Azərbaycan beynəlxalq aləmdə əldə etdiyi uğurlarının sırasına növbətisini - "Eurovision-2012" möhtəşəm musiqi yarışmasını da qatmaqla bir daha güclü, qüdrətli, azad, tolerant, sülhsevər və qonaqpərvər ölkə olduğunu bütün dünyaya sübut etmiş oldu. Əgər bu əhəmiyyətli faktorlar mövcud olmasa idi, ölkəmiz BMT kimi mötəbər qurumun Təhlükəsizlik Şurasına, digər nüfuzlu beynəlxalq təşkilatlara üzv seçilməzdi. Bu gün ölkəmiz bütün önəmli mənalarda aparıcı dövlətlər arasında lider olduğunu yetərincə təsdiqləmiş, sözügedən uğurlar isə artıq davamlı xarakter almışdır.
Onu da qeyd edək ki, müsabiqənin Təşkilat Komitəsi, Azərbaycanın dövlət orqanları, Avropa Yayım Birliyi, İctimai Televiziyanın üzərilərinə düşən vəzifələrin tam yerinə yetirildiyini vurğulayıblar. Eyni zamanda, müsabiqənin lazımi səviyyədə keçirilməsi üçün təhlükəsizlik, nəqliyyat, viza, yerləşdirmə və digər məsələlər heç bir problem olmadan, peşəkarlıqla həll edilmişdir. Bir sözlə, "Eurovision-2012" Azərbaycan üçün dünyaya öz zəngin mədəniyyətini, adət-ənənələrini, milli xüsusiyyətlərini, müstəqillik illərində əldə etdiyi uğurları, o cümlədən, müasir, demokratik cəmiyyət quruculuğunu, güclü iqtisadi potensialını təqdim etmək, həmçinin, öz milli problemlərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün gözəl fürsət oldu. Azərbaycana səfər edən nümayəndə heyətləri, jurnalistlər, qonaqlar onlara olan diqqət və qayğıdan, tədbirin yüksək səviyyədə təşkilindən, Bakının müasirliyi və gözəlliyindən, azərbaycanlıların qonaqpərvərliyindən tam razılıqlarını ifadə etmiş və məmnun qaldıqlarını bildirmişlər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişafı, müasir cəmiyyət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, əhalinin rifahının yaxşılaşması və s. sahələrdə əldə edilmiş mühüm nailiyyətləri yüksək qiymətləndirmiş, Azərbaycanın avrointeqrasiya istiqamətində sürətlə irəliləyən ölkə olduğunu xüsusi qeyd etmişlər. Möhtəşəm tədbiri işıqlandıran jurnalistlər onların sərbəst fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını, Mətbuat Mərkəzinin bütün texniki vasitələrlə təmin edildiyini və yüksək standartlara cavab verdiyini bildiriblər. Xarici qonaqların fikrincə, "Eurovision-2012" bu yarışmanın 57 illik tarixində ən möhtəşəm müsabiqə oldu. Azərbaycan Avropa ailəsinə yüksək səviyyəli şou təqdim edə bildi. Eyni zamanda, "Eurovision-2012" Azərbaycan dövlətinin güclü potensialını, onun istənilən məsələni həll etmək bacarığını, dünya səviyyəli tədbirləri təşkil etmək və keçirmək üçün geniş imkanlara malik olduğunu açıq olaraq nümayiş etdirmiş oldu.
"Qara piar" baş tutmadı
Lakin onu da qeyd etmək lazımdır ki, Azərbaycanın uğurlarını həzm etməyən, əldə etdiyi mütərəqqi nailiyyətlərinə barmaqarası baxan daxili-xarici qüvvələr də, hər zaman mövcud olmuş, onlar qərəzli, böhtanlı siyasətləri nəticəsində daim qara piar kampaniyaları apararaq, Azərbaycanın nüfuzuna xələl gətirməyə cəhd göstəriblər. Dağıdıcı müxalifət növbəti dəfə açıq şəkildə öz anti-milli, satqın, riyakar simasını nümayiş etdirdi. Öz cılız ambisiyalarını reallaşdırmaq üçün xalqın maraqlarını tapdalayan Əli Kərimli, İsa Qəmbər, Rəsul Quliyev bir daha sübut etdilər ki, onlar məkrli niyyətlərinə çatmaq üçün istənilən qüvvə ilə, o cümlədən, erməni lobbisi ilə əməkdaşlıq edə bilərlər.
