PDF Oxu

Sosial

  • 8

Məlum olduğu kimi, "Eurovision-2012" yarışmasına Azərbaycan ev sahibliyi etdi. Bu məsuliyyəti üzərinə götürən və öhdəsindən layiqincə gələn Azərbaycan dünya arenasında varlığını bir daha sübut etdi. Milli-mənəvi dəyərlərə daim hörmətlə yanaşan Azərbaycan "Eurovision-2012" yarışmasını yüksək səviyyədə təşkil etməklə yanaşı öz qədim tarixini, zəngin mədəniyyətini təbliğ etdi. Ümumilikdə, "Eurovision-2012" münasibətilə ölkəmizə gələn bütün xarici vətəndaşlar Azərbaycandakı inkişafı öz gözləri ilə əyani surətdə gördülər. Çünki gələn qonaqlar arasında illər öncə Azərbaycanda olanlar da var idi. Yeni mərhələdə ölkədə gedən sürətli inkişafı görənlər heyrətləndi. Daha çox xarici jurnalistlərin diqqətini çəkən Azərbaycan haqqında müsbət fikirlər, rəylər formalaşdı. "Eurovision-2012" yarışmasında obyektivliyin, şəffaflığın, ümumiyyətlə, təhlükəsizliyin tam təmin olunması demokratik ölkə imicini bir daha sübut etdi.

Ümumiyyətlə, "Eurovision-2012" ərəfəsində baş verən hadisələrlə bağlı müsahiblərim maraqlı fikirlər səsləndirdilər.


Millət vəkili Musa Qasımlı: "Azərbaycan üzərinə düşən bütün məsuliyyətin öhdəsindən layiqində gəldi"


Hesab edirəm ki, az "Eurovision-2012" musiqi yarışması ərəfəsində Azərbaycan bütün dünyaya öz mədəniyyətinin, dövlətçiliyinin, xalqının nəyə qadir olduğunun bir daha göstərdi. Çox təəssüf olsun ki, "Eurovision" yarışmasının Azərbaycanda keçirilməsindən bir sıra qüvvələr öz çirkin məqsədləri üçün istifadə etmək istədilər. Şübhəsiz ki, bu, mənfi haldır. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi. Azərbaycana gələn xarici qonaqlarda Azərbaycanın tarixi, mədəniyyəti haqqında müsbət təəssüratlar yarandı. Bu məsələdə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük fəallıq nümayiş etdirdi. Ümumilikdə, daxili və xarici qüvvələrin müdaxiləsinə baxmayaraq, yarışma möhtəşəm şəkildə təşkil olunub. Hər hansı bir kənar qüvvələrin ölkədəki möhkəm sabit şəraitə kölgə salmaq niyyəti baş tutmadı.


Aydın Mirzəzadə: "Azərbaycan cəmiyyətinin özü bu yarışmaya maraqla hazırlaşırdı"


