Son zamanlar Qərbdə fəaliyyət göstərən bir sıra təşkilatların Azərbaycanın əleyhinə yönəlmiş hesabatlarla çıxış etmələri, onların həmin hesabatlar çərçivəsində, bilavasitə, bilərəkdən qərəzli bəyanatlar səsləndirmələri ölkəmizdə fəaliyyət göstərən ictimai birliklər tərəfindən də kəskin şəkildə qınanılmaqdadır.
Belə ki, qərəzlərlə yanaşı, ikili standartların da müşahidə olunması bütövlükdə sözügedən xarici təşkilatların səmimiliklərini kifayət qədər sual altında qoyur. Söz yox ki, bu kimi ikili amillərin daim öndə olması həm də Qərb təşkilatlarının sifarişlərlə işləməsini də təsdiq edir. Məsələyə münasibət bildirən "Azadlıq Hərəkatçıları" İctimai Birliyinin sədri Təhmasib Novruzov bildirib ki, onlar İB olaraq, xarici təşkilatların indiki qədər açıq şəkildə qərəzli mövqe nümayiş etdirməsini gözləməyiblər. O, həmçinin, qeyd edib ki, bunu yalnız Azərbaycanda gedən inkişafa, sürətli tərəqqiyə qısqanclıqla yanaşma ilə əlaqələndirmək olar: "Digər tərəfdən, belə hesab edirəm ki, Azərbaycanda fəaliyyət göstərən bəzi siyasi təşkilatlar və bəzi özlərini hüquq müdafiəçisi adlandıranlar bu şəraiti yaradırlar. Təbii ki, "Amnesty International" və ya digər hər hansı bir təşkilat Azərbaycan haqqında hesabat yayanda, onu havadan götürmür, məlumatları haradansa əldə edir, bunun əsasında hesabat yayır".
T.Novruzovun fikrincə, bu məlumatları onlara ötürənlərin kim olduğu bəlli deyil: "Çox təəssüf ki, əslində, bu şəraiti öz içimizdə olan "qurdlar" yaradırlar. Ona görə də mənə elə gəlir ki, təkcə hesabatı yayanlara, onu yaydıranlara deyil, həm də Azərbaycandakı Azərbaycan əleyhinə, dövlətçiliyin əleyhinə bu cür fəaliyyət göstərənlərə ictimai qınaq təşkil olunmalıdır". O, vurğulayıb ki, nəyinsə xətrinə, şəxsi mənafe xətrinə Azərbaycan mənafelərini xarici ölkələrə satmaq öz xalqına və öz dövlətinə xəyanət etməkdir: "Bəzi beynəlxalq təşkilatlar öz siyasi maraqlarından çıxış edərək, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər".
Əli Cəfərov: "Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatlar Qarabağ həqiqətləri barədə ortaya konkret mövqe qoymurlar, hər bir məsələyə ikili standartlarla yanaşırlar"
"Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatlar öz siyasi maraqlarından çıxış edərək, Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər".
Bu fikirləri isə "Demokratiyanın və milli dəyərlərin təbliği" İctimai Birliyinin sədri Əli Cəfərov bildirib. O, həmin təşkilatları Dağlıq Qarabağ məsələsində konkret mövqe ortaya qoymamaqda ittiham edib: "BMT-nin qətnamələri, müxtəlif beynəlxalq səviyyəli tədbirlərdə qəbul olunmuş siyasi qərarlarda Dağlıq Qarabağın Azərbaycana qaytarılması qeyd olunub. Həmin beynəlxalq təşkilatlar bu barədə ortaya konkret mövqe qoymurlar, problemə ikili standartlarla yanaşırlar".
İB sədri qeyd edib ki, sözügedən həmin təşkilatlar insan haqları kimi məsələləri gündəmə gətirməklə guya Azərbaycan xalqına öz rəğbətini bildirirlər. Ancaq unudurlar ki, əslində, Avropa ölkələrinin özündə kifayət qədər insan haqları pozulur və heç bir qurum haqların pozulmasına görə Qərbə təzyiq göstərmir: "İstənilən Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da bəzi problemlər var. Lakin cüzi problemləri şişirtmək yanlış fikirdir. Onların mövqeyi Azərbaycan xalqı tərəfindən dəstəklənmir".
Ə.Cəfərov bildirib ki, həmin təşkilatlar yalnız sifarişlərlə işləyir və öz mənafelərini güdürlər, siyasi ambisiyalarını Azərbaycanda həyata keçirmək istəyirlər.
Aydın Kərimov: " Böyük uğurları görməyib, kiçik qüsurlara diqqət vermək riyakarlıqdır "
Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin rəhbəri Aydın Kərimov isə bildirib ki, "Amnesty International" və "Human Right Watch" kimi beynəlxalq təşkilatların son zamanlar yaydığı hesabatlar obyektivlikdən kənardır: "Müstəqillik əldə etdikdən sonra Azərbaycan xeyli uğurlara imza atıb. Təbii ki, böyük uğurlar olan yerdə kiçik qüsurlar da olur. Böyük uğurları görməyib kiçik qüsurlara diqqət vermək riyakarlıqdır". A.Kərimov hesab edir ki, uğurları da, qüsurları da göstərmək lazımdır. Belə ki, əldə olunmuş nailiyyətlərə nəzər saldıqda, Azərbaycanın həm insan hüquqları sahəsində, həm əhalinin sosial müdafiəsinin gücləndirilməsində, həm də beynəlxalq siyasi arenada nə qədər uğurlara imza atdığı açıq-aşkar görünür.
Xanoğlan Əhmədov: "Bu cür tədbirlərdən istifadə edərək diqqəti Azərbaycanın daha böyük
və ümummilli problemlərinə yönəltmək lazım idi"
"Media və Mülki Cəmiyyət" İctimai Birliyinin sədri Xanoğlan Əhmədov da "Eurovision" kimi nüfuzlu bir beynəlxalq mahnı müsabiqəsinin siyasiləşdirilməsini doğru saymır. Bu tip müsabiqələrin Azərbaycanın beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm tədbir olduğunu deyən təşkilat rəhbərinin sözlərinə görə, bu cür tədbirlərdən istifadə edərək diqqəti Azərbaycanın daha böyük və ümummilli problemlərinə yönəltmək lazım idi: "İranın musiqi yarışması ilə bağlı etirazlarına gəlincə, bunlar, əslində, bir bəhanədir. İndiyədək Azərbaycanda müəyyən mahnı müsabiqələri keçirilib. Eləcə də, digər müsəlman dövlətlərində fərqli müsabiqələr keçirilib. "Eurovision"la bağlı Azərbaycanda dindarların ləyaqətinə toxunulacaq hər hansı bir hərəkətə yol verilməyib. Bu tədbirdə islami dəyərlərə toxunulacaq hər hansı bir hərəkət qeydə alınmadı".
R.RƏSULOV