəyyən siyasiləşmə cəhdləri var. İstər diplomatik nümayəndələrlə bağlı olsun, istər onların ətrafındakı siyasi qruplar olsun, musiqi yarışmasını siyasiləşdirmək olmaz. Bu və ya digər partiya nümayəndələri ilə musiqi yarışması arasındakı ünsiyyətləri quraraq, belə beynəlxalq nüfuzlu tədbirlərə xələl gətirmək cəhdi həmişə pislənilib, bundan sonra da pisləniləcək".
Prezident Administrasiyasının rəsmisi onu da vurğulayıb ki, Lorinin şərəfinə keçirilən ziyafətə Azərbaycanın müxalifət təmsilçilərinin məqsədli şəkildə dəvət olunması istisna edilmir: "Mən bu məsələnin mahiyyəti barədə dəqiq məlumatlı deyiləm. Hər halda, mətbuatdakı xəbərlərdə görünən budur ki, siyasi partiya nümayəndələri ilə, xüsusən, bu günlərdə aktiv anti-Azərbaycan fəaliyyəti nümayiş etdirənlərlə "Eurovision" yarışmasına qatılan ölkələrin təmsilçiləri arasında belə ünsiyyətin yaradılması, buna vasitəçilik etməsi bəlli məqsədlərlə edilə bilər. Əlbəttə, bu, siyasiləşmə məqsədilə edilirsə, biz bunu pisləyirik".
Müxalifət təmsilçiləri ziyafətə hansı məqsədlə dəvət olunub?
Bəlli olduğu kimi, İsveçin Azərbaycandakı səfirliyi bu ölkənin "Eurovision - 2012" təmsilçisi Lorinin şərəfinə ziyafət verib. Ziyafətdə ona yaxın Avropa ölkəsinin səfiri iştirak edib və Bakının dəbdəbəli restoranlarından biri olan "Villa Petroilim"da baş tutub. Burada diqqəti çəkən məqam ondan ibarətdir ki, ziyafətə Azərbaycan müxalifətinin təmsilçiləri qismində AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər də dəvət ediliblər. Hər iki partiya sədri Lorinin şərəfinə təşkil olunan ziyafətdə iştirak ediblər. Sonda Lorin ziyafət iştirakçılarının şərəfinə bir neçə mahnı ifa edərək, onları əyləndirib. KİV-də yayılan məlumatlara görə, İsveçin "Eurovision - 2012" yarışmasının təmsilçisi olan Lorinin tədbirin açılış mərasimində qalmaqal yaratdığı deyilir.
"Azərbaycanla bağlı çağırış etmək" xahişi...
Lorin niyə məhz anti-Azərbaycan mövqelilərlə görüşlərə üstünlük verir?
Məlumata görə, ziyafəti təşkil edən İsveçin Azərbaycandakı səfiri Mikael Eriksso Lorindən "Eurovision" səhnəsindəki çıxışı zamanı siyasi bəyanatlar səsləndirməsini, Azərbaycanla bağlı çağırışlar etməsini xahiş edib. Eyni xahişə müxalifət liderləri də qoşulublar. Müxalifət təmsilçiləri ziyafətdə iştirak etdiklərini təsdiqləsələr də, Müsavat başqanı İsa Qəmbər "bizim yanımızda belə söhbət olmayıb" deməklə kifayətlənib. İsveç səfirliyi isə hələ ki, məsələyə münasibət bildirməyə tələsmir.
Lorinin müvafiq ziyafətdən sonra bir sıra müxalif, anti-Azərbaycan mövqeli yerli qurumların təmsilçiləri ilə görüşməsi öz destruktiv mövqeyi ilə seçilən, "Avroviziya" musiqi yarışmasını boykot etmək, pozmaqla bağlı müxtəlif çağırışlar edən iki müxalif partiyanın təmsilçisinin İsveç səfirliyinin təşkil etdiyi ziyafətə heç də təsadüfən dəvət olunmadığını təsdiqləyir. İsveçi təmsil edən müğənni Lorin bu görüşləri öz təşəbbüsü ilə keçirdiyini söyləsə də, fakt faktlığında qalır.
Ötəri məmnunluq...
Və ya qonağın qarşısında özlərini hörmətdən salanlar...
Əgər o, Azərbaycanda insan haqlarının durumu ilə bağlı məhz "Demokratiya naminə musiqi" (Sing for Democracy) kampaniyası xətti ilə, "Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynov, "İnsan Haqları Klubu"nun rəhbəri Rəsul Cəfərov və Norveç İnsan Haqları Evinin koordinatoru Şəhla İsmayılova vasitəsilə məlumat almaq, "maariflənmək" istəyirsə, onda əlavə şərhə ehtiyac qalmır.
Tədbirin RATİ-nin mətbuat mərkəzində gerçəkləşdiyini, İsveçin "Civil Rights Defenders" təşkilatının və Norveç İnsan Haqları Evinin dəstəyi ilə keçirildiyini nəzərə alsaq, onda hər şey aydın görünür. Sözsüz ki, müvafiq qurumların təmsilçiləri müvafiq görüşdən maksimum faydalanmağa çalışıblar, qonağın qarşısında ürəklərini "Lorini məmnun edənədək" boşaldıblar. İsveç müğənnisi Lorinin görüşdən məmnun qaldığını bildirməsi də, məhz buna işarədir. Onun hər zaman insan haqlarının qorunmasına və müdafiəsinə çalışacağı barədə söylədiklərini, bu sırada Azərbaycanı da, necə deyərlər, unutmamasını anlamaq, başa düşmək mümkündür. Sadəcə, Lorin bir həqiqəti anlamalıdır ki, o, Azərbaycana heç də insan hüquqlarının müdafiəçisi kimi deyil, İsveçi mötəbər musiqi yarışmasında təmsil edən müğənni, ifaçı kimi gəlib. Nüfuzlu bir yarışmanın iştirakçısı olduğu halda, həmin müsabiqəyə qarşı "qara piar" aparanlara qoşulmaq isə qətiyyən bir ifaçıya yaraşan hərəkət deyil.
Naib NİFTƏLİYEV