"Eurovision-2012" yarışması bu günə qədər təkcə musiqi yarışması olmayıb. Eyni zamanda, ölkələrin öz inkişafının göstəricisi faktoruna çevrilib. Həmin yarışmaya qalib gəlib ev sahibliyi etmək Avropa məkanının hər bir ölkəsinin arzusudur. Azərbaycanın "Eurovision"a ona ev sahibliyi etməsi Azərbaycan mədəniyyətinin, dövlətçiliyinin və inkişafının göstəricisi oldu. Azərbaycan göstərdi ki, nəinki mahnı yarışmasında qalib gələ bilər, hətta yüksək səviyyədə yarışmaya ev sahibliyi də edə bilər. Buna ciddi hazırlaqların aparılması, qısa zamanda, yeni konsert zalının tikilməsi, bütün infrastrukturların buna hazır vəziyyətə gətirilməsi bir daha Azərbaycanın Avropanın inkişaf templərinə uyğun hərəkət edən bir ölkə olduğunu, eyni zamanda, Azərbaycanın stabil inkişaf edən bir ölkə olduğunu göstərdi. Yarışmaya hazırlıq yüksək səviyyədə idi. Çünki hər şey bir başa dövlət başçısının nəzarəti altında idi. Yeni möhtəşəm zalın tikilməsi, milli parkın genişləndirilməsi, otellərin açılması və digər sahələrdə aparılan işlər Azərbaycanın ev sahibliyinə nail olduğunu göstərdi. Yarışma yüksək səviyyədə keçdi. Həm iştirakçılar, həm izləyicilər tərəfindən yarışmaya yüksək qiymət verildi. Azərbaycan cəmiyyətinin özü bu yarışmaya maraqla hazırlaşırdı. Dinləyicilər arasında çoxlu sayda azərbaycanlı vardı. Bizim təmsilçimizin 4-cü yer tutması özü böyük bir qələbə sayıla bilər. Amma Azərbaycan içərisində demokratik ab-havadan istifadə edib bayram əhval-ruhiyyəsini pozmaq, Azərbaycan haqqında mənfi rəy yaratmaq istəyənlərdə tapılırdı. Müxalifətin radikal qanadı "İctimai Palata"nın bu günlər ərzində bir-birinin ardınca polislə toqquşma situasiyası yaratması, ictimai asayişi pozması, Azərbaycan haqqında yalan məlumatlar göstərməyə çalışırdılar. Ancaq buna nail ola bilmədilər. Bütün cəhdlərə baxmayaraq, onlara ictimai dəstək olmadı, onların xaricdən dəstəyi güclü olmadı. Eyni zamanda, özlərinin anti-milli xüsusiyyətlərini bir daha qoya bildilər. Əvvəldən bildirilir ki, bu, ancaq "Eurovision-2012" yarışmasında Azərbaycanın nüfuzunu aşağı salmaq məqsədi güdür. İlk növbədə, onları qaragüruhçuluq və anti-milli hərəkat maraqlandırır. Bir sözlə, Azərbaycandakı inkişaf xətti, stabillik situasiyası Azərbaycan daxilində hər hansı bir pozuculuq fəaliyyətinin qeyri-mümkün olduğunu göstərir.


Millət vəkili Jalə Əliyeva: "Aparılan işlər birbaşa ölkə başçısı İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqətində idi"


Azərbaycan "Eurovision-2012" yarışmasına çox böyük bir məsuliyyətlə hazılaşmışdı. Bunu təkcə biz yox, ölkəmizə gələn çox sayda xarici turist, qonaqlar, xoş niyyətlə ölkəmizə gələn hər bir qonağın gəldiyi fikir bundan ibarət oldu ki, ölkəmiz bu günə qədər ən yaxşı təşkilatçı olub. Belə də ad verildi. Çünki bu vaxta qədər "Eurovision" heç bir ölkədə belə yüksək səviyyədə keçirilməmişdi. Bu da bir həqiqətdir. Ümumilikdə, aparılan işlər birbaşa ölkə başçısı İlham Əliyevin, ölkənin birinci xanımı Mehriban Əliyevanın diqqətində idi. Şübhəsiz ki, gələnlər arasında xoş niyyətlərlə bərabər, çirkin məqsədləri olan insanlar da var idi ki, onların da bu əməlləri həyata keçmədi. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr özləri bir daha şahid oldular ki, Azərbaycanda möhkəm ictimai-siyasi sabitlik mövcuddur. Təəssüflər olsun ki, Azərbaycanı gözü götürməyənlər nəinki xaricdə hətta ölkə daxilində də mövcuddur. Məyusedici haldır. Çünki sapı özümüzünkülərdən olan baltaların olması çox üzücü olur. Hətta ötən dəfə Avropa Parlamentinin bəzi deputatları "Eurovision-2012" ərəfəsində qətnamə imzaladılar. Burda da xəbis niyyət göz önündədir.


