PDF Oxu

Sosial

  • 13

"Eurovision-2012" Mahnı Müsabiqəsi yarışmanın 57 illik tarixində yeni səhifə açdı

"Eurovision-2012" Mahnı Müsabiqəsi yarışmanın 57 illik tarixində yeni səhifə açdı

Son illərdə ictimai-siyasi, sosial-mədəni həyatın müxtəlif sahələrində beynəlxalq miqyaslı layihələrə uğurla imza atan Azərbaycan bu il daha bir mötəbər yarışmaya "Eurovision-2012" Mahnı Müsabiqəsinə ev sahibliyi etməklə növbəti uğurunu da əldə etdi. "Eurovision-2012" Mahnı Müsabiqəsi yarışmanın 57 illik tarixinə yeni səhifəni yazdı. Bu, tarixi hadisə avropalıların yaddaşında işıqlı xatirə tək iz saldı. Azərbaycan tarixi hadisəni yaşadı.

Avropa ölkələri xalqlarının mədəni hayatında böyük rol oynayan müsabiqəyə ölkəmiz 2008-ci ildən qoşulsa da, qısa bir zamanda qələbələr əldə etdi. "Eurovision" Mahnı Müsabiqəsində 3 il ardıcıl iştirak edən Azərbaycan hər dəfə ilk yerlərdən birini tutmaqla, artıq bu layihənin qalibi adına iddiaçı olduğunu qətiyyətlə ortaya qoydu. Ötənilki yarışma təmsilçilərimizə böyük uğur qazandırdı. 43 ölkə arasında Azərbaycan təmsilçiləri Nigar Camal və Eldar Qasımov 221 xal qazanmaqla Azərbaycan adını "Eurovision" Mahnı Müsabiqəsi tarixinə qalib ölkə kimi yazdılar. Bununla da ölkəmiz növbəti yarışmaya ev sahibliyi etmək hüququna yiyələndi. Tarixi nailiyyətdən sonra, may ayının 19-da Prezident İlham Əliyev "Eurovision-2012" Mahnı Müsabiqəsinin Bakı şəhərində keçirilməsi haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, 2012-ci ilin may ayında Bakı şəhərində "Eurovision-2012" Mahnı Müsabiqəsinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi yaradıldı. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Təşkilat Komitəsinə rəhbər təyin olundu.

Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində müsabiqəyə hazırlıq işləri ilə yanaşı, "Baku Crystal Hall"un inşası da qısa zamanda uğurla sona yetdi. Əldə olunan nəticələr "Eurovision" Mahnı Müsabiqəsinin rəhbərliyi, Avropa Yayımları Birliyi, ümumiyyətlə, dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. "Baku Crystal Hall"-da KİV-lər üçün təşkil edilmiş Mətbuat Mərkəzi, müsabiqənin "EuroClub", "EuroVillage" məkanları, yarışmanın rəsmi Fanklubunun fəaliyyəti möhtəşəm tədbirin yüksək səviyyədə keçiriləcəyini söyləməyə əsas verdi.

Bu mühüm beynəlxalq tədbirə bütün sahələrdə ciddi hazırlıq işləri görüldü. Ötən il birinci yeri tutmaqla dünyanın diqqətini bir daha özünə cəlb edən Azərbaycan bu dəfə müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etməklə bütün Avropaya, dünyaya təşkilatçılıq bacarığını və yüksək qonaqpərvərlik ənənəsini göstərə bildi. "Eurovision" layihəsinin rəhbəri Yan Ola Sand müsabiqəyə hazırlığı hələ Cenevrədə keçirilən Məşvərət Qrupunun iclasında yüksək dəyərləndirmişdir: "Biz çox gözəl bir hadisənin ərəfəsindəyik. Bir neçə dəfə ölkənizdə olduğum üçün Azərbaycanın bu yarışmaya çox ciddi, sevinc, maraq və məsuliyyətlə hazırlaşdığının şahidiyəm. Bu tədbirin Azərbaycanın hüdudlarından kənarda yayımlanması ən müasir texnoloji vasitələrlə həyata keçiriləcək".

Bəli, hər şey möhtəşəm şəkildə təşkil olundu. Şəhərimizin görkəmi, abadlıq işləri, tarixi mədəni dəyərlərin qabarıq təqdimatı və s. ən xırda məqamlar nəzərə alınmaqla Azərbaycan qapısını avropalılırın üzünə açdı. Ölkəyə şöhrət gətirəcək tarixi bir gün kimi dünyaya səs saldı.

Beləliklə, Bakıdakı möhtəşəm 57-ci "Eurovision" şousu başa çatdı. Hər bir kəs Bakıda təşkil olunan bu şouya heyrətini belə gizli saxlaya bilmədi. Səhnədə istifadə olunan işıq effektləri isə şounun əsas hissəsini təşkil edirdi. Açılış şousunda dünyaşöhrətli muğam ifaçısı Alim Qasımovun səhnəyə çıxması və Azərbaycan muğamı ilə Avropanı salamlaması diqqətçəkən məqamlardan biri oldu. Alim Qasımovun "Eurovision" səhnəsində muğam ifa etməsi hər bir kəsin ürəyindən xəbər verdi. Səbinə Babayevanın səhnəyə Azərbaycanın dünyaşöhrətli muğam ifaçısı Alim Qasımovla birgə çıxması və "When the music dies" mahnısını mükəmməl səsi ilə ifa etməsi zaldakı bütün tamaşaçıları ayağa qalxmağa vadar etdi.

