PDF Oxu

Sosial

  • 8

Mirkazım Seyidov: “İranın bu canfəşanlığı əbəsdir”

Mirkazım Seyidov: “İranın bu canfəşanlığı əbəsdir”

İran-Azərbaycan arasındakı gərgin münasibətlər son günlərdə bir sıra dünya dövlətlərinin də marağını əhatə edir. İranın qonşuluq siyasətinin yanlış inkişaf xətti ciddi problemlərə yol aça bilər. Azərbaycanın uğurlarına daim qısqanclıqla yanaşan qonşumuzun qonşuluğu heç adi vətəndaşları belə qane etmir. İranın ölkəmizin nüfuzunun artmasını həzm edə bilməməsinin əsas səbəblərini Heydər Əliyev adına Beynəlxalq Forumun rəhbəri, politoloq Mirkazım Seyidov açıqlayıb.

- "Eurovision 2012" mahnı müsabiqəsi ərəfəsində İranın Azərbaycana təzyiqləri artıb. Sizcə, bu nədən qaynaqlanır?

- Hazırda Azərbaycanda "Eurovision" mahnı müsabiqəsinin yarımfinal mərhələsi keçirilir. Hər qazandığımız uğurda bizi sevməyən qüvvələrin ortaya çıxması normal haldır. Onlar öz münasibətlərini ölkəmizin nüfuzunun artmasına qısqanclıqları ilə biruzə verirlər. İranın bugünkü qeyri-konstruktiv mövqeyinə gəldikdə isə, İran heç vaxt Azərbaycanın müstəqilliyini sevməyib, hər zaman stabilliyini pozmaq istəyən və müxtəlif dini qruplaşmalarla cəmiyyətdə çaxnaşma yaratmaq istəyən mövqe sərgiləyir. Bu mövqeyin belə bir ərəfədə daha da qabardılması və diplomatik əlaqələrin kəsilməsi səviyyəsinə çatdırılması İranın ölkəmizə olan kəskin münasibətinin göstəricisidir. Qonşu dövlətlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulması hər zaman Azərbaycan siyasətinə xas xüsusiyyətlərdən biri olub. Azərbaycan bu sahədə etikasını hər zaman gözləsə də, İran nailiyyətlərimizə sevinmədiyini, müstəqilliyimizi ləkələmək istədiyini hər fürsətdə açıq ifadə edir. İranın bugünkü əqidəsi bütün bu dediklərimizin əsasıdır. İranda canı-qanı bir qardaşlarımızın hüquqlarının tapdalanması və haqq səslərinin boğulması fars şovinizminin azərbaycançılığın əksinə yönəldiyindən xəbər verir.

- Azərbaycanın uğurlarının İranı narahat etməsinin kökündə nə dayanır?

- İranın bugünki narahatlığının və Azərbaycana qarşı təzyiqlərinin görülən tərəfləri qədər, görülməyən tərəfləri də var. Rusiya-Azərbaycan münasibətlərində də bu gün soyuqluq müşahidə olunur. İranın meydanda "at oynatması" Azərbaycanı regionda kiminsə müstəmləkəsi kimi qələmə vermək istəməsinə işarədir. Yəni ya İran, ya Rusiya fərq eləmir, sadəcə, Azərbaycanın müstəqilliyinin əlindən alınması əsas hədəfdir. İran hakimiyyəti birmənalı şəkildə başa düşməlidir ki, indi nə şahlıq dövrü, nə də Azərbaycan feodal dövlət deyil. Bu gün Azərbaycan öz inkişafı ilə dünyada sözünü demiş dövlətlər sırasındadır. Ölkəmizin istənilən qonşu dövlətlərlə sağlam əlaqələr qura, müstəqil siyasət yürüdə bilər. Lakin burada hansısa müstəmləkəçilikdən söhbət gedə bilməz. Azərbaycan xarici və daxili siyasətinin müstəqilliyini heç kəsə qurban verəcək dövlət deyil. Eyni zamanda Azərbaycanın daxili və xarici siyasətini müstəqil şəkildə idarə etməsini alqışlayan bir sıra dünya dövlətləri də mövcuddur. Bütün bunlara əsaslanaraq, sadəcə, onu deyə bilərəm ki, İranın bu canfəşanlığı əbəsdir.

- İran-Azərbaycan arasındakı gərgin münasibətlərdə başqa dövlətlərin də maraqları var. Onların burada çıxarı nədir?

- Bəli bu gərginlikdə maraqlı olan bir sıra dövlətlər mövcuddur, bunlar arasında əsasən Rusiyanın adını çəkə bilərik. İranın Azərbaycana göstərmək istədiyi təzyiqlər fonunda bu yaxınlarda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rəhbəri Dağlıq Qarabağla bağlı bəyanat verib. Həmin bəyanatda Azərbaycanın torpaqlarını geri almaq istədiyi təqdirdə, Ermənistana hər cür hərbi yardım ediləcəyi bildirilib. Bu da bir növ təzyiq üsuludur. KTMT və İranın mövqelərinin belə bir məqamda üst-üstə düşməsi də Azərbaycanın uğurlarına sevinməyən iki dövlətin ortaq məxrəci kimi qiymətləndirilir. Həmin dövlətlər Azərbaycanın müstəqilliyinin, nüfuzunun, təhlükəsizliyinin ləkələnməsi üçün əllərindən gələni əsirgəməməklə bir-birilərinin mövqelərini də müdafiə edirlər. İranın bu mövqeyi Azərbaycan dövlətinə təhqir olmaqla yanaşı, arxadan vurulan bıçaqdır. Ona görə də Azərbaycan beynəlxalq aləmdə yeritdiyi siyasəti daha sərt formada ortaya qoymalıdır və özünün müstəqilliyini qorumaq üçün İranla yanaşı, müstəqilliyimizə kölgə salmaq niyyətində olan digər dövlətlərə də öz yerin göstərməlidir.

- Diasporumuz İranın Azərbaycana qarşı bu mövqeyi ilə bağlı hansı tədbirləri həyata keçirir?

- İranın təxribatçılıq mövqeyi birmənalı şəkildə dünya azərbaycanlılarının həyəcanına səbəb olub. Bununla bağlı müxtəlif piketlər, etirazlar keçirilir. Bir sıra Avropa ölkələrində və İran səfirlikləri qarşısında piketlər keçirilməsi də belə tədbirlər sırasındadır. Heydər Əliyev adına Beynəlxalq Azərbaycan forumu da öz növbəsində İran rəhbərliyinə, molla hakimiyyətinə və şəxsən Əhmədinejadın özünə bəyanatlar hazırlayıb. Yaxın günlərdə bu bəyanatlar mətbuatda işıq üzü görəcək. Eyni zamanda İranın bu xarici siyasətini qəti şəkildə pisləyir və fəaliyyətimiz Rusiyada olduğuna görə, Rusiyanın hakimiyyət dairələrinə bu münasibətlərdə qonşuluq mövqeyini qoruyub saxlaması ilə bağlı müraciətlər hazırlamışıq. Rusiya-Azərbaycan körpüsünün qırılmamasını istəyirsə adekvat addımlar atmalıdır. İran özü birmənalı şəkildə bilməlidir ki, 35 milyon azərbaycanlının haqqını tapdalayır, onların hüquqlarını ciddi şəkildə pozur. Bu isə cavabsız qalmayacaq. İran özü, öz inqilabını hazırlayır.

Digər xəbərlər