PDF Oxu

Sosial

  • 46

"Eurovision-2012"-nin möhtəşəmliyi və Bakının gözəlliyi dünyanın ən aparıcı KİV-lərində...

"Eurovision-2012"-nin möhtəşəmliyi və Bakının gözəlliyi dünyanın ən aparıcı KİV-lərində...

Bakıda "Eurovision-2012" Mahnı Müsabiqəsinin keçirildiyi günlərdə Azərbaycan bütün dünyanın diqqətini özünə cəlb edib. Nüfuzlu xarici KİV-lər Bakıda keçirilən "Eurovision-2012" Mahnı Müsabiqəsi haqqında materialları dərc etməyi davam etdirirlər. Beləliklə də, Azərbaycanda keçirilmiş "Eurovision-2012" Mahnı Müsabiqəsinin möhtəşəm şou ilə başa çatması, təhlükəsiz və rahat şəraitdə baş tutması ölkəmizə gəlmiş xarici qonaqlarımızla yanaşı, dünyanın nüfuzlu və ən aparıcı KİV-lərin səhifələrinin yaddaşına köçürüldü. Hər bir xarici mətbuat orqanı müsabiqənin keçirildiyi "Baku Crystall Hall"un gözəlliyindən, Bakı şəhərinin təmiz və işıqlı olmasından, Azərbaycanın siyasi və iqtisadi qüdrətindən bəhs edir. Məhz dünyanın müxtəlif ərazilərində nəşr olunan KİV-lərdə "Eurovision"dan bəhs edilməsi, bir daha sübut etdi ki, mahnı müsabiqəsi yüksək səviyyədə təşkil olunub və keçirilib.


Türkiyə mətbuatı: "Azərbaycandan "Eurovision" dərsi"


Türkiyənin "Sabah" qəzetinin şərhçisi Bilge Eser məqaləsində yazır ki, bu ilin tədbiri müşahidə etdiyim bütün "Eurovision" müsabiqələri arasında məni daha çox heyrətləndirib. "Azərbaycandan "Eurovision" dərsi" sərlövhəli məqalədə müəllif qeyd edib: "Bir həftədir "Eurovision" ilə nəfəs alan Azərbaycan möhtəşəm bir şou ilə tarixin ən gözəl təşkilatçılığına imza atmışdır. Azərbaycana addım atdığım ilk gündən bütün ölkənin "Eurovision" ilə yaşadığını gördüm. Burada radio və televiziya kanalları, küçələr, geyimlər - bir sözlə, hər şey "Eurovision" ilə bağlı idi. İyirmi beş min nəfər "Baku Crystal Hall"da, qalanları isə ya evlərində, ya da ki, müxtəlif yerlərdə Bakıda keçirilən möhtəşəm şounu izləmişlər". Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sədrlik etdiyi "Eurovision-2012" Mahnı Müsabiqəsinin Təşkilat Komitəsinin inanılmaz və möhtəşəm bir işə imza atdığını vurğulayan müəllif qeyd edib ki, bu möhtəşəm tədbirdən hamı ağız dolusu danışırdı: "Hamı Bakıda keçirilən "Eurovision-2012"-ni müsabiqənin tarixində nadir hadisə adlandırmışlar. Onlar bu günədək ən möhtəşəm şounun Bakıda keçirildiyini demişlər".

"Hürriyyət" qəzetinin şərhçisi Ertoğrul Özkök öz məqaləsində vurğulayır ki, bu ilin tədbiri müşahidə etdiyi bütün "Eurovision" müsabiqələri arasında onu daha çox heyrətləndirib. "Afərin, Azərbaycan. Bu, misli görünməmiş bir başlanğıc idi. Neçə il "Eurovision"a baxmışam, bir o qədər həyəcan keçirmişəm. Türkiyəni dəstəkləyərkən salonlara, mərasimlərin açılışına diqqət yetirmirdim. Sonra salonlara, açılış mərasimlərin kreativliyinə diqqət yetirməyə başladıq və təkcə musiqi deyil, həm də tədbirin təşkili baxımından ölkələr arasında fərqləri hiss etməyə başladıq. İllər keçdi və Avropanın sərhədləri genişləndi. "Eurovision"un bu dərəcədə gözəl açılışını indiyədək görməmişdim". Müəllif yazır: "Afərin, Azərbaycan! Çox gözəl başlanğıcdır! Əminəm ki, nəticə də çox gözəl olacaqdır!"