Onu da qeyd edək ki, hər iki yarımfinalda olduğu kimi, final şousunda da "Bakı Kristal Zal" hər təmsilçidən əvvəl onun ölkəsinin bayrağında işıqlandırıldı. Hər çıxışdan əvvəl isə Azərbaycanı tərənnüm edən postkardların nümayişi maraqla qarşılandı.

Azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarovun interval aktında çıxışı isə yaddaşlara həkk olundu. Onun ifasından əvvəl Müslüm Maqomayevin bəstəsi olan "Azərbaycan" mahnısı səsləndi. Həmin mahnının sədaları altında bütün zal "Eurovision-2012"-nin şüarı olan "Light your fire"a uyğun olaraq odlarla işıqlandırıldı.

Möhtəşəm "Bakı Kristal Zalı" səhnəsində final şousundaca Bakıya sevgi etirafları da səsləndi. "Səni sevirəm, Bakı"- deyərək öz hisslərini Azərbaycan əhlinə çatdıran İsveç təmsilçisi Lorinin bu sözləri coşqu ilə qarşılandı. Malta təmsilçisi Kurt Kalleya da səhnədə Azərbaycanı sevdiyini dedi. Malta təmsilçisi sevgisini "Sevirəm səni, Azərbaycan" sözləri ilə ifadə etdi.

Çıxışlar sona yetdikdən sonra Avropa Yayımları Birliyi "Eurovision Mahnı Müsabiqəsi 2012"-nin iki yarımfinal və final mərhələləri üzrə səsverməsinin yekun nəticələrini açıqladı. Beləliklə, səsvermənin nəticələrinə görə, finalda iştirak edən 26 ölkə sırasında qalib elan olundu. Müsabiqənin final mərhələsində səsverməsinin yekun nəticələrinə görə, 372 səslə İsveçrə birincilik əldə etdi. Finalda iştirak edən 26 ölkə sırasında Azərbaycan dördüncü yerə sahib oldu. İsveç, Rusiya, Serbiya, Azərbaycan, Albaniya, Estoniya, Türkiyə, Almaniya, İtaliya, İspaniya müsabiqənin onluğuna daxil oldu.

Qeyd edək ki, Azərbaycana "Eurovision Mahnı Müsabiqəsi 2012"-də iştirak edən 42 ölkədən 21-i səs verib: Albaniya (4 səs), Belarus (7 səs), Bosniya və Herseqovina (7 səs), Bolqarıstan (10 səs), Kipr (8 səs), Makedoniya (2 səs), Gürcüstan (10 səs), Yunanıstan (5 səs), İrlandiya (1 səs), İsrail (8 səs), Litva (12 səs), Malta (12 səs), Moldova (10 səs), Monteneqro (5 səs), Rusiya (10 səs), San-Marino (4 səs), Serbiya (3 səs), Slovakiya (6 səs), Türkiyə (12 səs), Ukrayna (12 səs), Böyük Britaniya (2 səs). Azərbaycan isə final mərhələsində İrlandiyaya 1 səs, Kiprə 2 səs, Ukraynaya 3 səs, Litvaya 4 səs, Yunanıstana 5 səs, Rumıniyaya 6 səs, İsveçə 7 səs, Maltaya 8 səs, Rusiyaya 10 səs, Türkiyəyə 12 səs verib.

Onu da vurğulayaq ki, "Eurovision" Mahnı Müsabiqəsində səsvermə 50/50 prinsipi ilə tamaşaçı və münsiflər heyəti arasında aparılıb.

Yan Ola Sand tərəfindən "Eurovision 2013"-ün İsveçdə keçiriləcəyini təsdiqləyən sənədlər Lorinə təqdim edildi. "Sizi iyun ayında Cenevrəyə dəvət edirik. Orada qarşıdakı müsabiqə haqqında daha ətraflı müzakirələr olacaq"- deyən Yan Ola Sand son bir neçə ildə İsveçin böyük səylə "Eurovision" Mahnı Müsabiqəsinə ev sahibliyi etmək uğrunda səy göstərdiyini bildirdi.

Belə maraqlı məqamlarla "Eurovision Mahnı Müsabiqəsi 2012" başa çatdı. Müsabiqəyə gələn hər bir kəs Azərbaycanı yaxından tanımaq, onun gözəl məkanlarını gəzmək imkanı da qazandı. Və hər bir kəs buradan - Azərbaycandan, paytaxt Bakıdan özləri ilə xoş xatirələr apardılar. Azərbaycan möhtəşəm şouya yüksək səviyyədə ev sahibliyi edə bildi.


NƏZAKƏT

Digər xəbərlər