Müxalifət mətbuatı, xüsusilə, "Azadlıq" qəzeti faktiki rəhbəri Əli Kərimlinin xislətinə uyğun olaraq Azərbaycan haqqında böhtan xarakterli materialları, hətta Ermənistan mətbuatının dezinformasiyalarını canfəşanlıqla tirajladı və ictimai rəyi çaşdırmağa çalışdı. Bu qəzetdə dərc olunan qərəzli materiallar erməni və bəzi Qərb KİV-lərinin Azərbaycana qarşı ittihamları üçün mövzu verdi.
Bu baxımdan, "Eurovision-2012" Azərbaycana öz dostlarını və düşmənlərini tanımağa şərait yaratdı. Bir daha sübut olundu ki, Almaniya və Böyük Britaniyanın bəzi siyasi dairələri, mətbuatı sürətlə inkişaf edən bir müsəlman ölkəsinin - Azərbaycanın uğurlarına qısqanclıqla yanaşır, ölkəmizi gözdən salmağa çalışırlar. Belə ki, Almaniya Yaşıllar Partiyası, onun Viola fon Kramon və Folker Bek kimi fəalları, bu ölkənin insan haqları üzrə müvəkkili Markus Löninq, Avropa Şurasının qondarma "siyasi məhbus" məsələləri üzrə məruzəçisi Kristofer Ştrasser, "Şpigel" nəşri, ARD telekanalı Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası həyata keçirdilər. Böyük Britaniyanın BBC, "Guardian", "İndependent" və s. KİV-ləri qərəzli, böhtan və şantaj xarakterli materialları ilə göstərdilər ki, Qərb mətbuatı heç də iddia edildiyi kimi azad deyil və müəyyən siyasi dairələrin konyuktur, sifarişli maraqlarına xidmət edirlər.
Həmçinin, anti-Azərbaycan dairələr və dağıdıcı müxalifət isveçli müğənni, müsabiqənin qalibi Lorindən, bu yarışmada Böyük Britaniyanı təmsil edən Engelbert Hamperdinkdən Azərbaycana təzyiq vasitəsi kimi istifadə etməyə çalışaraq, onları siyasi bəyanatlar verməyə və çağırışlara təhrik etməyə cəhd göstərdilər. Ancaq təbii ki, onların bu cəhdləri də istədikləri nəticəni vermədi. Məsələn, Lorin qeyd etdi ki, o, azad ölkədə azad musiqi ifa edib. Ancaq təəssüf ki, daim Azərbaycanın əleyhinə yazan "Azadlıq" qəzeti Lorinin həmin ifadəsini özəlləşdirməyə cəhd göstərdi. Bu amil onların hansı xislətə və "təfəkkürə" mənsub olmalarını yetərincə sərgiləmiş oldu.
"Human Rights Watch", "Amnesty İnternational", "Freedom Hause", "Norveç İnsan Haqları Evi", "Sərhədsiz Reportyorlar" və bəzi digər təşkilatlar sifarişlə Azərbaycandakı həqiqi vəziyyəti təhrif edərək, əsassız və qərəzli bəyanatlar, hesabatlar yaydılar. Lakin Azərbaycan ictimaiyyəti, QHT-lər isə, öz növbəsində, bu təşkilatların Azərbaycana qarşı qərəzli kampaniyasını, nəinki qəbul etmədilər, hətta öz etiraz səslərini ucaldaraq əsassız ittihamlara son qoymağı tələb etdilər.
Onu da qeyd edək ki, erməni lobbisi və Ermənistanın "Eurovision-2012"ni əngəlləmək, onun keçirilməsinə mane olmaq üçün bütün resurslarını səfərbər etdi. Lakin nəticədə Ermənistan dünya ictimaiyyətinin gözü qarşısında pis vəziyyətə qaldı və bu ölkənin ictimai yayımçısı Avropa Yayım Birliyi tərəfindən cərimələndi.