Politoloq Cümşüd Nuriyev: "Azərbaycan dövləti bir daha nüfuzunu dünyaya bəyan etdi"


"Eurovision-2012" yarışmasının Bakıda keçirilməsi Azərbaycanın həm daxili, həm də xarici siyasətində, həm iqtidar-xalq münasibətlərində sınaq imtahanı idi. Azərbaycan bu imtahandan üzüağ çıxdı. Xarici mətbuatın əsas qısqanclığı ondan ibarət idi ki, Azərbaycan "Eurovision-2012" ilə bağlı Qərbdə təqdim olunan imicini dəyişdirdi. Yəni bizi Orta Asiya ölkələri ilə bərabər tuturdular. Hansısa geridə qalmış bir ölkə kimi, xüsusilə, erməni lobbisi Azərbaycanı barbar, vəhşi ölkə kimi təqdim edirdi. Lakin Azərbaycan dövləti bir daha nüfuzunu dünyaya bəyan etdi. "Eurovision-2012" yarışması ərəfəsində və ondan əvvəlki müddətdə Azərbaycana olan hücumların arxasında yarışma vaxtı Bakıda siyasi sabitliyin pozulmasına nail olmaq və bundan da müəyyən gəlirlər və yararlar əldə etmək planlaşdırılmışdı. Həmin planların həyata keçirilməsi üçün bizdə onlara radikal müxalifət deyirlər, amma əslində, onlar hazır "yaddaş kartı"dı. Onların yaddaşına xaricdən nə yazılırsa, onun birmənalı şəkildə icrası ilə məşğuldurlar. Bunlar özlərinə hörmət etməyən və cibdə gəzdirilən "yaddaş kartı" statusunda çıxış edirdilər. Bəzi xarici qüvvələr, açığı bunlardan başqa şeylər gözləyirdilər. Çünki onlar elə fikirləşirdilər ki, Azərbaycan müxalifətinin böyük dayaqları var. Çünki bunlar sadəcə məlumat ötürmüşdülər. Bunlar Azərbaycanda ayağa duran kimi Azərbaycan əhasinin çoxu bu iqtidarın əleyhinə gedəcək. Bunlar istədiyi siyasəti yeridəcək. Amma Azərbaycanın yürütdüyü balanslaşdırılmış siyasət nəticəsində bunlar tam iflasa uğradılar. Açığı etiraf etmək lazımdır ki, bu yarışmanın Azərbaycanda bu səviyyədə keçirilməsi, artıq bundan sonrakı dövlətlər üçün nümunə oldu. Bu müddət ərzində xalq hər şeyə hazır oldu. Ümumulikdə, Azərbaycandan gedən xarici jurnalistlərin 80 faizi razı gediblər. Təşkilatçılıq işlərində, Azərbaycan mədəniyyətinin təbliğində, yarışma ərzində çoxsaylı sərgilərin təşkil olunması kimi işlərdə Heydər Əliyev Fondunun prezident Mehriban xanımın rolu əvəzolunmazdı. Amma bütövlükdə, hər zamankı kimi yenə Azərbaycan dövləti ölkədə demokratik mühitin olduğunu sübut etdi və xarici tədbirlərin Azərbaycanda keçirilməsi üçün hər bir şəraitin olduğunu göstərdi.


Vəhdət Partiyasının sədri Tahir Kərimli: "İndiyə kimi heç bir dövlətdə belə təntənəli yarışma keçirilməmişdi"


Azərbaycan 4 ildir ki, "Eurovision" yarışmasında iştirak edir. Bu 4 ildə "Evrovision"un məbədgahı Azərbaycan oldu. Bu, ümumbəşəri bir tədbirdir. Azərbaycan ictimaiyyəti və gələn qonaqlar dəfələrlə qeyd edirlər ki, yarışma yüksək səviyyədə keçirildi. Əvvəlki yarışmalara diqqət yetirsək, görərik ki, indiyə kimi heç bir dövlətdə belə təntənəli yarışma keçirilməmişdi. Azərbaycan üçün bu yarışmanın xüsusiyyəti ondan ibarətdir ki, ölkəmiz öz mədəniyyətini təbliğ etdi, öz milliliyini ortaya qoya bildi və varlığını sübut etdi. Güman olunur ki, 150 milyon insan bu yarışmaya tamaşa edib. Yarışmada milli musiqimiz olan muğama yer verilməsi, muğamın təbliğ olunması çox əhəmiyyətli idi. Lakin bir sıra anti-milli qüvvələrin xoşagəlməz hərəkətləri heç də yaxşı qarşılanmadı. Ümumilikdə, xalqın möhkəm birliyi bizi dünya birliyində yenə də öncül etdi.

Babək Hacıyev


Digər xəbərlər