Dünən "Hyatt Regency" otelinin "Quba" zalında "Azercell" 4G-nin təqdimatı ilə bağlı mətbuat konfransı keçirildi. Mətbuat konfransında çıxış edən şirkətin prezidenti Əli Ağan bildirdi ki, bu gün Azərbaycanda "Eurovision-2012" Mahnı Müsabiqəsi keçirilir. Belə bir zamanda dünyanın gözü burda olarkən, modern texnologiyanın tətbiqi bizi xoşbəxt edir".
Ə.Ağan onu da söylədi ki, sözügedən texnologiya dünyada geniş yayılmayıb: "Azercell" Telekom, hər zaman olduğu kimi, abunəçiləri üçün daha bir yenilik təqdim edir. Şirkət hər kəsin səbirsizliklə gözlədiyi 4G texnologiyasının əsasında yeni yüksək sürətli mobil internet xidmətini istifadəyə vermək üçün bütün prosedurları tamamlayıb. Yaxın müddət ərzində 4G sürətli mobil internet Azercell abunəçilərinin istifadəsinə veriləcəkdir. Dördüncü nəsil texnologiyası sayılan 4G çox yüksək sürətli mobil İnternet - 100 Mbps və daha yüksək sürətlə məlumat ötürülməsinə imkan verən şəbəkəyə çıxışı təmin edir".
Şirkətin prezidenti onu da vurğuladı ki, "Azercell"in 4G şəbəkəsi birinci mərhələdə, əsasən, şəhərin mərkəzini və Dənizkənarı Milli Parkı əhatə edəcək: "Şəbəkə 1800 MHz tezliyində fəaliyyət göstərəcək, məlumatların ötürülmə sürəti isə saniyədə 100 Mb-ə qədər olacaq. "Azercell"in təqdim etdiyi bu xidmətə qoşulmaq və 4G modelini əldə edib. Limitsiz internet paketinə abunə olmaq üçün şirkətin Bakıda yerləşən "Azercell" Ekspres ofislərinə və diler şəbəkələrinə müraciət etmək lazımdır. Onu da bildirək ki, limitsiz internet paketinə abunə olmaq ancaq 4G şəbəkəsində mümkündür, lakin bu paket Azercellin 2G/3G şəbəkələrində də istifadə oluna bilər. 2G/3G şəbəkə paketlərini 4G şəbəkəsində istifadə etmək olmaz. Əgər Azercell abunəçiləri 2G/3G data paketlərin istafadəçisidirsə, o, sözügedən limitsiz 4G data paketinə abunə ola bilməz. 4G şəbəkəsində səsli xidmətlər, SMS, MMS kimi xidmətlər göstərilmir".
Ə.Ağan hazırda bir neçə Skandinaviya və Baltik ölkələrindən savayı, dünyada 4G texnologiyası məhdud dairədə tətbiq olunduğunu bildirdi. Qeyd etdi ki, Avropanın bir sıra inkişaf etmiş ölkələrində, eləcə də, Türkiyə, Fransa, İtaliya və İspaniyada hələ də bu xidmətin tam olaraq tətbiqinə başlanılmayıb. Ə.Ağan onu da söylədi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 4G texnologiyasının tətbiqi ilə bağı "Azercell"ə müvafiq icazə verilib və tezlik ayrılıb: "4G şəbəkəsi 100 Mbit/saniyəyə qədər sürətlə 1800 MHz tezlikdə yayımlanacaq. İlkin olaraq, 4G Bakının mərkəzi küçələrini əhatə edəcək. Belə ki, bu texnologiyadan Dənizkənarı Milli Park, "Crystal Hall", metronun "Elmlər Akademiyası" stansiyası, Azərbaycan Pedaqoji Universiteti, "Natəvan Plaza", Akademik Milli Dram Teatrı, "Kempinski Hotel" və Nərimanov heykəli ərazilərində istifadə etmək mümkün olacaq. İlin sonuna 4G texnologiyasının əhatə dairəsinin 2 dəfə artacağı gözlənilir".
Qeyd edək ki, 4-cü nəsil (4G) texnologiyası dünyada mövcud olan ən son və ən yüksək sürətli mobil data ötürülməsini mümkün edən bir texnologiyadır. Azərbaycanda yalnız bir neçə telefon 4G-ni dəstəkləyir. 4G texnologiyası vasitəsilə böyük həcmli faylları tez bir zamanda ötürmək, HD TV və internet vasitəsilə videoməzmunu kəsintisiz izləmək mümkün olacaq. Hazırda "Azercell"in 4G xidmətlərindən istifadə etmək üçün müvafiq modem almaq lazımdır ki, bunun qiyməti 149 manat təşkil edir. Bir aylıq limitsiz internet trafik paketi isə 45 manatdır. Lakin 4G modemi alan şəxs ilk ayda limitsiz internet trafikdən ödənişsiz istifadə edəcək.
RƏFİQƏ HÜSEYNOVA