Qərəzli kampaniyaların yerli
"missionerləri"
Təkcə ötən ilin mayında ölkəmiz "Eurovision" musiqi yarışmasını keçirməyə haqq qazandıqdan sonra Azərbaycanın uğur reallıqlarına qarşı başlayan total xarakterli hücumlara nəzər salsaq, deyilənlərin nə qədər həqiqət olduğunun şahidi olarıq. Sirr deyil ki, bu cür əməllərin arxasında özlərini "demokratik qüvvələr" adlandıran dağıdıcı, aqressiv ölkə müxalifətinin, düşərgəyə rəhbərlik edən "liderlərin" də rolu az deyil. Anti-Azərbaycan meyilli xarici qüvvələrin başlatdıqları iyrənc kampaniyalar çərçivəsində bütün "məsuliyyəti" öz üzərlərinə götürmüş qondarma demokratlar söz yox ki, burada bir neçə mövqedən çıxış edirlər. Birincisi, xarici siyasi dairələrin kirli məqsədlərini özünküləşdirərək mətbuat səhifələrində yaymaq, ikincisi, həmin mətbuat səhifələrində qərbli siyasilərin anti-Azərbaycan təbliğatlarını aparmaq, üçüncüsü, "Eurovision" ərəfəsində icazəsiz aksiyalara start verməklə Azərbaycan reallıqları barədə az məlumatları olan xarici jurnalistlərin, media qurumlarının diqqətini öz tərəflərinə cəlb etmək, dördüncüsü, musiqi yarışmasında çıxış edəcək iştirakçılardan onlara lazım olan "bəyanatları" səsləndirmək, beşincisi isə, həmin "bəyanatları" əsas gətirərək, süni hay-küy qoparmaq və avropalılar qarşısında "əzilənlər" imitasiyasını nümayiş etdirmək. Onu da qeyd edək ki, adıçəkilən daxili "qüvvələrə" beşinci kolon adı da əbəs yerə verliməyib. Çünki onların kirli siyasət əməlləri çərçivəsində "şəxsi beyin məhsulu", yaxud da "ideya" deyilən heç nə nə mövcud deyil. Tərəflərindən oynanılan oyunları isə özləri deyil, başqaları - xarici dairələr "icad" edib. Yəni dağıdıcı müxalifətin işi "kolonçu" olaraq, onlara verilən əmrləri daim "sədaqətlə" icra etməkdən ibarət olub.
Əgər həmin sıralamaya ayrı-ayrılıqda təhlilə nəzər yetirsək, görərik ki, bütövlükdə olaraq, məqsəd birdir: "Eurovision" ərəfəsində, eyni zamanda, tədbirin keçiriləcəyi gün də daxil olmaqla qərəzli Qərb dairələri tərəfindən müxalifətə xərclənmiş sifarişli pulların haqqını göstərmək, bununla da guya Azərbaycanda anti-demokratik ab-havanın hökm sürdüyünü sərgiləmək. Xüsusilə, həmin missiyanı öz üzərinə götürənlər - "İctimai Palata" adlı qurumda inhisarçı qüvvə kimi çıxş edən AXCP (i) sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər icazəsiz aksiyalar və piketlərlə həmin çərçivədə daha çox canfəşanlıq göstərdilər. Eləcə də, bu kimi beşinci kolon missionerlərinə Leyla Yunus, Emil Hüseynli kimi "hüquq müdafiəçiləri" də qoşularaq eyni mövqedən çıxış edirdilər. "Eurovision" ərəfəsində "Demokratiya naminə oxu" kimi qondarma tədbirlərin keçirilməsi də məhz bu kimi məsələlərin ardıcıllığı idi. Xarici media qurumları qarşısında az qala kiçik məişət problemini də "nəhəng" kimi təqdim edənlər Azərbaycanın nüfuzuna hər tərəfdən zərbə vurmağa səy göstərməklə, demokratik mühitdən sui-istifadələrini aşkar şəkildə nümayiş ediblər. Ancaq bunun nə qədər "reallaşmasını" elə həmin xarici mətbuatın yazdıqlarından da görmək mümkündür.
Qərəzli Qərb mediası təkzib
məcburiyyətində qaldı
Məsələn, ölkəmizdəki reallıqlar ətrafında qərəzli mövqedən ən çox çıxış edən Almaniya mətbuatının nüfuzlu media qurumu - "Ştern" dərgisi yazıb ki, biz Azərbaycana səfər etməmişdən öncə tamamilə fərqli düşüncədən çıxış edirdik: "Azərbaycana gəldikdən sonra isə, bizə verilən informasiyaların heç də həqiqət olmadığını gördük. Bu ölkə öz tarixi, mədəni, irsi, müasirlik, modern zənginlikləri ilə Şərqlə Qərbi birləşdirən möhtəşəm diyardır. Hər kəs azad və firavan yaşayır, insanların üzləri daim gülür, onlar mehriban və qonaqpərvərdirlər. Burada dinlər və xalqlararsı tolerantlıq, demokratiya, söz azadlığı, fikir plüralizmi kifayər qədər inkişaf edib. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq, Bakıda, eləcə də, ətrafda çarşablı qadınlara çox az rast gəlinir. Xüsusilə, gənclər özlərini çox sərbəst və azad hiss edirlər..."
