1992-ci ilin aprel ayının 20-də qəbul olunmuş "Siyasi partiyalar haqqında" qanun layihəsinə uzun müzakirələrdən sonra tarixi bir dəyişiklik edildi. Ölkədə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi, nəhayət ki, öz həllini tapdı.
Yeni qəbul Qanun layihəsinə görə maliyyə vəsaitinin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünəcək. Büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanacaq. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürüləcək. Hazırda parlamentdə 84 deputatın partiya mənsubiyyəti var. Onlar 11 partiyanı təmsil edirlər. Bu 84 nəfərin 71-i Yeni Azərbaycan Partiyasının üzvüdür. Yerdə qalan 13 deputat 10 partiyanı təmsil edir. Xeyli vaxtdır ki, həm hakim, həm də müxalifət partiyaları bu dəyişikliyi tələb edirdilər. Qeyd etmək lazımdır ki, Azərbaycanda güclü inkişaf getdikcə ölkəmizin ictimai-siyasi həyatında bu və ya digər dəyişikliyə ehtiyacı olan qanunlar ortaya çıxır. Məhz elə ölkəmizdə mövcud siyasi sistem təkmilləşdikcə, siyasi islahatlar genişləndikcə, yeni qanunun qəbul edilməsi zərurətini ortaya çıxardı. Bütövlükdə qanuna dəyişikliklər Azərbaycanda siyasi sistemin daha da təkmilləşməsinə, partiyaların ayrı-ayrı ideyalar ətrafında birləşməsinə geniş imkanlar verməsinə zəmin yaradır
Yeni qəbul olunan qanuna edilən əlavə və dəyişiklərlə bağlı millət vəkili Aydın Mirzəzadə "Səs" qəzetinə açıqlmasında bu qanunun əhəmiyyətli olduğunu qeyd etdi: "Qanuna edilən əlavə və dəyişikliklər ölkədə siyasi partiyalar sisteminin təkmilləşməsinə, partiyaların daha güclü və daha dayanıqlı olmasına yönəlib. Bu gün ona münasibət birmənalı şəkildə müsbətdir".
Millət vəkili Aydın Mirzəzadə onu da bildirir ki, müəyyən siyasi qüvvələr partiyaların maliyyələşməsi məsələsi ilə razılaşmırlar. Çünki onlar parlamentə düşə bilməyiblər və səslərin müvafiq faizini toplamayıb. Bu baxımdan, onların narazılıqları, əlbəttə ki, öz maraqlarından irəli gəlir. Müəyyən siyasi qüvvələr onun qəbulundan razı qalmaya bilər. Amma qanun hansısa partiyanın marağına görə deyil, bütövlükdə, siyasi sistemin marağına görə qurulmalıdır. Qanuna edilən əlavə və dəyişikliklər Avropa Şurasının Venesiya Komissiyası ilə razılaşdırılıb və bugünün tələblərinə cavab verir.
"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası"nın sədr müavini Elçin Mirzəbəyli hesab edir ki, Qanuna edilən əlavə dəyişikliklərdə nəzərdə tutulan müddəalar Azərbaycanda siyasi sistemin inkişafına və çoxpartiyalı sistemin demokratik təsisat kimi da irəliyə getməsinə zəmin yaradır. Hesab edirəm ki, ölkədə Azərbaycan siyasi sistemin inkişafını arzulayan və bu barədə düşünməyi bacaran bütün insanlar belə əlavə dəyişikliklərin edilməsini obyektiv qiymətləndirirlər. Şübhəsiz ki, istənilən bir addım atılanda, bu addımdan narazı olan qüvvələr də olur. Bu məsələdə kimlərsə öz şəxsi maraqlar və siyasi partiya maraqları çərçivəsindən çıxış edərək, konkret fakta münasibət bildirirlər. Bu gün parlamentdə hər bir partiyanın təmsil olunub-olunmaması o demək deyil ki, qəbul edilən qanun onlar üçün nəzərdə tutulmayıb. Çünki dünyada qəbul olunmuş mexanizmlər var. Və bu mexanizmlərə əsasən siyasi partiyaların maliyyələşdirilməsi məsələsi əsasən parlamentdə təmsil olunan siyasi partiyalar üçün nəzərdə tutulub. Azərbaycan da bu məsələdə beynəlxalq təcrübədən istifadə edib, bu praktikanı tətbiq edib. Kimin bu məsələyə münasibətinin necə olmasından asılı olmayaraq, bütövlükdə, Qanuna edilmiş dəyişikliklər irəliyə doğru atılmış çox ciddi bir addımdır. Ümumən qanunda nəzərdə tutulan müddəalar Azərbaycanda hüquqi dövlətçilik prinsiplərinin daha da inkişaf etdirilməsinə zəmin yaradacaq və siyasi partiyaların cəmiyyətdəki rolunu artıracaq.
Babək Hacıyev