Suriyada vətəndaş qarşıdurması yaşandıqdan sonra təklikdə qalan İranın xasiyyətində tündməcazlıqlar müşahidə edilməyə başlayıb. Bu tündməcazlığı doğuran səbəb isə əsəb gərginliyinin son həddə çatmasıdır. Artıq İranın hakimiyyət dairələri dəlilər kimi qəhqəhə çəkməyə başlayıblar. Gülüş iki cür olur. Bir var sevinc və fərəhin çoxluğundan sinəni boşaldıb ürəkdən qəhqəhə çəkəsən, bir də var boğazın cırılana qədər gülüb, alovları zəbanə çəkərək ərşə bülənd olan cəhənnəmin isti bucağına düşəsən, İran rəsmilərinin gülüşü ikinci kateqoriyaya aiddir. Öz sərsəm siyasəti ilə özünü dünyadan təcrid edən İran get-gedə daha tündməcaz və küpəgirən qarılar kimi daha deyingən olmağa başlayıb. Bu acılıq və tündməcazlıq sirkə səviyyəsinə qalxmaqdadır. Sirkə də İran kimi nə qədər tünd olsa, yalnız öz qabını çatladır.
Səməd Vurğunun "Vaqif" dramından bir epizodu İran mollalarının nəzərinə çatdırmaq istərdim. XIX əsrdə İran şahı olmuş Ağa Məhəmməd şah Qacar əsərin bir yerində dərin xəyallar içərisində öz-özünə danışır: "Gözlərim qaralır, aman ölürəm, günahsız qanlarmı gözümdə durur?" Dərhal sonra isə indiki İran rəsmiləri kimi dəli bir qəhqəhə çəkir. "Ha-ha-ha, bu nədir, yoxsa gülürəm?!" deyib yerə yıxılır. Onun diaqnozunu "isterika" adlandırmaq olar. Göründüyü kimi, misal da yerinə düşür. Keçmiş İran hökmdarının düşdüyü isterika halı yüz ildən sonra İranın hakim dairələri tərəfindən təkrarlanmaqdadır. Bu, amansız spiralvari tarixin hökmüdür. Bu reallıqdan qaçmaz olmaz. Necə ki, İranın molla rejimi qaça bilmir.
1979-cu ildə dindar çoxluğun dəstəyi ilə İran şahını yıxdılar və yerində adı çox gurultulu və xoş səslənən İran İslam Respublikasını yaratdılar. Ancaq tezliklə məlum oldu ki, onlar özünütəcrid siyasəti yürüdürlər. Bu, barama qurdunun tutun yarpağından vurub kəpənəyə çevrilməsi və özünə qapı-pəncərə qoymadan içərisində tez bir zamanda ömrünü başa vurmasına bənzəyir. Ancaq onlardan yenə ipək istehsalı üçün lazım olan iplik qalır. Məsih yaşına çatmış İranın molla rejimindən isə bir sirkə tündməcazlığı qalıb. Bir qərinə yaşı olan İsa Məsih məhz ömrünün bu çağında çarmıxa çəkilmişdi. Hazırda dünyada tək qalan və gücü ancaq Azərbaycana diqtə etməyə çatan mola rejiminin çökümünün vaxtı deyilmi? Dünyanın bir çox ölkəsi molla rejimini sanksiyalarla hədələyir. İran isə bizi ABŞ və İsraillə əlaqə qurmaqdan imtina etməyə çağırır. Bir razı deyilik, mollalar isə israrla tələb edirlər. Axı, "keçinin buynuzu gicişəndə, başını çobanın çomağına sürtər" deyiblər. Çoban da hirslənib keçinin başına bir zərbə endirsə, keçi cəhənnəmə vasil olacaq. Yəqin ki, sanksiyalardan məhv olan İran cəhənnəm yolu üstündə bizi özünə müşayiətçi etmək istəyir. Axı atalarımız "cəhənnəmə gedən özünə dost axtarar" deyiblər. Bu yolda biz İran mollalarına dost olmaq istəmirik.