Maraqlıdır ki, "Der Standart" və bu kimi başqa Almaniya mətbuat səhifələri də Azərbaycandakı inkişafa həsədlə baxıdqlarını gizlədə bilməyiblər. Buradan da aydın olur ki, Qərb mətbuatının ikitərəfli, yəni həqiqət və qərəz mövqelərindən çıxış etməsi arxasında belə bir nəticəyə gəlmək mümkündür. Məsələ ondadır ki, Qərb dairələrində təmsil olunanların eyni təfəkkürə sahib olmaları, onların xarici baxışlarının fərqliliyi ciddi fikir ayrılığına səbəb olmur. Onlar sadəcə qərəzli informasiyaların yayılmasında maraqları olanlara və olmayanlara bölünüblər. Qərəzli informasiyaların yayılmasında maraqları olanlar da sonradan əsil həqiqətləri dərk edir, müəyyən, hətta konkret təkziblərini verməyə məcbur olurlar. Məhz "Ştern" dərgisinin də anti-reallıqdan həqiqətə dönməsini yanlış informasiyalara inandığını etiraf etməsini misal gətirmək mümkündür.
İran amili - ayaq tutub yeriməyən yalan
Başqa tərəfdən, bəzi Qərb siyasi dairələri ilə birgə, İran mətbuatının da "Eurovision" ərəfəsində öz təbirincə, özünə sərf edən tərzdə, eləcə də, aqressiya dili ilə Azərbaycana qarşı anti-təbliğata yol verməsi sonda panfarsizmin aşkar sifətini ifşa etdi. Qonşu dövlətin dini rəhbərləri tərəfindən, demək olar ki, gündəlik şəkil almış təhdidləri fonunda apardıqları təbliğatlar bir daha, onu deməyə əsas verdi ki, bu və ya digər nüanslarda İranın Azərbaycanın uğurlarını həzm etməməsi sirr dağarcığından kənara çıxdı. Məlum oldu ki, ölkəmizdə süni qaydada "hicab" problemini qabardanlar da Ərdəbildə, Tehranda, Təbrizdə, Qumda və başqa şəhərlərdə təşkil olunmuş xütbələr söyləyən fars rejiminin qondarma dindarlarıdır. Onların daha sonrakı məqsədləri isə daha utancverici, xalqımızın milli-mənəviyyatına xas olmayan iddialara hesablanmışdı. Guya Azərbaycanda gey-paradın keçiriləcəyini iddia edən mollaların, əslində, bu kimi hallara mübtəla olması isə arqumentlər vasitəsilə ifşa edildi. İranın yalanları ayaq tutsa da, yeriməyə imkan tapmadı.
Ancaq bu motivlərdə AXCP (i) sədri Ə.Kərimlinin adının hallanması, onun ABŞ seksual azlıqlarının rəhbəri Rik Qarsia ilə əməkdaşlığı, ona göndərilmiş məlum müraciət məktubu, eləcə də, həmin əməkdaşlıq fonunda İran dairələrinin də yaxından iştirak etməsi hər şeyi açığa çıxardı. Məlum oldu ki, Bakıda gey-paradın keçirilməsi üçün, məhz İrandan Ə.Kərimliyə "hədiyyə" olaraq seksual azlıq nümayəndələri turist qismində göndərilmişdi. Ancaq onların bu arzuları da ürəklərində qaldı. Çünki Bakı əsrarəngiz, möhtəşəm, təkrarolunmaz və rəngarəngliyi ilə dünyaya səs salan "Eurovision" Mahnı Müsabiqəsini keçirdi və həmin beynəlxalq yarışmadan da üzüağ çıxdı. Bu, Azərbaycanı həzm edə bilməyən yerli və xarici qüvvələrə qarşı sərt, yerində verilmiş cavab oldu. Bu, həm də onların məğlubiyyəti deyil, fiaskosu idi. Belə sarsıdıcı zərbənin arxasından çıxmaq isə onlara bundan sonra, ümumiyyətlə, müyəssər olmayacaq. Çünki Azərbaycan müstəqil və güclü dövlət kimi öz iradəsini reallaşdırmaq qüdrətinə malik olduğunu, qarşısına qoyduğu məqsədlərə çatmaq üçün bütün maneələri dəf etməyi bacardığını hamıya göstərdi.
RÖVŞƏN NURƏDDİNOĞLU