Rusiya mətbuatı: Qərb mədəniyyətinə inteqrasiyanın ən sanballı nümunəsi


Rusiyanın nüfuzlu "Kommersant" qəzeti yazır ki, "Eurovision" Mahnı Müsabiqəsinin salnaməsinə nəzər salsaq, xatırlayarıq ki, ilk müsabiqələr teatrlarda, televiziya studiyalarında və bal salonlarında keçirilirdi, budəfəki forum isə dövlətin qeyri-adi geniş miqyaslı kampaniyası fonunda dəbdəbəli "Baku Crystal Hall" sarayında keçirilib: "Xarici ölkələrdəki islam ictimaiyyətinin qəzəblənməsinə, Ermənistanın müsabiqəyə qoşulmaqdan imtina etməsinə və dünyadakı hüquq-müdafiə təşkilatlarının gurultulu bəyanatlarına baxmayaraq, Azərbaycan öz müstəqilliyi tarixində Qərb mədəniyyətinə inteqrasiyanın ən sanballı nümunəsini göstərmişdir".

"Qolos Rossii" radiosunun saytında yerləşdirilmiş məqalədə isə deyilir: "Məsələ təkcə keçirilən yerdə deyildir. Avropanın müxtəlif guşələrindən Bakıya gəlmiş iştirakçıların, jurnalistlərin və tamaşaçıların sözlərinə görə, hər şey ən yüksək səviyyədə təşkil edilmişdir. Hər kəsi məftun etmiş ənənəvi Qafqaz qonaqpərvərliyindən heç danışmırıq". Məqalədə vurğulanır ki, "Eurovision-2012"-nin final mərhələsi iki həftəlik marafonun zirvəsidir".


ABŞ mətbuatı: Nəhəng teleekran - "Alov" qüllələri


"The Washington Post" qəzetində "Eurovision" Azərbaycandakı islahatların nəticələrinin nümayiş olunması üçün ideal səhnədir" sərlövhəli yazı dərc olunub. Qəzet yazır ki, Bakı qəmgin sənaye imicindən xilas olaraq özündə köhnə dünyanın İstanbul cazibədarlığını və Dubayın memarlıq nailiyyətlərini birləşdirən işgüzar həyatın enerji mərkəzinə çevrilib.

"The Washington Post" yazır ki, Azərbaycanda ölkədəki dəyişikliklərin nəticələrinin nümayişi üçün mükəmməl imkan yaranıb, Bakıda "Eurovision" Mahnı Müsabiqəsi keçirilir. Məqalədə qeyd olunur ki, füsunkar tamaşanı bütün dünyada 125 milyon insan izləyir. "Eurovision" 57-ci ildir keçirilir və müsabiqə 42 ölkədən populyar ifaçıların epik döyüşünə çevrilib. Qəzet yazır ki, Bakıda gecələr bütün şəhər çıraqbana dönərək, bolluğu və özünə əminliyi təcəssüm etdirir. Modern arxitekturalı binalar və islam dövrünün binaları bənzərsiz vəhdət təşkil edir. "Alov qüllələri" adlandırılan əzəmətli bina gecələr daha da möhtəşəm görünür. Bu qüllələri nəhəng teleekran da adlandırmaq olar.

Məqalədə deyilir ki, yüksək keyfiyyətli xidmət göstərən restoranlar və məxsusi geyim mağazaları ölkədə iki onillikdəki neft bumu sayəsində firavan yaşayışdan və sürətli inkişafdan xəbər verir. Ölkə hələ XIX əsrin sonunda aralarında amerikalıların da olduğu mədən kəşfiyyatçılarını özünə cəlb edib. Azərbaycan özünün coğrafi mövqeyi və zəngin faydalı qazıntıları sayəsində tarixən inkişafda böyük rol oynayıb.

"The Wall Street Journal" da Azərbaycanın nailiyyətlərini qabardaraq yazır: "Bakıda "Eurovision" müsabiqəsinin keçirilməsi Azərbaycana ölkənin müstəqillik illərində qazandığı tərəqqini dünyaya nümayiş etdirmək imkanı verib: "Bu gün, müstəqilliyinin əldə edilməsindən 20 il sonra Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan birinə malikdir. 2003-2008-ci illərdə ölkədə orta illik artım 20 faiz təşkil etmişdir. Azərbaycanın nailiyyətləri bundadır ki, o, sürətli iqtisadi inkişafı, o cümlədən, qeyri-neft sektorunun sabit artımını iqtisadi və siyasi sabitliklə birləşdirə bilmişdir".


Böyük Britaniya mətbuatı: Bakı heç bir başqa şəhərə bənzəmir


"The Inderpendent" yazır ki, "Eurovision"a karnaval və tam ciddi qəbul edilməyəcək dəb kimi yüngül münasibət bəsləmək əsla Azərbaycana görə deyildir. Burada müsabiqə son dərəcə ciddi işdir, Sovet İttifaqından müstəqilliyini əldə etdikdən sonra keçən 20 il ərzində bu kiçik, lakin neftlə zəngin ölkənin başçılarının onun nail olduğu inkişafı nümayiş etdirmələri üçün şansdır. Müsabiqənin nümayəndəsi deyib: "Bu, ölkələri və birlikləri birləşdirən, qarşılıqlı anlaşmaya xidmət edən bir tədbirdir. Biz dərindən əminik ki, "Eurovision" siyasi tədbirə çevrilməməlidir".

