PDF Oxu

Sosial

  • 20

YAP nəinki regionda, həm də beynəlxalq aləmdə ən nüfuzlu siyasi təşkilatdır

YAP nəinki regionda, həm də beynəlxalq aləmdə ən nüfuzlu siyasi təşkilatdır

Məlum olduğu kimi, bu günlərdə YAP-ın nümayəndə heyəti Kanadanın hakim siyasi partiyasının dəvəti ilə bu ölkədə səfərdə olmuşdur. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev və YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlının daxil olduğu nümayəndə heyəti Kanadada bir sıra səmərəli görüşlər keçirmişdir.

Səfərlə bağlı "Səs" qəzetinə məlumat verən YAP-ın beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Asəf Hacıyev Kanada ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyini və dövlətlər arasında siyasi, iqtisadi, sosial, mədəni sahələrdə əməkdaşlığın getdikcə genişləndirildiyini söylədi. A.Hacıyev onu da bildirdi ki, hakim Yeni Azərbaycan Partiyası dünya ölkələrinin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malik olub: "YAP-ın həm də böyük beynəlxalq tədbirlərə ev sahibliyi etməsi partiyamızın həm Avropada, həm də Asiyada nüfuzunun artması deməkdir. Bilirsiniz ki, ötən ilin dekabr ayında partiyamızın təşkilatçılığı ilə Bakı şəhərində "Modernləşmə siyasəti: yeni iqtisadi və sosial çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirilib. Dünyanın 30-dan çox ölkəsindən nüfuzlu siyasətçilərin iştirak etdiyi tədbirdə vacib məsələlər müzakirə olundu. Qonaqlar da çıxışlarında bildirdilər ki, qloballaşan dünyada modernləşmə siyasəti və yeni iqtisadi, sosial çağırışların müzakirəsi olduqca əhəmiyyətlidir. Məsələn, Flippinin beş dəfə spikeri olmuş Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin həmsədri Xose Venesia və Avropa Xalqları Partiyasının prezidenti Uilfred Martensin konfransda iştirak və çıxış etməsi, bir daha onu göstərir ki, YAP həm Avropada, həm də Asiyada böyük nüfuza malikdir.

Millət vəkili onu da bildirdi ki, YAP-ın beynəlxalq əlaqələri yalnız Avropa məkanı ilə bitmir. Azərbaycan Avropa ilə Asiya arasında bir körpüdür. Ona görə də, Asiya qitəsi ilə də əməkdaşlıq məsələlərinə önəm veririk. Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı adlı təşkilatla fəal əməkdaşlıq edirik. Bu təşkilata Asiyanın 330-dan çox partiyası daxildir. Təşkilata onun Daimi Komitəsi rəhbərlik edir. Daimi Komitəyə 330 partiya arasından seçilmiş 18 partiyanın nümayəndələri daxildir. Çox təqdirəlayiq haldır ki, YAP da bu komitənin üzvüdür. Bu da partiyamızın Asiyada da böyük nüfuza sahib olmasının göstəricisidir.

A.Hacıyev bu günlərdə YAP-ın nümayəndə heyətinin Kanadaya səfərləri ilə bağlı məlumat verdi: "28 May Respublika Gününə həsr olunmuş tədbirdə ölkəmizin Kanadadakı səfirliyi bu tədbiri yüksək səviyyədə təş-kil etmişdi. Qeyd edim ki, səfirliyin əməkdaşları da bu tədbiri bütövlükdə Azərbaycanın təşviqatına çevirən tədbir kimi təşkil etmişdilər. Həmin tədbirdə Kanadanın siyasi elitasının nümayəndələri ilə söhbətlər apardıq, ikitərəfli əlaqələrin inkişafı ilə fikir mübadiləsi etdik. Həmçinin, bir sıra ikitərəfli görüşlər də keçirdik. Eyni zamanda, Kanadanın Liberallar Partiyasının müdafiə məsələləri üzrə tənqidçisi, millət vəkili Con Makkey, Yeni Demokratik Partiyasının xarici işlər üzrə tənqidçisi, millət vəkili Pol Düar, Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Kanada parlamentinin hakim Mühafizəkarlar Partiyasından olan üzvü cənab Barri Devolin və qrupun digər üzvləri ilə görüşümüz oldu. Bu görüşlərdə YAP-la Kanadanın Mühafizəkarlar Partiyası arasında əlaqələr haqqında ciddi razılaşmalar əldə etdik. Bu ilin payızında isə Mühafizəkarlar Partiyasının nümayəndələrinin Azərbaycana səfəri nəzərdə tutulur. Bu səfər zamanı partiyalar arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində addımlar atılacaq. Ümumiyyətlə, Kanadaya səfərimiz çox uğurlu oldu. Xüsusilə, keçirilən görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin qazandığı uğurlar, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticələri, bölgədə Azərbaycanın yeri və rolu, həyata keçirilən enerji siyasəti və s. məsələlər barədə geniş məlumatlar verdik. Hesab edirəm ki, YAP-ın Kanadanın si-yasi partiyaları ilə əlaqələri bundan sonra da uğurla inkişaf edəcək".


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər