Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artması, qlobal tərəqqi tendensiyasının ən ali məqamlar səviyyəsində qiymətləndirilməsi, artıq ölkəmizin dünya miqyasında söz sahibinə çevrilməsi Qərbin bəzi siyasi dairələri tərəfindən qısqanclıqla yanaşılır. Əlbəttə ki, bu kimi gözügötürməzliklərdə əsas rollardan birini də, sözügedən qərəzli dairələrlə iş birliyinə gedən, eləcə də, korrupsiyalaşmış, sifarişlərlə işləyən media qurumlarını da göstərmək mümkündür. Azərbaycanın yüksək nüfuzuna xələl vurmaq zəminində fəaliyyət göstərən bəzi mətbuat səhifələri heç bir dəlilə və sübuta əsaslanmadan, əslində, öz qaranlıq iş prinsiplərini ortaya qoyaraq, çirkin məqsədlərini ifşa edirlər. Əlbəttə ki, burada Qərbdəki ermənipərəst siyasi dairələrə daha yaxın olan erməni lobbisinin də varlığını inkar etmək olmaz. Lobbinin bu məqsədlə ələ aldıqları dairələrə külli miqdarda pul vəsaiti xərcləməsi, bahalı hədiyyələrlə təmin etməsi də vurğulanan amillərdən biridir. Söz yox ki, erməni lobbisi deyilərkən, buraya ilk növbədə, Fransanın bəzi qərəzli dairələrini və mətbuat orqanlarını aid etmək mümkündür. Çünki ermənipərəst dairələrin ən çox Fransada məskunlaşması da heç kimə sirr deyil. Bu baxımdan, "Le Mond" qəzetini də həmin dairələrin tərkib hissəsi kimi önə çəkmək olar. Belə ki, sırf qərəz və böhtanlara istinad edən yazılı orqan, təəssüf ki, Fransada baş verən irqçi baxışların artması, insan hüquqlarının davamlı şəkildə pozulması, dini və digər zəminlərdə artan cinayətlər barədə informasiyalara yer vermir. Ancaq bu kimi halların, ümumiyyətlə, baş vermədiyi Azərbaycana qarşı şər və böhtan kampaniyası aparmaq ambisiyasının ortaya qoyulması cəhdi, sözsüz ki, "Le Mond"un və həmin qəzetə sifarişlər verən ermənipərəst dairələrin hansı əməllərə yol verdiyini aşkar şəkildə nümayiş edir. Giyom Perye adlı müəllifin qələmə aldığı qərəzli məqalənin hər bir cümləsində anti-Azərbaycan ruhu, dövlətçiliyimizə qarşı təhqir mövqeyi, düşmənsayağı yanaşma daha qabarıq fonda sərgilənir.
Başqa tərəfdən, onu da qeyd etmək mümkündür ki, burada qısqanclıq da mövcuddur. Əgər böhtan xarakterli məqaləyə diqqət yetirsək, görərik ki, orada Azərbaycanın təbii sərvətlərinə, əhalinin yaşayış səviyyəsinin günü-gündən yaxşılaşmasına qarşı çoxsaylı qısqanclıq hissləri mövcuddur. Eyni zamanda, "Eurovision" musiqi yarışmasının da Azərbaycanda keçirilməsinə qıyqacı baxışlarla baxan fransız qəzeti burada da daxili hisslərini gizlədə bilməyib: "Eurovision" Azərbaycanın reklam olunması üçün ölkəyə əvəzsiz imkanlar verir".
Məhz bu kimi gözügötürməzliklər fonunda korrupsiya qarşılığında sifarişləri həyata keçirən "Le Mond"un rüşvətxor yazarı Giyom Perye unudur ki, ölkəsi Fransada dini, irqi motivlərdə cinayətlər səngimir, korrupsiya, qohumbazlıq, regionçuluq kimi hallara göz yumulur, demokratik islahatların aparılmasının vacibliyi günü-gündən daha da artır. Ancaq buna nə hökumət, nə də başqa siyasi dairələr tərəfindən müdaxilələr olunmur. Çünki belə "siyasət" sözügedən yüksək vəzifəli fransızlara kifayət qədər sərf edir.
Belə ki, Fransanın Taraskon şəhərindəki məscid vandalizmə məruz qalarkən, həmin cinayətə görə heç kim tutularaq, istintaqa verilmədi. Məsələ ondadır ki, fransalı ultramilliyyətçilər 1994-cü ildə inşa edilmiş məscidin qapısına svastika çəkiblər və "SS" loqosunu yazıblar. Hadisə yerinə gələn polisin şübhəli avtomobili axtarması heç bir nəticə verməyib. Şəhər meri bu hadisəni pisləyib və təxribatı törədənlərin tezliklə tapılıb cəzalanmasını tələb edib. Yerli müsəlmanların lideri Ben Dada isə əhalini təmkinli olmağa, ksenofobiya və rasizm tələsinə düşməməyə çağırıb. Qeyd edək ki, oxşar hadisə daha öncə Draqinian departamentində də qeydə alınıb.
RÖVŞƏN RƏSULOV