"The Telegraph" nəşri isə yazır ki, Bakı heç bir başqa şəhərə bənzəmir: "O, şüşədən möhtəşəm qüllələrlə müqayisədə daha çox şey təklif edə bilər. Orada cəlbedici attraksionları və sərgiləri olan nəhəng bulvar, rahat kafeləri və xalça dükanları olan labirintəbənzər İçərişəhər vardır. Yeri gəlmişkən, Azərbaycan Müasir İncəsənət Muzeyi dünyanın ən hündür bayraq ağacından (Bakının özünəməxsus layihələrindən biri) daha çox təsirləndirir. Füsunkar qızılı çimərlikləri, Abşeronun sayrışan işıqları, bahalı restoranlar və klublar, bərq vuran "Kristall Palas".

Ölkənin qalan hissəsi heç də az təəccübləndirmir. İngiltərə boyda olan bu ölkədə dünyada mövcud olan 11 iqlim qurşağından 9-nun təmsil olunmasına adamın inanmağı gəlmir. Qədim qayaüstü rəsmlər, dağ-xizək kurortu, dünyada mövcud olan palçıq vulkanlarının yarısı, duz gölləri, yanar dağlar, palçıqla müxtəlif cür özünəməxsus müalicə üsulları təklif edən cürbəcür sanatoriyalar maraq doğurur.

Biznes etmək üçün bura gələnlərin əksəriyyəti neft sənayesi ilə bağlıdır. Ölkə mükəmməllikdən uzaqdır, lakin yeni təəssüratlar axtaran səyyahlar üçün tamamilə başqa dəyərlər təklif edir.


Fransa mətbuatı: Azərbaycanın paytaxtı Bakı çox gözəl şəhərdir


Bakı "Eurovision-2012" müsabiqəsini şərh edən "Frans Press" agentliyi də yazır ki, Azərbaycanın paytaxtı Bakı çox gözəl şəhərdir: "Əgər kimsə Bakının dəbdəbəyə olan məhəbbətinə şübhə edirsə, arxaya boylanıb səmaya ucalan "Flame Towers"a baxsın. Binaların fasadından "Eurovision-2012"-nin rəmzləri və bayrağın təsvirləri non-stop sayrışır. Hələ neft buruğu şəklində və neon işıqlarına qərq olmuş saat qülləsindən danışmırıq".

Məqalənin müəllifi qeyd edir ki, Bakı "Eurovision-2012" Mahnı Müsabiqəsini möhtəşəm təşkil edib.

Ərəb mətbuatı: Qərbi Şərqlə birləşdirən körpü


Misirdə geniş oxunan "Əl-Məsəiyyə" qəzetində isə "Eurovison-2012" Mahnı Müsabiqəsini izləmək üçün dünyanın diqqəti Azərbaycanda" başlıqlı məqaləsi dərc olunub. Məqalədə Avropanın möhtəşəm mahnı müsabiqəsi olan "Eurovision"un tarixi barədə qısa məlumat verilərək, müsabiqənin ötənilki qalibinin Azərbaycan olduğunu, bununla da ölkəmizin 42 ölkənin iştirak etdiyi "Eurovision-2012" Mahnı Müsabiqəsinə ilk dəfə ev sahibliyi etmək hüququnu qazandığının oxucuların diqqətinə çatdırılıb. Məqalədə, həmçinin, gözəl paytaxtımız Bakıda bu yarışmanın yüksək səviyyədə və unudulmaz dərəcədə təşkil etdirilməsi məqsədi ilə görülmüş hərtərəfli işlərdən bəhs edilib.

Yekunda "Eurovision-2012" Mahnı Müsabiqəsinin ölkəmizə olan faydalarına toxunan qəzet bildirib ki, bu cür möhtəşəm tədbir Qərbi Şərqlə birləşdirən körpü rolu oynayan Azərbaycanın Avropada daha da tanınması baxımından böyük əhəmiyyət kəsb edir. Hər bir qonaq Azərbaycanın qədim mədəniyyəti, zəngin mətbəxi və gülərüz vətəndaşları ilə bilavasitə tanış olmaq fürsətini əldə etmişdir.

Məqalədə, həmçinin, Azərbaycanda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil edildiyi vurğulanıb.

Göründüyü kimi, Azərbaycanın qazandığı uğurlar, Bakı şəhərinin gözəlliyi və cəlbediciliyi, eyni zamanda, dünyanın 300 milyondan artıq insanını birləşdirən "Eurovision" Mahnı Müsabiqəsi bütün dünyanın diqqətindədir. Düşünürük ki, bu diqqət hələ uzun müddət qalacaq və yaddaşlarda yaşanacaq. Çünki bundan sonra nə qədər "Eurovision" keçirilsə də, Bakıdakı kimi möhtəşəmi olmayacaq.


"Səs" Analitik qrupu

Digər xəbərlər