Dünən Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının qərargahında 28 May -Respublika Günü ilə əlaqədar rayon təşkilatı gənclər birliyinin təşkilatçılığı ilə toplantı keçirilib.
Toplantını YAP rayon təşkilatının sədri Ramiz Şabanov açaraq, qeyd edib ki, düz 94 il bundan əvvəl Şərqdə ilk dəfə olaraq, demokratik müsəlman dövləti olan Azərbaycan Xalq Cumhuriyyətinin əsası qoyulmuşdur. Cumhuriyyətimiz cəmi 23 ay ömür sürsə də, xalqımızın yaddaşında və qəlbində azadlıq duyğularının yaşamasına stimul vermişdir: "Belə ki, düz 71 il sovet rejimində yaşamağımıza baxmayaraq, qədim Azərbaycan xalqı özünün və dövlətinin azadlığı uğrunda mübarizliyini itirməmişdir. Nəhayət, ötən əsrin 90-cı illərinin əvvəllərində yenidən öz müstəqilliyini əldə edən Azərbaycan müstəqilliyin ilk illərindəcə xarici və daxili düşmənlərin məkrli planları ilə üz-üzə qaldı. Məhz belə bir dövrdə müdrik xalqımız düşdüyü çətin vəziyyətdən çıxış yolunu yetişdirdiyi dünya miqyaslı siyasətçi, bütün ömrünü doğma xalqına həsr etmiş xalqın böyük oğlu Ulu Öndər Heydər Əliyevin yenidən ölkəyə rəhbərliyə dəvət etməkdə gördü. Xalqının səsinə səs verən Ulu Öndər həmin illərdə bütün rəhbərlik, təşkilatçılıq bacarığını ortaya qoyaraq, şəxsi nüfuzundan bacarıqla istifadə edib ölkəmizi xaosdan, hərc-mərclikdən öz müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Ulu Öndərin vəfatından sonra onun qoyub getdiyi işləri varisi, Heydər Əliyev ideyalarının daha cəsarətli həyata keçirilməsində möhtəşəm işlərə imza atan Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev uğurla davam etdirir".
28 May-Respublika Gününə həsr olunmuş toplantıda YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Y.Səfərov "Müstəqilliyimiz əbədidir" mövzusunda məruzə ilə çıxış etdi.
Daha sonra çıxış edənlər - rayon Gənclər və idman idarəsinin aparıcı-məsləhətçisi Xalid Heydərov, YAP rayon təşkilatı aparatının işçisi Arzu Yaqubova, 6 saylı tam orta məktəbin müəllimi Zülfiyyə Abdullayeva, rayon Uşaq yaradıcılıq birliyinin metodisti Elza Aslanova çıxış edərək, bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşəcəklərini, müstəqilliyimizin, dövlətçiliyimizin qorunması, inkişaf etdirilməsi yolunda səylə çalışacaqlarını vurğuladılar. Toplantının sonunda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edildi.
R.HÜSEYNOVA